Prezident İlham Əliyev: "Laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq Azərbaycan dövlətinin əsas vəzifələrindən biri olacaqdır."
Laçın rayonu Azərbaycanın tarixi keçmişi zəngin olan ərazisidir. Bu ərazinin abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.
Laçının səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır.
Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir.
Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı kimi 1992-ci il mayın 18-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal edilib. Düşmən qüvvələrinin böyük hissəsi bu rayonun ərazisinə Laçın dəhlizi vasitəsilə daxil olub.
İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda "Sotheby`s" auksionunda 80 min ABŞ dollarına satılıb.
Laçın rayonun ərazisi işğal dövründə ermənilər tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi üçün istifadə olunub, qlobal cinayətkar şəbəkələr üçün qanundankənar zona funksiyasını yerinə yetirib.
İşğalçı Ermənistan Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi də qeyri-qanuni əməllər törədib. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.
Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi.
Azərbaycan Prezidenti İlham Əliyev 1 dekabr 2020-ci ildə televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.
“Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz- Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”, - deyə dövlət başçısı bəyan edib.
Amma düşmən öz xoşuna çıxmadı, rayondan çıxmağa məcbur edildi.
Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu, bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı.
Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir.
Azərbaycanın igid övladları bu döyüşlərdə də böyük şücaət və qəhrəmanlıq göstəriblər.
2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
İndi Laçın rayonunun yeni inkişaf dövrü başlayıb. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasının işə salınması bu istiqamətdə yerinə yetirilən ən uğurlu addımlardan hesab olunur. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
Rayonun yol-nəqliyyat infrastrukturu ilə bağlı da da böyük layihələr reallaşdırılır. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.
2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.
Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın hava limanı logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək, bölgənin inkişafında önəmli rol oynayacaqdır.
Laçın və digər rayonların içməli suya olan tələbatı da nəzərə alınır. Bunun üçün Həkəri çayından istifadə ediləcək. Dövlət başçısı Laçın rayonuna səfərində Həkəri çay Su Anbarının layihəsi ilə tanış olub. Başlanğıcını Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır. Həkəridə tutumu təxminən 90 milyon kubmetr olan su anbarı tikməklə buradakı təmiz, genetik faydalı suyu 254 kilometr uzunluğunda magistral yolla Sabirabada qədər gətirmək mümkündür. Artıq bu sahədə müvafiq tədqiqatlar aparılıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir.
Prezident İlham Əliyev: "Laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq Azərbaycan dövlətinin əsas vəzifələrindən biri olacaqdır."“Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və işğaldan azad edilmiş bütün başqa rayonlar bərpa olunacaqdır. Laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda biləcəklər.
Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür.
Ümumilikdə, Laçın rayonunda kənd təsərrüfatı infrastrukturunun bərpası, yeni əkin sahələri və bağların salınması, otlaq sahələrinin, eləcə də heyvandarlıq sahəsinin inkişafı üçün zəruri infrastrukturun bərpası nəticəsində məhsuldar dövrün başlanğıcı hesab olunan 2025-ci ildə ölkədəki kənd təsərrüfatı istehsalına birbaşa əlavə töhfəsi 47.6 milyon manat, başqa sözlə 0.5 faiz olacağı proqnozlaşdırılır. Təbii ki, bu proqnozlar sadəcə aqrar potensialı əhatə edib. Sonrakı dövrdə emal və dəyər zənciri üzrə aqro-sənaye potensialı da hesablanarsa, dolayı olaraq daha böyük miqyasda ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılması baxımından həndəsi silsilə ilə müsbət effekti hiss olunacaq.
14.02.2021:
- Güləbird kəndində Azərbaycan bayrağınınucaldılması;
- Su elektrik stansiyasının açılışı.
- Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimi.
- Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi ilə tanışlıq;
- “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə tanışlıq;
- “Həkəriçay” su anbarı layihəsi ilə tanışlıq;
- Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanışlıq.
- Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanışlıq;
- Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması;
- Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimi.