booked.net

Şamaxıda səyyar klinikalar fəaliyyətə başlayır


         Səyyar klinikaların fəaliyyəti rayon sakinlərinə ilkin səhiyyə xidmətinin gücləndirilməsi məqsədi daşıyır. 
         Xatırladaq ki, hələ ötən il dekabrın 25-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi Şamaxı rayonunda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi imkanlarının öyrənilməsi məqsədilə missiya keçirmişdi. Nümayəndəlik bildirmişdi ki, missiya ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ÜST-nin Sağlam Həyat naminə Qlobal Fəaliyyət Planı tərəfindən maliyyələşdirilən “COVID-19 pandemiyası zamanı artıq ölüm hallarının qarşısının alınması - PROACT-QAYĞI” layihəsi çərçivəsində baş tutub. “PROACT-QAYĞI” layihəsi COVID-19 kontekstində vacib səhiyyə xidmətlərinin göstərilməsində yarana biləcək kəsintilərin qarşısını almaq üçün ilkin səhiyyə sisteminin gücləndirilməsi məqsədi daşıyır.
           Həmin vaxt Missiya çərçivəsində ilkin səhiyyə xidmətlərindən istifadənin hazırkı vəziyyətini öyrənməyin ilkin addımı kimi yerli əhali ilə 6 fokus qrup müzakirəsi keçirimişdi. Şamaxı şəhəri, Əhmədli və Qəleybuğurd kəndlərində keçirilmiş bu müzakirələrdə 40-dan çox yerli əhali iştirak etmişdi.  
Bu günlərdə isə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin, Şamaxı Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Heydər Əliyev Fondu və UNICEF-lə tərəfdaşlığı ilə həyata keçirilən “PROACT-Care” layihəsi çərçivəsində ilkin səhiyyə xidmətlərini daha əlçatan etmək və Şamaxı rayonunun xüsusi ehtiyacı olan kəndlərində fəaliyyət göstərmək üçün 3 ədəd səyyar sağlamlıq klinikası (mobil klinika) və 2 ədəd yüksək keçid qabiliyyətinə malik avtomobil rayona gətirilərək TƏBİB-ə təhvil verilib. 
           Səyyar klinikalar vasitəsilə bu ərazilərdə qeyri-infeksiyon xəstəliklərin vaxtında diaqnozu və nəzarətdə saxlanılması, daha yaxşı ana və uşaq sağlamlığı və infeksiyaların profilaktikası və nəzarəti xidmətlərinin göstərilməsi mümkün olacaq. 
           ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Böyük Britaniyanın Bakıdakı Səfirliyi və UHC-Əməkdaşlıq Təşəbbüsünün (ÜST-nin tərəfdaşları ilə ortaq layihəsi) maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi Şamaxı rayonunda əlçatan, keyfiyyətli, hərtərəfli ilkin səhiyyə xidməti modeli yaratmaqdır. Layihə, eyni zamanda, icmaların daha sağlam həyat sürmələrini və öz sağlamlıqlarına qayğı göstərmələrini dəstəkləyəcək. 
            Şamaxının  Dəmirçi kəndində keçirilən təhvil-təslim mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov son illər ölkədə səhiyyə sahəsində aparılan islahatlardan söhbət açaraq bütün bölgələrlə yanaşı Şamaxıda da bu istiqamətdə bir çox işlərin görüldüyünü qeyd etdi. Görülmüş işlərlə yanaşı bu layihənin həyata keçirilməsi nəticəsində rayonda, xüsusilə ucqar kəndlərdə, yaşayan sakinlərə göstəriləcək ilkin səhiyyə xidmətinin keyfiyyətinin yaxşılaşdırılacağının əhəmiyyətini vurğuladı. 
          ÜST-nin Azərbaycandakı Nümayəndəsi Dr.Hande Harmancı  vurğulamışdır ki, “PROACT-Care” layihəsi ÜST-nin Azərbaycan Nümyəndəliyinin yerli və beynəlxalq tərəfdaşları və donorları ilə birgə hərtərəfli komanda işinin nəticəsidir. Onun sözlərinə görə, səyyar klinikalar təkcə istənilən dayanıqlı səhiyyə sisteminin əsas komponentlərindən olan ilkin səhiyyənin gücləndirilməsinə xidmət etməyəcək, həm də Şamaxıda COVID-19-a qarşı mübarizədə yardımçı olacaq.
                Tədbirdə digər çıxış edən Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Rəhim Əliyev, TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və Milli Məclisin deputatı Soltan Məmmədov bu kimi layihələrin əhəmiyyətindən geniş söhbət açaraq əhalinin sağlamlığı və ilkin səhiiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində gələcəkdə də qarşılıqlı formada fəaliyyətlərinin davam etdirəcəklərini bildirmişlər.
             Təhvil-təslim mərasimindən sonra ÜST-nin Şamaxı şəhərində fəaliyyət göstərən təlim mərkəzini ziyarət edən iştirakçılara layihə çərçivəsində həyata keçirilməkdə olan və planlaşdırılan digər tədbirlər barədə məlumat verilib.  Qeyd edək ki, layihə çərçivəsində Şamaxıda yaradılacaq ilkin səhiyyə xidməti modeli gələcəkdə genişləndirilərək bütün ölkədə tətbiq edilmə potensialına malik olacaq.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff