booked.net

Azərbaycan iqtisadiyyatında mühüm hadisələr


        Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə və ixtisaslaşmanın artırılmasına xüsusi diqqət yetirilir- burda əsas məqsəd, qeyri–neft sektorunda daha çox dəyərin yaradılması əsasında gəlirlərin məbləğinin artırılması və ədalətli bölgüsünün aparılmasıdır. Son illər neftdən əldə edilmiş gəlirlər əhalinin məşğulluq səviyyəsini artırıb. Bununla belə, neft sektorunda əməyin intensivliyi zəif olduğu üçün bu sektora birbaşa cəlb edilmiş işçilərin sayı ümumi işçi qüvvəsinin sayından çox azdır və bu da iqtisadi inkişafa mənfi təsir göstərir.  Təbii ehtiyatlardan əldə edilmiş gəlirlər dövlət sektorunda və tikinti sahəsində məşğulluq səviyyəsini artırmışdır. 
        Fərəhli haldır ki, son illər infrastrukturun inkişafı və biznes mühitinin təkmilləşdirilməsi sayəsində daxili və xarici mənbələr hesabına ölkə iqtisadiyyatına daha çox investisiya cəlb edilir, bir sıra ticari mal və xidmət sektorunda yeni iş yerləri yaradılır. Bu zaman işçi qüvvəsinin peşəkarlığının yüksəldilməsinə və yeni iqtisadi çağırışlara uyğunlaşdırılmasına xüsusi diqqət yetirilir. Ticarət infrastrukturunun yaxşılaşdırılması və ticarət açıqlığının gücləndirilməsi daxili bazarların qorunması siyasəti ilə elə uzlaşdırılması sayəsində təbii ehtiyatlardan daha səmərəli istifadə edilir. İnkişafın davamlılığının artırılması üçün ölkə iqtisadiyyatının, dövlət büdcəsinin və məzənnənin neftdən asılılığının azaldılması istiqamətində məqsədyönlü işlər görülür.  
          Qarşıdakı illərdə yaxşı idarəetmə əsasında makroiqtisadi sabitliyi yaxşılaşdırmaq təmin etmək, iqtisadiyyatın strukturunu təkmilləşdirmək, məşğulluğu artırmaq, tarazlaşdırılmış regional inkişafı təmin etmək, biznes mühitini və özəl sektorun iştirakçılığını gücləndirmək planlaşdırılır. Azərbaycan Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəflərə nail olmuş və Birləşmiş Millətlər Təşkilatının 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur. Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin olunması üçün səmərəli milli icra mexanizmi yaradılacaqdır. 
          Yaxın perspektivdə, həmçinin ölkəmizdə özəl sektorun fəallığını yüksəltmək üçün həyata keçirilən mövcud təşəbbüsləri dəstəkləmək, dövlət müəssisələrinin səmərəliliyini artırmaq və biznes mühitini yaxşılaşdırmaqla, birbaşa xarici investisiyaların cəlbini stimullaşdırmaq hədəflənir.
Obyektiv yanaşma və dolğun məlumatlar iqtisadiyyat sahəsində əldə olunan nəticələrin adekvat qiymətləndirilməsinə xidmət edir. 
            İqtisadiyyatın təhlili və inkişaf meyllərini müəyyən etmək üçün ilk növbədə makroiqtisadiyyat, pul və məzənnə siyasəti, valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində baş vermiş dəyişikliklərə diqqət artırılacaq. Bununla da Azərbaycan iqtisadiyyatının şəffaflığı və sahənin liberallaşması, eləcə də milli iqtisadiyyatın stratifikasiyası davamlı inkişafını təmin edəcək.  
          Müştəri məmnuniyyəti dövlətin iqtisadiyyat sahəsindəki fəaliyyətinin əsas prioritetlərindən biridir. 
         Müasir dövrdə ölkədə sənayeləşmə prosesinin sürətləndirilməsində müvafiq marketinq tədbirlərinin görülməsi və onların tətbiq olunacağı fəaliyyət sahələrinin genişləndirilməsi mühüm rol oynayır. Sənaye bazarlarında istehsalçıların fərqləndirilmiş məhsul təqdim etmə səyləri, texnoloji inkişaflar, müştərilərin məlumat səviyyələrinin artması, beynəlxalq rəqabət markalaşmaya verilən əhəmiyyətin artmasına səbəb olan amillərdir. Markalaşma fəaliyyətləri ilə güclü bir markaya sahib olmaq istəyən sənaye müəssisələri bazara yüksək qiymətdə məhsullar təqdim edə bilmək, marka yayma strategiyalarını dəstəkləmək, müştəri məmnuniyyətini artırmaq, alıcılarında güvən duyğusu oyandırmaq vasitəsi ilə müəssisələrin markaya daha çox maraq göstərməsini təmin etmək və paylama kanalı üzvləri üzərindəki güclərini artırmaq kimi üstünlüklərə sahib olmaqdadırlar. Əgər biz rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalı üzrə marketinq strategiyası hazırlamasaq ölkə iqtisadiyyatında dərin yenidənqurma işlərinin aparılmasını təmin edə bilmərik və bununla da xarici firmalarla rəqabətdə passiv obyektə çevrilə bilərik. Bu baxımdan yanaşdıqda aydın olur ki, milli iqtisadiyyatın digər sahələrində oldugu kimi sənayə sahəsində də marketinq tədbirlərinin görülməsi vacibdir.
Dövriyyədə olan milli pul nişanlarının tədavülə buraxılmasından 14 il keçir və bu dövrdə pul nişanlarımız öz estetik görünüşünə, konseptual mövzusuna və mühafizə sistemlərinə görə özünəməxsusluğu ilə seçilib.
          Beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır. Azərbaycan Mərkəzi Bankı (AMB) da beynəlxalq təcrübəni nəzərə alaraq, Azərbaycan hökumətinin qərarları əsasında pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın müasirləşdirilməsinə başlayıb və bu çərçivədə 2018-2019-cu illərdə 200 manatlıq yeni pul nişanını tədavülə buraxıb, 10 manatlıq pul nişanının isə mühafizə sistemlərini təkmilləşdirib.
            Hazırda Mərkəzi Bank tərəfindən 1, 5 və 50 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib.
           Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 1, 5 və 50 manatlıq pul nişanlarının 2021-ci il yanvarın 1-dən tədavülə buraxılmasını elan edir. Hazırda tədavüldə olan 1, 5 və 50 manatlıq pul nişanları yenilənmiş pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək. Bununla da yenilənmiş pul nişanlarımız özünün bədii estetik görünüşünə və mühafizə səviyyəsinə görə beynəlxalq təcrübədə ən təhlükəsiz banknotlar sinfində qalmaqda davam edəcək. Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarında ən son mühafizə elementləri olaraq “RollingStar Lead” holoqramı (3D effektində hərəkət edən, rəngi dəyişən), möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan və rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və sair tətbiq olunub. Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
 Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".
             2019-cu ildə Türkiyə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 4.5 milyard dollar təşkil etməklə 14% yer tutub. 2020-ci ildə Azərbaycan və Türkiyə liderlərinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasındakı çıxışında bu rəqəmin 15 milyard dollara çatdırılmasının hədəfləndiyi qeyd edilib. Ölkələr, bu hədəfə nail olmaq üçün bir sıra sazişlər imzalayıb. Bunlardan biri 1 iyul 2020-ci il tarixində təsdiq edilən iki hökumət arasında Preferensial Ticarət Sazişidir. Sazişdən əvvəl Türkiyə Azərbaycan bazarında yüksək tariflər və kvotalar nəticəsində azad ticarət sazişinin üstünlüklərindən yararlanan MDB ölkələri ilə qiymət rəqabətində uduzur və Azərbaycanla xarici ticarətində mövcud potensialından daha aşağı nəticə göstərirdi. Bu saziş, 15 mal qrupunda tariflərin azaldılması, qeyri-tarif maneələrinin aradan qaldırılması ilə iki ölkə arasında xarici ticarət dövriyyəsini artıracaq və ölkələrin qoyduqları xarici ticarət dövriyyəsi hədəfinə çatmaqların imkan veəcək.
Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə əməkdaşlığın  iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində də yeni perspektivləri meydana çıxır. Cari ilin 29 may tarixində Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman bir daha əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirmişdir.
İdarəetmə infrastrukturunun təkmilləşdirilməsi və maddi-texniki bazanın müasirləşdirilməsi dövlətin inkişafından xəbər verən əsas göstəricilərindəndir. 
Son illərdə Bakıda müasir üslubda tikilmiş hündürmərtəbəli binalar sırasına daha biri əlavə olundu. Ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektdə yerləşən İqtisadiyyat Nazirliyinin yeni inzibati binası müasir memarlığı ilə diqqəti cəlb edir. Yeni inzibati binada 772 əməkdaşın rahat və səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada müasir multimedia vasitələri ilə təchiz olunmuş, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, həmçinin iş, iclas otaqları yaradılıb. 
          Mayın 29-da İqtisadiyyat Nazirliyinin yeni inzibati binası istifadəyə verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak etdi.
        İqtisadiyyat Nazirliyinin yeni inzibati binası geniş quruculuq meydanına çevrilən, dünyanın ən gözəl və müasir şəhərlərindən biri olan Bakının memarlığı, müasirliyi ilə harmoniya təşkil edərək paytaxtımızı daha da gözəlləşdirir.
Nazirliyin yeni binasının açılışı, həm də Azərbaycanın regionun lider ölkəsi statusunun növbəti təsdiqidir.



Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff