booked.net

PEYVƏNDLƏNMƏ SOSİAL MƏSULİYYƏTDİR


Ölkəmizdə pandemiyanın elan edildiyi vaxtdan bu günə qədər onunla ciddi, ardıcıl və məqsədyönlü mübarizə aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş çoxşaxəli qabaqlayıcı tədbirlər, pandemiyanın iqtisadiyyata vurduğu zərbələr fonunda ölkəmizi gözəgörünməz düşmənin ilk həmlələrindən xilas edə bilmişdir. 2020-ci il 27 fevral tarixindən COVID-19 xəstəliyinin qarşısının alınması üçün SARS-CoV-2 virusu pandemiyasının törətdiyi təhlükəyə qarşı yönəldilmiş profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Bununla yanaşı pandemiya elan olunan gündən karantin rejimi tətbiq olunmaqla yanaşı dövlət səhiyyə sisteminin imkanlarının gücləndirilməsi, yeni modul tipli klinikaların istismara verilməsi, səhiyyə işçilərinin əmək haqqlarının artırılması, özəl klinikaların əksepidemik tədbirlərə cəlb olunması bu xəstəliyin müalicəsində lazımi dərman vasitələri ilə, avadanlıqlarla və qoruyucu vasitələrlə təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir və immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur.
Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Pandemiya təhlükəsi başlayanda dövlət vacib addımlar atdı. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi.
Dövlətimizin bu istqamətdə atdığı hər bir addım insanlarımızın pandemiyadan maksimum dərəcədə qorunmasıdır. Xatırladaq ki, Cənab Prezident İlham Əliyevin hələ ötən il martın 19-da imzaladığı fərmanla “Koronavirusla Mübarizəyə Dəstək Fondu” yaradılmışdı. Fondun yaradılmasında məqsəd Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarət olmuşdur. Fonda daxil olan vəsaitdən istifadə qaydaları koronavirusa qarşı mübarizədə tibb sahəsində işləyən işçilərin mükafatlandırılması və onlara maddi yardımın göstərilməsinə, tibb müəssisələrinin infrastukturunun gücləndirilməsinə, onların maddi texniki bazasının təkminləşdirilməsinə, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində mütəxəssislərin hazırlanması, təbliğat və maarifləndirmə işlərinin aparılmasına və s. yönəlmişdir.
Vaksin preparatlarının seçimində əsas meyar vaksin preparatlarının təhlükəsizliyi, vaksin preparatlarının effektivliyidir. Vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan mütləq texniki şərtlər kimi “Soyuq zəncir” şəraiti - vaksinlərin ölkəyə gətirilməsi, saxlanılması və məntəqələrə çatdırılması üçün tələb olunan xüsusi infrastrukturun qurulması, məlumat bazası - COVID-19 vaksinasiyası üzrə genişməqsədli vahid məlumat bazasının (məs. e-Təbib üzərindən) hazırlanması və digər müvafiq məlumat bazaları ilə inteqrasiya edilməsi və məlumat bazasında toplanılan bütün məlumatların təhlil edilməsi, vaksinasiya məntəqələrinin şəraiti – məntəqələrin tələb olunan ləvazimatlarla təmin olunması, heyətin təlimləndirilməsi və digər hazırlıq tədbirlərinin həyata keçirilməsi, pasportlaşdırma - yekun tövsiyələrə əsasən peyvənd olunmuş şəxslərin cari qeydiyyatı və müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyaclarının qarşılanmasını qeyd etmək olar.
Qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradılır. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki,
koronavirusa yoluxan xəstələrin mütləq əkssəriyyəti tibbi müəssisələrdə müalicə alır.
“İmmunitet sertifikatı” koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PCR testi vermiş, nəticəsi pozitiv çıxmış, rəsmi qeydiyyata düşmüş və sağalmış şəxslər “İmmunitet sertifikatı” əldə edə bilərlər. Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 ay qəbul edilib. “İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 2021-ci il 2 iyul tarixindən sonra 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır. 2021-ci il 2 iyul tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.
“Peyvənd sertifikatı” COVID-19 xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “randevu.its.gov.az” saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizmi üzərində işləyir. Hazırda Azərbaycanda 4 istehsalçının vaksini tətbiq olunur.
“Peyvənd sertifikatı” müddətsizdir. Dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddətinin müəyyən olunması istiqamətində elmi tədqiqatlar davam etdirilir. Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq. 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza
haqqında məlumat əks olunacaq. 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster/qüvvətləndirici) vaksin vurulması məqsədəuyğun hesab olunur. Qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bununla da ilk növbədə hamilə qadınlar, süd verən analar və yaşı 18-dən aşağı olan şəxslər, eləcə də bütün cəmiyyət qorunmuş olar.
Peyvəndlənmə fərdin sosial məsuliyyətidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Çünki vaksinasiya pandemiyadan xilas olmağın yeganə yoludur. Çünki vaksinasiya ilə həyat canlanacaq, insanların gündəlik həyatında sosial aktivlik artacaq. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Xüsusilə də, vaksinasiya ilə səhiyyəyə düşən yük azalacaq. Həkimlər öz gücünü və səylərini digər xəstəliklərin müalicəsinə yönəldə biləcəklər. Nəticədə səhiyyə xidmətlərinin keyfiyyəti artmış olacaq. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektli və iqtisadi cəhətdən ən əlverişlisi vaksinasiyadır.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff