booked.net

Prezident İlham Əliyev 2021-ci il 2 oktyabr tarixində İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.


Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır.

Oktyabrın 2-də Prezident İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi bir çox məqamlarla diqqəti özünə çəkir. BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün müharibə bitəndən sonra birinci dəfə baş verməsindən, Azərbaycanın sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olmasından və qarşı tərəfdən uzun müddətdir ki, buna cavab gözləməsindən bəhs edən Prezident İlham Əliyev bildirmişdir ki, mövqeyimiz müharibə bitəndən sonra dəyişməz olaraq qalır.
“Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik. Biz dərhal sərhədlərimizin delimitasiyasına və əlbəttə ki, bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırıq. Həmçinin biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik.”
Dövlət başçısı Ermənistanın baş naziri Paşinyanla görüş haqda sualıda cavablandırıb.” Mən hazıram və mövqeyimi artıq ifadə etdim. Ermənistan tərəfi hazırdırsa, mən də hazıram. Bizim bir görüşümüz olmuşdur və o, Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında bu ilin əvvəlində üçtərəfli formatda keçirilmişdir. Mən cənab Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram. Beləliklə, mən bu müzakirələrə açığam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər. Bu, çox vacibdir. Çünki biz hələ də Ermənistan siyasi isteblişmentində revanşizm cəhdlərini nümayiş etdirən bəyanatları, tarixən və beynəlxalq hüquq əsasında bizə məxsus olan əraziləri təkrar ələ keçirmək üçün gələcək planların qurulması cəhdlərini görür və eşidirik. Buna görə, Ermənistan hökumətinin iradəsi, ciddi iradəsi, təkcə sözlər, bəyanatlar yox, əməllər müharibənin bitməsini və bizim sülh dövrünə doğru irəlilədiyimizi nümayiş etdirəcək”
Dövlət başçısı bildiribki, Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə verməyə hazır idik. Lakin bu mövqeyi Ermənistan tərəfi həmişə rədd etmişdir və onlar həmişə “Dağlıq Qarabağ” adlandırdıqları ərazi üçün müstəqillik tələb edirdilər. Lakin bu gün, müharibə bitəndən və münaqişə öz həllini tapdıqdan sonra bu, təkcə mənim mövqeyim deyil, bu, dünyanın, beynəlxalq ictimaiyyətin əksər hissəsinin mövqeyidir ki, artıq mövcud olmayan “qurumun” statusu haqqında danışmağın yeri yoxdur. “Çünki Dağlıq Qarabağ mövcud deyil. Bizim ərazimizdə belə inzibati vahid yoxdur. Bu il iyulun 7-də mən Azərbaycanın iqtisadi zonalarının yeni konfiqurasiyası ilə bağlı Fərman imzaladım. Biz iki iqtisadi zona - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq və onlar bütün bu ərazini əhatə edir. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə - Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır.”
Mina xəritələrindəndə danışan dövlət başçısı bildirib ki, bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bizə dəqiq xəritələr təqdim etsin. Həmin xəritələrdə minalanmış ərazilər yox, - onsuz da onlar hər yerə mina basdırıblar, - minaların dəqiq yerləri göstərilsin. Belə xəritələr onlarda var. Bunu etsələr, xoş niyyət nümayiş etdirsələr, biz buna adekvat cavab verəcəyik.
Dövlət başçısı həmçinin müharibə bitdikdən sonra Türkiyə o cümlədən Rusiyanın gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynadığını vurğulayıb. “Azərbaycan ilə Ermənistan arasında güclər balansı hələ xeyli il bundan əvvəl dəyişdi. Biz öz potensialımızı, Ermənistanın potensialını bilirdik. Ola bilsin, erməni hökuməti Azərbaycan qarşısında şanssız olduğunu, əraziləri dinc yolla boşaltmadığı təqdirdə ciddi çətinliklərlə üzləşəcəyini real şəkildə qiymətləndirə bilmədi. Düşünürəm ki, bu gün Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, – yeri gəlmişkən, onlardan biri Ermənistanın qonşusudur, – sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar. Yəqin bilirsiniz, bu yaxınlarda iki ölkə prezidentlərinin görüşü oldu. Digər məsələlərlə yanaşı, onlar Ermənistanla Azərbaycan arasında vəziyyəti müzakirə etdilər. Biz hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Fikrimcə, bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir.”
Qarşılıqlı ticarəti gücləndirsək, müsbət dinamikaya diqqət yetirsək, regiyonumuz sabitlik və sülh regionuna çeviriləcək. “Biz “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyə Prezidentinin təklifini dəstəklədik. Ermənistan hələ ki, cavab verməyib. Görürsünüz, Ermənistan yenə də qeyri-konstruktiv mövqe sərgiləyir. Lakin, biz bu təklifi tam dəstəkləyirik. Bu, nəinki müharibədən sonrakı məsələlərə, eləcə də, ümumiyyətlə, bizim bölgədə regional inkişafa xidmət edəcək. Çünki əgər biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatını yaratmağa müvəffəq olsaq, bu, hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq. Bu, regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək. Təkcə, Azərbaycanın güclü təşviq etdiyi kommunikasiyaların açılması sayəsində biz region ölkələri arasında dərhal ticarət dövriyyəsini artıra, on minlərlə iş yeri aça bilərik. Bu, yalnız kommunikasiyaların açılması sayəsində olacaq. Bununla belə, qarşılıqlı ticarəti gücləndirsək, müsbət dinamikaya diqqət yetirsək, regionumuz gərginlik məkanından sabitlik və sülh regionuna çevriləcək.”
Azərbaycan artıq münasibətlərdə yeni səhifə açıb və bu səhifəni yeni əməkdaşlıq formatları fonunda daha zəngin və faydalı etməyə səy göstərir. Bunun üçün əsas olan Azərbaycan tərəfinin irəli sürdüyü sülh müqaviləsinin Ermənistan tərəfindən imzalanmasına dünya güclərinin dəstək göstərməsidir.
Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi və biz belə təşəbbüsləri dəstəkləyirik. Lakin, bildiyimə görə, Ermənistan tərəddüd edir. Ermənistan Avropa İttifaqının təklifini qəbul edib-etməyəcəyi ilə bağlı qərar verməyib. Azərbaycanın mövqeyi isə olduqca açıqdır. Biz işləməyə hazırıq və müxtəlif səviyyəli dövlət rəsmilərimiz Avropa İttifaqı ilə təmasdadırlar. Avropa İttifaqı bizə delimitasiya, kommunikasiyaların açılması və postmüharibə dövründə inkişaf məsələlərində yardım edə bilər. Biz, həmçinin Avropa İttifaqı ilə iqtisadi yardım məsələsi ətrafında müzakirələr aparırıq. Bizə məlumdur ki, Avropa İttifaqı Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Bu proses artıq başa çatmış da ola bilər. Əlbəttə, bizim gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit – burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var. Bu səbəbdən biz, əlbəttə ki, həmin iqtisadi yardım paketinin qeyri-balanslı olmasına dair öz narahatlığımızı ifadə etdik. Hazırda biz Avropa İttifaqı ilə təmaslarımızı davam etdiririk və onlardan bizə iqtisadi dəstəklə əlaqədar təklif gözləyirik. Avropa İttifaqı çox iş görə bilər. Biz bu imkanlardan istifadə etməyə hazırıq və Avropa İttifaqına dürüst vasitəçi kimi etibar edirik.
Prezident Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatlarının 2,6 trilyon kubmetr olduğunu xatırladaraq, Avropa istehlakçılarından əlavə təlabat olarsa danışıqların başlana biləcəyinidə qeyd edib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff