booked.net

Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 18 yanvar tarixində Bakıda ucaldılan abidəsinin açılışında çıxış edib


Prezident İlham Əliyev bu abidənin açılışını cəmiyyətin həyatında çox əlamətdar hadisə kimi dəyərləndirib.

Xatırladaq ki, dövlət başçısının 2020-ci ildə Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı müvafiq Sərəncam imzalamışdı. Açıq müsabiqədə Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun işi qalib gəlmiş və abidənin ucaldılması üçün bir neçə yer təklif edilmişdi. Prezident İlham Əliyevin bu məqsədlə Bakının ən mərkəzi və tarixi yerlərindən birini seçməsi ölkə rəhbərinin yalnız Azərbaycan xalqı üçün deyil, bütövlükdə müsəlman dünyası üçün böyük xeyirxah işlər görmüş, heyranedici səxavəti, müdrikliyi, alicənablığı ilə yaddaşlarda silinməz izlər buraxmış Zeynalabdin Tağıyev şəxsiyyətinə olan böyük ehtiramının təcəssümüdür.

Prezident İlham Əliyev: "Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir."

H.Z.Tağıyev maarifçilik, xeyriyyəçilik fəaliyyətinə görə hələ sağlığında “el atası” adını almışdı. O, dəfələrlə Bakı dumasının üzvü seçilmiş, şəhərin mühüm problemlərinin həllində, qərarların müzakirə və qəbul olunmasında iştirak etmişdi. H.Z.Tağıyev nəinki faydalı təkliflərin təşəbbüskarı kimi onlara səs verir, həm də öz vəsaiti ilə belə təkliflərin həyata keçməsinə kömək edirdi. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Bakıda ilk teatr binası tikildi, at-dəmir yolu (konka) işə salındı, şəhərin mərkəzində bir sıra dükan və kontorların yerləşdiyi Ticarət evi - Tağıyev pasajı fəaliyyətə başladı. H.Z.Tağıyev Bakıya içməli suyun çəkilməsi layihəsinin hazırlanıb həyata keçirilməsində yaxından iştirak etmişdir. Hələ 1874-cü ildə o, öz vəsaiti hesabına Bakı şəhərinə su kəmərini çəkdirdiyinə görə üzərində “Səyinə görə” yazısı olan gümüş medalla təltif olunmuşdu. H.Z.Tağıyev 1901-ci ildə ingilis mühəndisi V. Lindley tərəfindən yeraltı suların qazılması işlərinə 25 min rubl vəsait ayırılmış və 1917-ci ildə Bakıya içməli su gətirən kəmər istifadəyə verilmişdi. "Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbi" Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynayıb. Görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılan bu məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi.

Müasirləri bu maarif ocağını milli qadın təhsili üzrə “ana məktəb” adlandırır, onun “müsəlman dünyasına işıq saçacağına inanırdılar”. Həqiqətən də, belə oldu. Onun ardınca İrəvanda, Gəncədə, Şəkidə, Ağdaşda, Bakıda, Qubada, Naxçıvanda, Qazaxda, Şuşada, Şamaxıda eyni tipli rus-Azərbaycan qız məktəbləri açıldı. 1906-cı ildə Tiflisdə açılan müsəlman qız məktəbinin açılışına dəvət alsa da, xəstəlik səbəbindən tədbirə qatıla bilməyən Hacı həmin məktəbin xeyrinə 25 min manat toxunulmaz vəsait köçürmüşdü ki, ondan gələn gəlir məktəbin ehtiyaclarına sərf olunsun...

Hacı Zeynalabdin Tağıyevin millətimiz, xalqımız üçün gördüyü xeyirxah işlər, nəcib əməllər bunlarla bitmir. Cənab Prezidentin dediyi kimi, o, yüzlərlə tələbəni Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini öz üzərinə götürmüşdür və bu da gələcəyə yönəlmiş bir addım idi, gələcəyi düşünürdü. O tələbələrin arasında Azərbaycanın dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyev də olmuşdur. Xalqının sabahını düşünən müdrik, səxavətli Tağıyev onu tanımadan oxumaq istəyini nəzərə alıb Əziz Əliyevin məktubunu cavabsız qoymamış, ona o vaxt böyük vəsait hesab olunan 300 rubl kömək göstərmişdir. Əziz Əliyev bu pul hesabına Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur.

Hacının fərdi təqaüdü ilə ali və ya orta təhsil alanlar içərisində XX əsr Azərbaycan tarixinin çox önəmli tarixi şəxsiyyətləri vardır. Belələrindən Əlimərdan bəy Topçubaşov, Səməd bəy Mehmandarov, Nəsib bəy Usubbəyli, Həsən bəy Ağayev, Qarabəy Qarabəyov, Behbud xan Cavanşir, Lütvəli bəy Behbudov, Mustafa ağa Vəkilov və onlarla başqalarını göstərmək olar.

1860-cı illərdə ilk ali təhsilli azərbaycanlı Həsən bəy Zərdabi idisə, XX əsrin əvvəllərində ali təhsilli azərbaycanlıların sayı yüzlərlə, bütövlükdə ziyalıların sayı minlərlə idi. Bu milli kadrların yetişdirilməsində, onların təqaüdlə təmin edilməsində Hacının müstəsna xidmətləri olmuşdu.
Müqəddəs kitabımız "Qurani-Kərim"i ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə etdirən də məhz Hacı Zeynalabdin Tağıyev olmuşdur. Onun təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidə inşa edilmiş və təmir olunmuşdur.

Prezident İlham Əliyev abidənin açılışında çıxışı zamanı xüsusi qeyd edib ki, Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır. Hələ 2000-ci illərin əvvəllərində Zeynalabdin Tağıyevin qəbrinin yerləşdiyi Pir Həsən ziyarətgahı abadlaşdırılmışdır. 2003-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edilmişdir.

Xeyriyyəçilik ənənələri bu gün də davam edir. Bu sahədə Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir.

Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlarını uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir.

Prezident İlham Əliyev: "Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm ki, Fond digər layihələrdə də fəal iştirak edəcək. Bildiyiniz kimi, məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almışdır və mənim iştirakımla Qobu qəsəbəsində bir neçə böyük, çoxmərtəbəli evlərin inşası təmin edilmişdir."

Dövlət başçısı çıxışında müharibədən sonra yaradılmış Qarabağ Dirçəliş Fondu və “YAŞAT” Fondunun Azərbaycanda xeyriyyəçilik ənənələrin inkişafına xidmət etdiyini və bunun cəmiyyətdə çox yüksək qiymətləndirildiyini də vurğulayıb. Həmin fondlarda toplanmış vəsait hesabına yüzlərlə qazi həm Azərbaycanda, həm xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff