booked.net

Şamaxı şəhidlərinə həsr olunmuş "Zəfər Yolçuları" kitabının təqdimatı keçirildi


...Şamaxı ictimaiyyətinin həyatında əlamətdar gün idi. Şamaxı rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyəti və Milli Məclisin deputatı Tamam Cəfərovanın təşəbbüsü ilə hazırlanmış "Zəfər Yolçuları" kitabının təqdimat mərasiminə toplaşan iştirakçıların baxışlarından duyduğum hüznlü notlara qarışan qüruru da sezmək çətin deyildi. Və bundan sevindim. Xalqımızın 30 illik həsrətinə son qoyan möhtəşəm Zəfərin Yolçularını anmaqdan, onların adlarının kitab yaddaşına köçürülməsindən fərəh hissi keçirmək haqqımızdır axı...

Zəfər Yolçularının Şəhidlik zirvəsində ruhlarının şad olduğuna zərrə qədər də şübhəm yoxdur. Qəhrəmanlarımızın tədbirdə iştirak edən doğmaları ən böyük ehtirama layiqdirlər. Şəhidlərimizə olan minnətdarlıq duyğumuz, onların valideynlərinə ehtiramımız hər zaman yüksək olacaq.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, şəhid ailələləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Şamaxıdan olan şəhidlərimizin xatirəsinə həsr olunmuş kitabın təqdimat videoçarxı nümayiş olundu.

RİH-nin başçısı Tahir Məmmədov tədbirdə çıxış edərək vətənimizin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğundan, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı.
Rayon rəhbəri şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən geniş söz açdı, "Zəfər Yolçuları" kitabının da bu istiqamətdə görülmüş işlərin bir hissəsi olduğunu vurğuladı.

Millət vəkili Tamam Cəfərova çıxışında istər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində qəhrəmancasına şəhid olmuş həmvətənlərimizin hər bir azərbaycanlının ürəyində əbədi yaşayacağını bildirdi, onların cəsarət, qəhrəmanlıq simvolları olduqlarını, vətən, millət qarşısında böyük işlər gördüklərini qeyd etdi. Millət vəkili "Zəfər Yolçuları" kitabının yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və inkişafı üçün çox əhəmiyyətli olduğunu söylədi.

Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi Hacı Mərəhməd Mustafayev də Şamaxı şəhidləri haqqında kitabın ərsəyə gəlməsinin çox faydalı iş olduğunu söylədilər.

Öz növbəsində kitabı nəşr edəm "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzinin rəhbəri Vasif Qurbanzadə, kitabın redaktoru Rəfail Tağızadə də çıxışılarında bügünkü tədbiri özlərinin də həyatında unudulmaz gün kimi qiymətləndirdilər. Qeyd etdilər ki, "Zəfər Yolçuları" haqqında belə bir toplu ilə indiki vaxtda- Qələbəmizin ildönümündə oxucuların görüşünə gəlmək onları mənəvi cəhətdən çox sevindirdi.

Kitabın tərtibçisi kimi mən də söz aldım. Şəhid ailəlləri ilə, onların doğmaları, yaxınları ilə görüş zamanı keçirdiyim duyğuları tədbir iştirakçıları ilə bölüşdüm. "Zəfər Yolçuları"nın Qələbənin ildönümündə hazır olması mənim də ən böyük arzum idi. Düşüncələrimi bölüşə-bölüşə gözlərim salonda- şəhid valideynlərini bir-bir axtarıb, sevincimi ən əvvəl onlarla bölüşmək istəyirdim. Qarşılığında rastlaşdığım doğma, bir qədər də minnətdarlıq dolu baxışlar məndə qəribə hisslər oyadırdı. Ürəyimdə bir əminlik vardı ki, onların qəhrəman övladları haqqında topladıqlarım məlumatlar, hazırladığım yazılar bu mərd, hər cür ehtiram və hörmətə layiq olan insanlara daha bir təsəlli olacaq. Demək ki, həmin vaxt mən də özümdə daxili rahatlıq tapacam.

Şəhid valideynləri Güllü Babaşova, Rza Nəbiyev çıxış edərək kitabın əhəmiyyətindən danışdılar, qəhrəmanlarımızın gənclərə, gələcək nəsillərə tanıdılması üçün çox böyük qəhrəmanlıq toplusu olduğunu qeyd etdilər.
Məlumat üçün bildirim ki, "Zəfər Yolçuları" kitabında ölkəmizin müstəqilliyi, torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyü uğrunda bugünədək Şamaxı rayonundan olan 130 şəhid haqqında geniş məlumat yer alıb.
Tədbirin sonunda "Zəfər Yolçuları" kitabı şəhid ailələrinə təqdim olundu.

.....Şəhid valideynləri kitabı vərəqlədikcə həyəcan dolu çöhrələri diqqətimdən qaçmırdı. Haqqında söz açılan hər şəhidin şəklinə, adına, soyadına elə doğmalıqla baxırdılar ki, onları da öz övladları bilirdilər. Belə anlarda istər-istəməz onların ürəyinin genişliyinə, böyüklüyünə bir daha heyran qalırdım. Düşünürdüm ki, Vətənə qəhrəman oğulları yalnız belə mərd insanlar yetirə bilər.

...Məqam düşən kimi şəhidlərimizdən bəzilərinin ürək sözlərini, kitab haqqında ilkin düşüncələrini öyrənmək istədim.
Vətən müharibəsi şəhidi Əliyev Rauf İlyas oğlunun anası Səbinə xanım dedi ki, övlad acısı çox ağırdır. Amma Raufun Vətən yolunda, torpaqlarımızın azadlığı uğrunda döyüşdüyü, bu yolda canından keçdiyi üçün oğlumla fəxr edirəm.
Xatırladım ki, Rauf İlyasov 2020-ci il sentyabrın 30-da şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Əliyev Rauf İlyas oğlu (ölümündən sonra) “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Birinci Qarabağ müharibəsində şəhid olmuş Hüseynov Elşən Firidun oğlunun qardaşı Ceyhun Hüseynov da tədbirdə çıxış etdi. O, "Zəfər Yolçuları" kitabının nəşr olunmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirdi.
Elşən Firidun oğlu Hüseynovun təhsil aldığı Şamaxı şəhər 2 saylı tam orta məktəbi indi qəhrəmanımızın adını daşıyır.

Birinci Qarabağ savaşında şəhid olmuş Həbibov Elnur Paşa oğlunun bacısı Əzikə xanım dedi ki, belə bir kitabın tərtib olunması şəhid ailələrinə böyük diqqətin nümunəsidir. Bu, həm də bizə böyük təsəllidir.

44 günlük Vətən müharibəsində şəhid olmuş Heydərov Sabirin atası Ceyhun Heydərov Birinci Qarabağ müharibəsində düşmənə qarşı döyüşüb. Oğlu Sabir bu şərəfli yolu davam etdirib. Atasının yarımçıq qalan arzusunu başa çatdırıb. Bu müqəddəs yolda canından keçib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Heydərov Sabir Ceyhun oğlu (ölümündən sonra) “Vətən uğrunda”, "Hərbi xidmətlərinə görə",  "Cəbrayılın və Kəbəcərin" azad olunmasına görə” medalları ilə təltif edilib.

Vətən savaşında şəhidliyə qovuşan qəhrəmanlarımızdan biri də Eldost Asəf oğlu Hüseynovdur. Qəhrəmanımızın əmisi Sübhan Hüseynov fəxrlə bildirdi ki, Azərbaycan Ordusunun zabiti kimi döyüşlərə atılan, igidliklə döyüşən Eldost Hüseynovun keçdiyi şərəfli yol gənclərimizə nümunədir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Ölkə abaşçısının Sərəncamı ilə Hüseynov Eldost Asəf oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif olunub.

Könül Məmmədova  "Zəfər Yolçuları" kitabının tərtibatçısı


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff