booked.net

Azərbaycanı ucaldan və müstəqilliyə qovuşduran rəhbər


Azərbaycanı ucaldan və müstəqilliyə qovuşduran rəhbər




Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur!

Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri

Ulu öndər Heydər Əliyev böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan nadir tarixi şəxsiyyət, xalqın və ölkəmizin tarixində xüsusi rolu olan görkəmli dövlət xadimidir. Heç şübhəsiz, qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük dühalardan biridir. Ulu öndər fəaliyyəti ilə təkcə böyük şəxsiyyət olduğunu nümayiş etdirməyib, həm də malik olduğu qətiyyət və siyasi iradə sayəsində mənsub olduğu xalqı və qurduğu dövləti dünya miqyasında tanıda bilib.
Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə, respublikamız son illər bütün dünyada lider mövqeyə yüksəlib.
Azərbaycan müstəqillik qazandıqdan sonra həyatımızın bütün sahələrində olduğu kimi, hüquq sahəsində də islahatların həyata keçirilməsi, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşması, daha mütərəqqi və demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının yaradılması günün tələbinə uyğun meydana çıxdı. Bu istiqamətdə sistemli işlərə 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə respublika rəhbərliyinə yenidən qayıtdıqdan sonra başlanmışdır.
Ümummilli lder Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuş, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesinin yeni mərhələsi başlanmışdır. Qısa zamanda müdrik rəhbərin dərin məntiqinin, silinməz dəst-xəttinin, zəngin siyasi təcrübəsinin və
işıqlı zəkasının ən böyük bəhrələrindən biri olan Konstitusiya layihəsi hazırlanmış və geniş ictimai müzakirələrdən keçərək 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuşdur. Yeni Konstitusiya Azərbaycanda dövlət quruculuğu sahəsində fundamental islahatlara yol açmışdır.
Bildiyimiz kimi 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının müstəqilliyinin elan edildiyi gün Ədliyyə Nazirliyi yaranmış və həmin ilin noyabrın 22-də Ədliyyə Nazliyinin Əsasnaməsi təsdiq edilmişdir. Ədliyyə Nazirliyinin yenidən yaradılması yalnız Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 1970-ci ilin 27 oktyabrında Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş və bununla da Azərbaycan Ədliyyə tarixində yeni mərhələ başlanmış, ədliyyə işi təkminləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.
Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədi ilə ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli 566 nömrəli sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı kimi müəyyən olunmuşdur.
Ulu öndərin gərgin fəaliyyəti nəticəsində ölkəmizin bu günü və gələcəyi naminə son dərəcə vacib və əhəmiyyətli, habelə hüquq sisteminin mahiyyətini müəyyən edən tam yeni mütərəqqi qanunlar, o cümlədən “Konstitusiya Məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat- axtarışı fəaliyyəti haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında “ və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edilmişdir.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Biz özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin canlı şahidləri olduq. Gələcək nəsillərin keçmişə boylananda hər zaman böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidlərinə çevrildik. Eyni zamanda, haqq davamızın nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür. Tam əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir, Azərbaycan xalqını daha böyük qələbələrə aparır.

Cavid Məmmədyarov
Şamaxı rayon İcra və Probasiya Şöbəsinin rəisi


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff