booked.net

26 noyabr tarixində Rusiyanın Soçi şəhərində təşkil olunmuş görüş zamanı Prezident İlham Əliyev çıxış etdi.


Dünyada müxtəlif ölkələr və dövlət birlikləri arasında münasibətlərdə yaranan problemlər, qarşıdurma meyllərinin artması fonunda Azərbaycanın Rusiya ilə dinc qonşuluq əlaqələrinin yüksələn dinamika üzrə inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, son 200 ildə tarixi-coğrafi və sosial-humanitar müstəvidə geniş əlaqələrə malik olan iki ölkənin münasibətlərindəki strateji tərəfdaşlıq amili hər iki tərəfin xarici siyasətində ən vacib komponentlərdən biri kimi qiymətləndirirlir.

“Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdaşdır. Mən deyərdim ki, hətta strateji tərəfdaşdan da artıqdır”- Bu fikri Prezident İlham Əliyev Soçidə keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatından səsləndirib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanla Rusiya arasında etimada əsaslanan münasibətlərin səviyyəsi, o cümlədən, ən həssas məsələlər barəsində Ermənistan ilə ortaq fikrə gəlməyimizə şərait yaradır: “Düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq”.

Prezident İlham Əliyev tərəflərin mövcud qarşılıqlı əlaqələrin səviyyəsinin bütün istiqamətlər üzrə daha da yüksəldilməsinə çalışdığını bildirib. İkitərəfli əmtəə dövriyyəsinin artması, iqtisadi sahədə əməkdaşlıq, o cümlədən biznes sferada qarşılıqlı maraqların səviyyəsi bunun ciddi zəmini rolunda çıxış edir. Təsadüfi deyil ki, indinin özündə Azərbaycanla Rusiya iqtisadiyyat, nəqliyyat və mədəni-humanitar sahədə 7 yol xəritəsi reallaşdırır. Rus dilinə müsbət münasibət, onun qorunub-saxlanması, rusdillli təhsil müəssisələrinin inkişafı baxımından postsovet məkanında hətta Rusiyanın strateji müttəfiqi sayılan bir sıra ölkələrdən, o cümlədən də Ermənistandan, fərqli olaraq rəsmi Bakının daha tolerant siyasət aparması Moskva tərəfindən dəfələrlə yüksək qiymətləndirilib.

İkitərəfli münasibətlərdə hazırda 15 mindən çox azərbaycanlının, Azərbaycan vətəndaşının Rusiyanın ali məktəblərində təhsil alması da önəmli faktorlardan biridir. Rusiyadakı təhsilin yüksək səviyyəsinin və soydaşlarımızın oradakı ali məktəblərdə təhsil almasının son nəticədə ölkələrimiz arasında körpü amilinə transformasiyası, ikitərəfli əlaqələrə öz ciddi töhfəsini verir. Tarixən dövlət başçıları arasındakı şəxsi münasibətlərin səviyyəsi, rəsmi dairələrin qarşılıqlı ünsiyyəti ikitərfli və çoxtərəfli əlaqələrin keyfiyyətinə çox ciddi təsir göstərir. Bu baxımdan, Azərbaycan və Rusiya prezidentləri arasındakı qarşılıqlı hörmət və etimad atmosferi bir çox dövlət başçılarına nümunə ola bilər. Son bir həftədə Azərbaycan Prezidentinin Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul etməsi də məhz iki dövlət başçısının münasibətlərindəki müsbət dinamikanın inikasıdır. Elə Rusiya ekspert mərkəzinin və “Rosekzimbank”ın iştirakı ilə keçirilən biznes konfransda, Rusiyanın 30-dan çox şirkətinin iştirakı da bu əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi müstəvisində çox vacib addımlardan biridir.

Sözsüz ki, Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərində ən əhəmiyyətli məqam regionda davamlı sülhün və təhlükəsizliyin yaradılmasında, onun qorunub-saxlanamsında vahid mövqedən çıxış etmək zərurətidir. Bu baxımdan, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində Moskvanın səylərini, Qarabağda sülhün saxlanmasında Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndirən rəsmi Bakı, bölgədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində daha ciddi nəticələrin əldə olunacağına əmindir. Bu kontekstdə, ötən il noyabrın 10-da üçtərəfli Bəyannamənin imzalanmasından sonra Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında ciddi insidentlərin, silahlı toqquşmaların və hər hansı ciddi hadisələrin olmaması, baş verən müəyyən təsadüfi insidentlərin isə sistemli böhran xarakteri daşımaması təqdirəlayiq haldır. Bununla belə, Rusiya sülhməramlılarının məsuliyyət zonasından kənarda Azərbaycan-Ermənistan sərhədində yaşanan silahlı toqquşmalar risklərə nəzarət edilməsi, onların minimallaşdırması üçün üçtərəfli formatda müzakirələrin aparılması, Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli nizamlanması zərurətini aktuallaşdırır.

Üçtərəfli Bəyannamənin imzalanmasından ötən bir il ərzində müharibənin fəsadlarının ləğvi və kommunikasiyaların açılması üçün maksimim dərəcədə konstruktivlik nümayiş etdirən Azərbaycan, diqqəti məhz bu müddəanın hələ ki, yerinə yetirilmədiyinə yönəldir. Həmin sənəddə ehtiva olunan digər məsələlər isə artıq icra edilib. Bu kontekstdə, Bakı rəsmi şəkildə Azərbaycan-Ermənistan sərhədlərinin təxirəsalınmaz delimitasiyasının vacibliyini dəfələrlə bəyan edib. Məhz bu addımı atmaqla Azərbaycan tərəfi böyük qanlar, insan itkiləri və resurslar tələb edən qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq, gələcəkdə dinc qonşuluq şəraitində yaşamağa öyrənmək üçün Ermənistanla sülh razılaşması üzərində işə başlamaq təklifini irəli sürüb. Moskvanın bu məsələdə sərgilədiyi müsbət yanaşma sözügedən təşəbbüsün tezliklə həyata keçiriləcəyinə əminlik yaradır. Bu təklifin tezliklə reallaşıması Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətləri kontekstində də vacib amillərdən biridir.

Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin Soçidə keçirilən üçtərəfli görüşün nəticələrinə dair imzalanan Bəyanatın müddəaları ilk növbədə Azərbaycanın gözləntilərinin doğrulduğunu sübut edir.

Azərbaycan Prezidenti ilə ikitərəfli görüşdə Rusiya prezidenti Putinin “Qarabağda sülhməramlılarımız müsbət rol oynayır, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də fəal işləyir” ifadəsi Türkiyənin regionda nəinki nüfuzunun artmasından, hətta hərbi mövcudluğundan qıcıqlanan Ermənistana və elə Rusiyadakı ermənipərəst qüvvələr də daxil olmaqla, İrəvanın xarici havadarlarına çox ciddi mesaj idi.

Dövlətlərin bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanımalı olması zərurətini vurğulayan Vladimir Putinin “Gecikmədən sərhədləri müəyyənləşdirmək, yekun sülh müqaviləsi bağlamaq lazımdır” ifadəsi əslində bu müstəvidə Azərbaycanın konstruktiv təkliflərini əngəlləməyə çalışan erməni tərəfinə və şəxsən Ermənistanın baş nazirinə xəbərdarlıq idi. Başqa sözlə desək, Moskva bu məsələdə rəsmi Bakının mövqeyinin yalnız Azərbaycan və Ermənistan yox, həm Rusiya, həm də 3+3 formatında iştirak edə biləcək ölkələrin hamısının maraqlarına cavab verdiyi həqiqətini dəstəklədi.

Soçi görüşünün nəticələrinə aid qəbul edilən birgə Bəyanatda “Qarabağ” ifadəsi işlədilmədi. Bu, Ermənistanın da mövcud reallıqları qəbul etməsi kimi anlaşılmalıdır.
Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə “dəhliz” ifadəsini işlətməklə Zəngəzur dəhlizi layihəsinin dəstəklədiyini nümayiş etdirməsi Ermənistan üçün ciddi bir siqnal idi.
Sərhədlərin delimitasiya və demarkasiyası da Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi prioritet məsələlərdən biri idi. Bu məsələnin yekun sənəddə əksini tapması Azərbaycanın hədəflərinə doğru atdığı növbəti uğurlu addımıdır.
Sayca üçüncü olan Bəyanatın tərkibinə baxdıqda məlum olur ki, Paşinyanın uydurduğu ənənəvi yalanlara artıq nə qonşuları, nə rəqibləri, nə də strateji müttəfiqləri inanırlar.
Soçi görüşünün yekunlarına dair qəbul edilən birgə Bəyanatda Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımların atılması, dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiyanın məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə əldə olunan razılığın öz əksini tapması bunun əyani sübutudur.

Regionun inkişafı naminə Ermənistan, Azərbaycan və Rusiya hökumətlərinin baş nazirlərinin müavinləri səviyyəsində yaradılmış üçtərəfli komissiyanın fəaliyyətini xatırladan Vladimir Putin, yaxın vaxtlarda nəqliyyat kommunikasiyalarının işə salınması üzrə müvafiq qrupun işinin bəhrəsinin nəinki təsdiqinin, həm də hamı üçün uyğun zəruri tədbirlərin şahidi olacağımıza əminliyini ifadə etdi. Məhz bu reallıq regionun dirçəldilməsi üçün şəraitin yaradılmasını, insanların özlərini təhlükəsiz hiss etmələrini və təsərrüfat fəaliyyəti ilə normal məşğul olmalarını, iqtisadiyyatın inkişafını, bölgə ölkələrinin vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsini şərtləndirə bilər.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff