booked.net

31 Dekabr: Birliyimizin, həmrəyliyimizin Günü


Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-ni- Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük sevinc və qürur hissilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə- Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi.

Ulu öndər deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır."

Ümummilli lider Heydər Əliev etnik millətçiliyin doğurduğu fəsadları hər zaman diqqətə çatdırıb qeyd edirdi ki, Azərbaycan onilliklərlə, yüzilliklərlə mövcud ərazisində yaşayan bütün insanların vətənidir: “Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir”.

Ulu öndərin təsəvvüründəki yeni Azərbaycanın gələcək inkişafının təməl prinsiplərini demokratik inkişaf, plüralist cəmiyyət, çoxpartiyalılıq, iqtisadiyyatın liberallaşdırılması kursu təşkil edirdi. Xalqın dəvəti və təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev müstəqil dövlətimizin məhz bəyan etdiyi həmin prinsiplər əsasında inkişafına nail oldu.

Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası, toplantıda “Dünya Azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqləyib.

Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.

Müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasət sahələrində fəaliyyəti, əldə etdiyi uğurlar bütün dünya azərbaycanlılarının milli şüurunu, özünüdərkini, ana torpağı Azərbaycana bağlılığını günü-gündən möhkəmləndirir. Azərbaycan icmallarının ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən cəmiyyətləri, klub və dərnəkləri soydaşlarımızın və həmvətənlərimizin təşkilatlanması, səylərinin birləşdirilməsi, onlarfn fəaliyyətinə məqsədyönlü xarakter verilməsi yolunda faydalı iş aparır, məskunlaşdıqları ölkələrdə Azərbaycanı daha tanıtmaq üçün müxtəlif tədbirlər görür. Bu qurumlar bir-biri ilə, habelə Azərbaycan Respublikasının hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqədar yaradır, əməkdaşlığı gücləndirirlər.

Dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır. Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, deməli, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqləyir.

Ulu öndər Heydər Əliyevin “Bir millət,iki dövlət” şüarı ilə fəaliyyət göstərən diaspor təşkilatları Türk diaspor təşkilatları ilə əlaqələri getdikcə daha da güclənir və daha əhəmiyyətli xarakter alır. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşmüşdür.

Diaspor təşkilatları arasında birliyin təmin edilməsi, soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətinə nail olunması məqsədilə Almaniya, Fransa, İsveçrə, İsveç, Hollandiya, Skandinaviya və Amerika Birləşmiş Ştatlarında Azərbaycanlıların Koordinasiya Şuraları təsis edilib.Eyni zamanda, bu ölkələrdə Azərbaycanın diaspor fəaliyyətinin səmərəliliyinin artırılması və tədricən güclü lobbiçilik ənənələrinə keçid istiqamətlərinin müəyyənləşdirilməsi üçün Komitə rəsmilərinin həmin ölkələrdə tarixi əhəmiyyət kəsb edən bir sıra görüşləri keçirilib. Bu gün dünyanın təqribən 50 ölkəsində 556 diaspor təşkilatı mövcuddur. Ümumiyyətlə isə son 8 ayda Dövlət Komitəsinin nümayəndə heyəti 11 ölkədə diasporumuz ilə görüşlər keçirib, onların vəziyyəti ilə yerindəcə tanış olunub və fikir mübadiləsi aparılıb.

Dünyada yaşayan azərbaycanlı gənclərin birliyinin daha da möhkəmləndirilməsi yolunda atılmış növbəti addımlardan biri bu ilin avqust ayında 37 ölkədən 140 gəncin iştirakı ilə“Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsinin keçirilməsi və burada “Azərbaycan Diaspor Gəncləri” şəbəkəsinin təsis edilməsidir. Bunlar respublikamızın beynəlxalq əlaqələrinin genişlənməsinə, Azərbaycan reallıqlarının dünyaya daha yaxşı təqdim olunmasına, zəngin və çoxşaxəli mədəni irsimizin təbliğinə əlverişli şərait yaradır. Eyni zamanda, dünyanın müxtəlif şəhərlərində artıq fəaliyyətə başlayan, gələcəkdə digər ölkələrdə də açılması nəzərdə tutulan Azərbaycan mədəniyyət mərkəzləri və Azərbaycan dili məktəbləri diasporumuzun imkanlarını daha da artırır.

Azərbaycan dövlətinin dəstəyi, ölkə başçısı cənab İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısı və bu istiqamətdə verdiyi tapşırıqlar diaspor təşkilatlarımızin bundan sonra da öz səylərini daha da gücləndirəcəyinə böyük ümidlər yaradır.

Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bəzi mənfur xarici dairələrin öz çirkin planlarını həyata keçirmələrinə imkan vermədi. Azərbaycanın gücü milli birlikdədir, dini, etnik, regional, siyasi və sosial mənsubiyyətindən asılı olmayaq bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərib Vətən naminə, Qələbə naminə Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff