booked.net

Prezident İlham Əliyev cari ilin 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edib


Beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirən Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərə böyük önəm verir. Prezident İlham Əliyev sammitdə dərin məzmunlu çıxışında mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa və Asiyanın iqtisadi, ticarət əlaqələrində rolunu vurğulayıb. 

Bu gün Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkədir və bu amil hər zaman beynəlxalq birlik tərəfindən dəyərləndirilir. Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf etdiyini bildirən  Prezident İlham Əliyev Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verdiyini xüsusi vurğulayıb:"Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb."

Dövlət başçısı qeyd edib ki, ölkəmiz 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.

Azərbaycanın beynəlxalq komunikasiya və ticarət əlaqələrinin inkişafı üçün verdiyi töhfədən danışan Prezident İlham Əliyev bu istiqamətdə ölkəmizdə görülən işləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Görülən işləri təhlil edərkən Prezident İlham  Əliyev  vurğuladı ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan Prezidentinin çıxışı həyata keçirilən titanik layihələrin mahiyyətini əks etdirməklə yanaşı, regionda Azərbaycanın hansı mövqedə və statusda oldugunu da əks etdirir. Danılmaz faktdır ki, bu gün dünya ölkələri, xüsusilə Avropa enerji resursları və digər zəruri ehtiyacları ödəmək üçün bütün imkanlarını səfərbər edib. Nəzərə alsaq ki, Azərbaycan təbii sərvətlərin zənginliyi ilə yanaşı, qarşılıqlı əlaqələrin sağlam qurulması üçün ən etibarlı tərəfdaşdır. Ona görə də mütləq şəkildə dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atırlar. Bu əlaqələrin qurulmasında və inkişafında  Azərbaycanın, sözsüz ki, 18 təyyarə ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malik olması da əhəmiyyətli rol oynayacaq. 

Regionun nəqliyyat arteriyalarının daha da şaxələnməsi üçün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsindən sonra daha geniş imkanlar yaranıb. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və Zəngəzur dəhlizinin açılması ilə yeni imkanlar yaranacaq, Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmi dəfələrlə artacaq. Dəhlizin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsini təmin edəcək və bu birləşmənin geosiyasi əhəmiyyətini yüksəldəcək.

Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İlkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində iş aparılır. Ölkəmiz postmüharibə dövründə iki dövlət arasında sülh müqaviləsinin bağlanması, sərhədlə bağlı problemlərin tezliklə həll edilməsində maraqlı olduğunu dəfələrlə nümayiş etdirib.
 
Dövlət başçısı belə həssas dönəmdə qonşu dövlətin nümayiş etdirdiyi məkrli oyunları, Ermənistan hərbi-siyasi hakimiyyətinin revanşist siaysətini Sammit iştirakçılarının diqqətinə çatdırıb: "Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür."

Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyinin narahatlıq doğurduğunu dilə gətirən İlham Əliyev, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini qeyd etmiş, Azərbaycanın Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll etdiyini və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin etdiyini də Sammit iştirakçılarının diqqətinə çatdırmışdır. 

2019-cu ildən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik etdiyini qeyd edən Prezident İlham Əliyev ölkəmizin sədrliyinin yekdilliklə daha bir il- 2023-cü ilə qədər uzadılmasını Azərbaycana hörmət və etimadın göstəricisi olduğunu vurğulayaraq deyib: "Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək."


Share
Other news
Most readers
1/5
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff