booked.net

Şuşanın işğaldan azad edilməsi əməliyyatı dillərdə qəhrəmanlıq dastanına döndü


Rəşadətli Ordumuz böyük əzm, şücaət göstərərək qarşısında duran vəzifəni- torpaqlarımızı işğaldan, məkirli düşmənin tapdağından azad etmək vəzifəsini məharətlə yerinə yetirdi. Azərbaycan ordusu bir daha sübut etdi ki, 30 il böyük vəsaitlər xərcləyib istehkamlar quran, müasir silahlara sarılan düşməni qısa bir vaxtda, az itkilərlə diz çökdürməyə qadirdir. Bu tarixi Zəfəri Ali Baş Komandanımızın yüksək sərkərdəlik məharəti və Silahlı Qüvvələrimizin sıralarında xidmət edən və qəlbində vətənpərvərlik ruhu hakim olan əsgərinin, zabitinin, döyüşçüsünün sayəsində qazandıq. Vətən qarşısında şərəflə, qürurla xidmət edən əsgərlərimiz, zabitlərimiz bir an belə tərəddüd etmədən, qorxmadan, çəkinmədən doğma Azərbaycan uğrunda ölümə hazır idilər və məqamında canlarını fəda etməkdən bir an da olsun tərəddüd etmədilər.  
           Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistanın işğalçı qoşunlarını işğal edilmiş ərazilərdən, o cümlədən Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarmağa məcbur olması birmənalı olaraq Azərbaycan Ordusunun tarixi qələbəsidir. Bu, həm də 30 ildən çox müddətdə Vətən həsrəti ilə yaşayan insanların nisgilinə, habelə onların ümidsizliyinə son qoyulmasıdır.
          Azərbaycan əsgəri 2-ci Qarabağ savaşında yalnız silahla yox, həm də Vətən eşqi, Bayraq sevgisi ilə silahlanmışdı. Ürəklərində ən müqəddəs duyğu kimi "bitirdikləri" üçrəngli bayrağımızı öz əlləri ilə sancdılar işğaldan azad etdikləri torpaqlara. Zəfərə doğru bütün ruhu ilə yürüdü Azərbaycan əsgəri. Haqq etdiyi qələbəyə çatmaq üçün bütün çətinliklərə, müharibənin sözlə ifadəyə gəlməyəcək məşəqqətlərinə dözdü Azərbaycan əsgəri. 
           Vətən müharibəsi bir daha təsdiq etdi ki, ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil, onun qorxmaz, mərd, cəsur əsgəridir. "Öncə Vətəndir!" dedilər! Düşmənə qan uddurdu, şəhidlərimizin qisasını aldı, bizi doğma Qarabağımıza qovuşdurdu Azərbaycan əsgəri! 
         Azərbaycan Ordusunda aparılan ideoloji iş, mənəvi-psixoloji hazırlıq, şəxsi heyətdə yüksək əhval-ruhiyyə və ruh yüksəkliyini təmin etməyə yönəldilən hərbi vətənpərvərlik tədbirləri öz nəticəsini verdi. Şanlı Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızı düşməndən azad edərək ərazi bütövlüyümüzü təmin etdi.  
         Vətən müharibəsində əsgər və zabitlərimiz, doğrudan da aslan kimi vuruşdular. Azadlıq savaşında şəhid olmağı özlərinə müqəddəs arzu bildilər. 
         Azərbaycan Ordusu qısa zamanda düşmənin müdafiə mifini qıraraq, irəliləməyə nail oldu. Cənab Prezident hərbi əməliyyatlara beynəlxalq səviyyədə ola biləcək müdaxilə və maneələri aradan qaldırmaq üçün siyasi iradə göstərdi, bu riskləri minimuma endirməyə nail oldu. Ordumuzun 21-ci əsrin tələblərinə uyğun olan yeni müharibə üsulu seçdi.
            Yalnız bir fakt: Şuşanın işğaldan azad edilməsi əməliyyatı dillərdə dastana döndü- qəhrəmanlıq dastanına. Döyüşçülərimiz dözüm və peşəkarlığı ilə dünyanı heyrətə gətirdilər. 
           Ordumuzdakı döyüş hazırlığı, kadrların bilik və bacarıq potensialı üstünlüyümüzü təmin etdi. Hərbi ekspertlər hesab edirlər ki, Şuşa ilə bağlı hələ çox tədqiqatlar aparılacaq. Əlbəyaxa döyüşlər, yaşayış məntəqlərinin düşməndən təmizlənməsi, sıldırım qayalardan keçərək, Şuşaya daxil olma metodu böyük araşdırmalara səbəb olacaq. Ordumuzun bu möhtəşəm qələbədən sonra keyfiyyət baxımından daha da inkişaf edəcək.
44 günlük Vətən müharibəsi dünya müharibə tarixində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Ordusu 5-ci nəsl döyüş silahları ilə müharibənin müqəddəratını həll etdi. 
          Əgər Ermənistan 1990-cı illərin əvvəllərində silahsız və hazırlıqsız Azərbaycana qarşı mübarizə aparıb torpaqlarımızı işğal etmişdisə, bizim peşəkar ordumuz həm döyüşçülərin cəsarəti, həm də yeni hərbi texnologiyaların sayəsində cəmi 44 günə işğal altındakı torpaqları azad etdi.
Sözsüz ki, Azərbaycan Silahlı Qüvvələrinin güclənməsi yeni və ən müasir hərbi texnikalarla təchiz edilməsi davam edəcək. Bu istiqamətdə də Azərbaycan şaxələndirilmiş siyasət aparmaqdadır. Pakistanla artıq yeni saziş imzalanıb. Eyni zamanda İsrail və Türkiyə ilə bu sahədə əməkdaşlıq genişləndirilir. 
            Azərbaycan Ordusu hava hücumundan müdafiə sistemini daha da təkmilləşdirməkdə qərarlıdır. Bu sahədə yeni, müasir texnologiyalar  ordumuza inteqrasiya olunacaq. Xüsusilə, pilotsuz uçuş aparatlarına qarşı, yəni anti-dron sistemlərinin alınması, eləcə də onların Azərbaycanda istehsalı kimi layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin yeni nəsil silahların tətbiqi, yəni yeni pilotsuz uçuş aparatlarının, yeni aviasiya vasitələrinin alınması Azərbaycanın bölgədə üstünlüyünü saxlamasına gətirib çıxaracaq. 
          Artıq Azərbaycan Silahlı Qüvvələrində də bir Quru Qoşunları yaradılacaq. Bu istiqamətdə əməli-praktiki işlər aparılır. Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələri kimi, onun bənzəri şəklində təşkil edilməsi qərarı verilib. II Qarabağ müharibəsinin nəticələri göstərdi ki, Türkiyə ordusu modelində ordu qurmaqda fayda var. Buna görə də Azərbaycan belə bir qərar verib. 
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin möhkəm siyasi iradəsi, sərkərdəlik məharəti, diplomatik bacarıqları, dərin analitik təfəkkürə, xarici dillərdə sərbəst nitq mədəniyyətinə malik olması faktorları istənilən məqamda, xüsusən Vətən müharibəsi kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazandırdı. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə və tarixi Zəfərdən sonra Azərbaycan xalqına etdiyi müraciətlərdə, dünyanın müxtəlif ölkələrinin otuza yaxın aparıcı xəbər agentliklərinə Azərbaycan, türk, rus və ingilis dillərində verdiyi müsahibələrdə ifadə olunan aydın məntiq, sərrast cavablar, xalqımıza, ordumuza sarsılmaz inam, istənilən vəziyyətdə manevr etmə qabiliyyəti müharibənin taleyini həll etdi.  
          Vahid komandanlıq, bütün elementlərin düzgün kombinasiyası: kəşfiyyat, artilleriya, pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları- qələbədə ən mühüm rol oynadı. 
          Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında bir daha vurğuladı ki, Böyük Qələbədə bütün qoşun növlərinin öz payı var. 44 gün ərzində ərazilərin azad olunmasında xüsusi təyinatlıların böyük xidməti olub. Döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri də iştirak edirdilər. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi. Ordu korpusları da ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma endirilməsində əvəzsiz yer tutub. 
          Azərbaycanın Ordusunun işğal olunmuş ərazilərimizi azad etmək üçün keçirdiyi əməliyyatlarda qəhrəman əsgərlərimizlə yanaşı yeni nəsil döyüş alətləri də mühüm rol oynadı.
          Texnoloji yeniliklərin sürətlə inkişafda olduğu bir dövrdə müharibələrdə bu cür müasir silahlara malik olmadan uğurlu nəticə əldə etmək çox çətindir.
         Ordumuzun son döyüşlərində də Pilotsuz Uçuş Aparatlarından (PUA) geniş istifadə olundu. Düşmənin strateji nöqtlərinin koordinatlarının müəyyən edilməsi, zərbələr endirilməsi, hədəfin məhv edilməsinin videogörüntüsünün qeydə alınması və digər funksiyalaı ilə dronlar bizi qələbəyə daha çox yaxınlaşdırdı. 
Vətən müharibəsində “Bayraktar”ın qazandığı tarixi uğur əsrimizin səma fatehini beynəlxalq arenada da populyarlaşdırdı. 44 günlük müharibədə “Bayraktar TB2” PUA-larının döyüş meydanında sınaqdan uğurla çıxdı. 
             Bu aparatlar təkcə zərbə və kəşfiyyat funksiyalarını deyil, həm də atəşin təshih edilməsi funksiyalarını yerinə yetirirdi. Buna görə də bütün bu əməliyyatların kombinasiyası uğurla nəticələndi. 
         Strategiya hərb sənətinin tərkib hissəsi, onun ən mühüm sahəsi olmaqla, ölkənin və silahlı qüvvələrin müharibəyə hazırlığı, müharibənin planlaşdırılması və nəzəriyyəsi, həmçinin praktikası məsələlərini əhatə edir. Müharibənin qanunauyğunluqlarını tədqiq edir, strateji əməliyyatların hazırlığı və aparılması üsul və formalarını işləyib hazırlayır; cəbhələrin ordu və donanmaların hərbi məqsəd və vəzifələrini müəyyən edir, qüvvələri hərbi əməliyyat meydanları və strateji istiqamətlər üzrə bölüşdürür. 
         Strategiya, məqsədəuyğunluq, ümumi plan və düşmənə qarşıya qoyulan tədbirlərin mütəmadi olaraq həyata keçirilməsi yolu ilə müharibədə qələbə qazanmaq yoludur.
        Strateji planlaşdırma düzgün olmasaydı qələbənin qazanılması çox çətin olardı. 



Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff