booked.net

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti sayəsində güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrildi


 “2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq.” 
                                                                                             Prezident İlham Əliyev


Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.

1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
                
   Təltiflər:
- Ordenlər. Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il). Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il). Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il). Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il). Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il). Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il). Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il). Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il). Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il). Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il). Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il). Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il). Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il). Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il). Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il). Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il). Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il). “Serbiya Respublikasının lentli Ordeni” (22 fevral 2013-cü il). Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il). Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il). Türk Dünyasının Ali Ordeni (12 noyabr 2021-ci il);

Fəxri elmi adlar. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il). Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il). Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il). Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il). Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il). Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il). Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il). İordaniyanın Amman şəhərindəki dövlət universitetinin fəxri doktoru (29 iyul 2007-ci il). Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il). Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il). Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il). Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il). Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il). Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il). Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il). Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il);

-İdman təşkilatlarının mükafatları. Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il). Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il). Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il). Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il). Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il). MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il). Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il). Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il). Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il). Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il). Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il). Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il).

Uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, modern Azərbaycan dövləti modelidir. Bütün bunlar ölkəmizin gələcək inkişafının qarantı sayıla bilər. 

Ötən dövr Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşahidə olundu. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. 


Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi; 

Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. 

İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə YAP-da köklü islahatlara başlanılmışdır. 2021-ci ilin 5 mart tarixində Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunmuş və bununla da Partiya sədrinin birinci müavini vəzifəsi təsis olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradılmışdır. Partiyanın yeni Proqramı qəbul edilmiş, həmçinin kadr islahatlarına başlanılmışdır. Cənab İlham Əliyevin sədrliyi ilə YAP-ın cəmiyyətdəki nüfuzu daha da möhkəmlənmiş və partiyanın təşəbbüsləri ölkəmizin siyasi sisteminin təkmilləşməsində əhəmiyyətli rol oynamışdır. 770 mindən artıq üzvü olan partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Partiyanın 85 yerli təşkilatı (rayon təşkilatı), 6 628 ərazi partiya təşkilatı mövcuddur. Hazırda YAP-ın 773 770 nəfər üzvü vardır. YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur. YAP-ın VII Qurultayında qəbul olunmuş qərarlar Partiyanın gələcək inkişaf strategiyasını müəyyən etmişdir.

Prezident daim sadə insanların yanında olur, həyatındakı əlamətdar, sevincli günləri xalqı ilə bölüşür. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda - Şuşada keçirib.

Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir.

Son üç il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 8 birgə bəyanat və 2 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. Partiyaların həmrəyliyi ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir.

Dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitinin təşəbbüskarı olan Prezident İlham Əliyev bu əməkdaşlığın ümummilli məsələlərdə daha vacib olduğunu qeyd edir: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”

Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. Siyasi partiyaların əhəmiyyətinin artırılması, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması və ölkəmizin güclənməsi islahatların strateji hədəfləridir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Prezident İlham Əliyevin tapşırığı əsasında üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə keçirilmiş davamlı görüşlər demokratik ənənələrin şaxələnməsinə xidmət edən müsbət təcrübədir. Uzun fasilədən sonra 9 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması, vaxtı ötürülmüş qurultayların keçirilməsi məqsədilə bir sıra siyasi partiyaların yerlə təmin olunması üçün tədbirlər görülməsi, 30 siyasi partiyanın qurultaylarının keçirilərək nəticələrinin dövlət qeydiyyatına alınması, qərargahı olmayan 22 siyasi partiya üçün ofislər ayrılması, həmçinin siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edilməsi məqsədilə siyasi partiya liderlərinin müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında çıxış üçün dəvət olunması, azad olunmuş ərazilərə birgə səfərlərin təşkili, “Siyasi partiyalar” haqqında yeni qanun layihəsinin siyasi partiya rəhbərləri ilə müzakirəsinin aparılması, aktual mövzulara həsr olunmuş birgə iclasların keçirilməsi və müzakirələrin təşkili, Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarlara uyğun olaraq bəzi siyasətçilərə müvafiq cinayət işləri üzrə bəraət verilməsi və təzminat ödənilməsi, Prezidentlə siyasi partiya rəhbərləri arasında qarşılıqlı bayramlaşma ənənəsinin formalaşdırılması, şəxsi xarakterli problemlərin həlli istiqamətində dəstəyin göstərilməsi ölkədə demokratik münasibətlərin bərqərar olunması məsələsində Prezident İlham Əliyevin prinsipial mövqeyinin təzahürüdür. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin siyasi dialoq proseslərinin fəal iştirakçıları olması faktı siyasi həmrəyliyin təzahürüdür. Görülən işlərin məntiqi nəticəsidir ki, iqtidar-müxalifət dialoqu artıq ölkəmizin gündəlik siyasi təcrübəsinə daxil olmuş və davamlı şəkildə inkişaf edir. 

Siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərin imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir.
 
Prezident cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir. 

Həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Azərbaycan tərəfindən irəli sürülən qlobal əhəmiyyətli təşəbbüslər dünya ictimaiyyətində böyük maraq doğurur. Qısa müddət ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, jurnalistlərin, dövlət xadimlərinin və vətəndaş cəmiyyəti üzvlərinin biliklərini, təcrübəsini və baxışını toplayan, böyük potensialı olan azsaylı aparıcı beynəlxalq təsisatlardan birinə çevrilib.

Azərbaycanın təşəbbüsü ilə 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edilmişdir. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilmişdir. 18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. Qətnaməyə 126 BMT üzv dövləti həm-müəllif qismində qoşulub.

Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkədir. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır. 

Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi.

Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Azərbaycan təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilmişdir. 

Azərbaycan hökuməti işini itirmiş, qapanmalardan əziyyət çəkmiş insanlar üçün 2020-ci və 2021-ci illərdə sosial-iqtisadi yardım paketini ayırmışdır və paketin ümumi dəyəri 2,9 milyard ABŞ dolları idi. Bu vəsait dövlət büdcəsindən maliyyələşmişdir. 

Azərbaycanda əsasən iki peyvənddən istifadə olunur. “Sinovac” və “Pfizer”dən və peyvəndləmə səviyyəsi yüksəkdir. Bu cür nəticələrin əldə olunması dövlət siyasəti sayəsində mümkün olmuşdur. Azərbaycan xalqı peyvəndləmənin vacibliyini anlayır və bu işləri xeyli asanlaşdırır.

Gələcək naminə tərəflərin regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olmasını təmin etməliyik. Hər şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki Azərbaycanın mövqeyi tam aydındır. Azərbaycan sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədin delimitasiyasına hazırdır.

Azərbaycan son illərdə İƏT-in bir necə konfransına ev sahibliyi etmişdir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuş və həmin ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi– IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. 2018-ci ildə 5 min illik qədim tarixə malik Naxçıvan şəhəri ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı seçilmişdir. 

Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, UNESCO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilmişdir.

Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tutduğu obyektiv mövqe və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu dayanmadan artırır. Bakının görüş və danışıqlar ünvanı kimi müəyyən olunması bilavasitə Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzuna işarə edir.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bəyannaməyə əsasən tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir. Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və BMT, ATƏT, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər. 
    
İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır. İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdır.

Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. Bu gün BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. BTC mühüm texniki-iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi məzmun kəsb edir.

“Cənub Qaz Dəhlizi”nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. 2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. 2012-ci il iyunun 27-də Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 29 may 2018-ci il tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. 30 noyabr  2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə Avropa bazarına tədarükünə başlanılıb.Cənub Qaz Dəhlizinin ümumi dəyəri, təxminən, 40 mlrd. ABŞ dollardır.

Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib. 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla bilər. “Şərq-Qərb nəqliyyat dəhlizi” Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan tranzit və yükdaşıma baxımından səmərəlidir. Orta hesabla 5400 km uzunluğunda olan “Şərq-Qərb nəqliyyat dəhlizi”nin tranzit müddəti 15 gündür.

Dünya Bankının “Doing Business” 2019-cu ilin hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və 190 dövlət arasında 25-ci yeri tutub. “Doing Business 2020” hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib. Davos Dünya İqtisadi Forumunun 2020-ci ilin hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir. Son 19 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 19 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Azərbaycanda 2 milyondan çox yeni iş yeri açılıb.

Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına dəstək verilməsi, sosial-iqtisadi inkişafa töhfə verilməsi, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılması, elmi tədqiqatların aparılmasına dəstək verilməsi və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməkdir.

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalar 28,6% artaraq 4,6 milyard ABŞ dollara yüksəlib.Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 82,8% təşkil edib. Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkələrin ilk beşliyində isə Türkiyə, Böyük Britaniya, ABŞ, Niderland və Rusiyanı qeyd etmək olar. İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 9000-dən çox şirkəti qeydiyyatdan keçib. Xarici şirkətlər Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində də fəal iştirak edirlər. Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı eyni zamanda investisiya ixracatçısına çevirib. Ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb.

Ölkə iqtisadiyyatını xarakterizə edən əsas amil dayanıqlıqdır. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. İnformasiya, su, ərzaq, enerji və digər istiqamətlər üzrə təhlükəsizliyin təmin olunması ilə bağlı görülmüş tədbirlər xüsusi qeyd olunmalıdır. Hər bir istiqamət üzrə qəbul olunan Dövlət Proqramları mövcud məsələlərdə dövlətin potensiallarının səfərbər olunmasına xidmət edib.

Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir. 

Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü, Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı; Prezidentlik fəaliyyətinin ilk dövründə İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli Fərman imzalamışdır. Regionların inkişafına dair uğurla icra edilən I Dövlət Proqramı Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi.

Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə təsdiqlənən iqtisadi rayonların yeni bölgüsündə qeyd edilir ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd olunan ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir. Yeni bölgüyə əsasən isə iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb. Bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir. Bunun üçün Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılıb.

Prezident İlham Əliyev 14 aprel 2009-cu il tarixli Fərmanı ilə II Dövlət Proqramını – “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq etdi. Növbəti proqramın hazırlanmasını şərtləndirən əsas məqsəd ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq idi. 27 fevral 2014-cü il tarixli Fərmanla Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı  təsdiqlədi. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində son 19 ildə 4 minə yaxın məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. 2019-cu ildə regionların sosial-iqtisadi inkişafına dördüncü Dövlət Proqramı çərçivəsində 7,2 milyard manat vəsait yönəldilib.

Müstəqilliyimizi daha da möhkəmləndirən, dövlətimizin ərazi bütövlüyünü təmin edən, işğaldakı torpaqların azadlığına nail olan Prezident İlham Əliyev həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə böyük uğurlara imza atıb, Azərbaycanı regionun lider dövlətinə çevirməyə nail olub. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin ordu quruculuğu siyasəti hərb tariximiz baxımından müstəsna əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin ordu quruculuğu siyasətində diqqət çəkən məqamlardan biri Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son nailiyyətləri ilə təchiz olunmasına, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır. Azərbaycanın iqtisadi gücündən maksimum faydalanaraq ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edən, onun davamlı modernləşdirilməsi prosesini həyata keçirən dövlətimizin başçısı bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısındakı üstünlüyünü daha da artırdı və peşəkar, ən müasir tələblərə cavab verən orduya çevirdi.

Prezident İlham Əliyevin ordu quruculuğu siyasətində mühüm yer tutan məsələlərdən biri də yüksək peşəkarlığa malik hərbi kadrların hazırlanması ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev böyük uzaqgörənlik göstərərək hələ sovet dönəmində - 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olub. Bununla da yerli hərbi kadrların hazırlanması üçün mühüm zəmin formalaşdırıb. Müstəqillik illərində Heydər Əliyev tərəfindən hərbi məktəb və akademiyaların yaradılması prosesi uğurla davam edib. Ulu Öndərin bu siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev yeni hərbi akademiyaların yaradılması barədə mühüm qərarlar qəbul edib. Buna nümunə olaraq, Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasını göstərmək olar. 

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz adını hərb tarixinə həm də XXI əsrin ən yeni döyüş taktikasının müəllifi kimi yazdırdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan bu taktika dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. 
.
Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Müharibədə Silahlı Qüvvələrimizin 2900-dən çox hərbi qulluqçusu şəhid oldu. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı ilə şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifi olub. 
 
Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür.

“Mən hər zaman qazilərin yanında olacağam” – deyən Prezident İlham Əliyev əslində cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirmiş olmuşdur. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir.

Ölkəmizdə müharibədən sonra da ordu quruculuğu prosesi dayandırılmayıb, orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da ordu quruculuğu prosesi dayanmayacaq.

Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər.

Böyük Zəfərinn nəticəsində yaradılmış yeni reallıq təkcə Qarabağın bərpası və inkişafını nəzərdə tutmur.Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır.Münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir.Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. 

“YAŞAT” Fondu, “Qarabağ Dirçəliş” Fondu və bütün digər institusionaltəşəbbüslər şəhid ailələrinə vəqazilərə ayrılan ali diqqətin təcəssümüdür.Bu fondlar öz fəaliyyətində Prezident İlham Əliyevin humanitar missiyasını davam etdirir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsidir. 

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə yaradılmış “Qarabağ Dirçəliş” Fondu işğaldan azad olunmuş ərazilərin bərpası və ümummilli həmrəyliyi təcəssüm edən daha bir önəmli təşəbbüsdür. Qurum dövlət ilə ictimai institutlar arasındakı münasibətləri keyfiyyət etibarilə yeni səviyyəyə çıxardır. Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar.

Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilmişdir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2.2 milyard ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcəkdir. Minlərlə kilometr avtomobil yolu çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, bir milyon insanı doğma məkanlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqların inşası, habelə digər irihəcmli işlər Böyük qayıdış çərçivəsində reallaşdırılacaqdır.

Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialını 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.  Kəlbəcər-Laçın zonasında külək stansiyaları, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları inşa olunacaqdır. Azərbaycanın müvafiq strukturları və əcnəbi tərəfdaşlar tərəfindən bu məsələlər üzərində fəal işlər aparılır. Bu layihələr çox böyük perspektivə malikdir.

Bərpa-quruculuq işləri ilə bağlı birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Cari ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var.

Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Cənab Prezidentin dediyi kimi Zəngəzur dəhlizi artıq reallığa çevrilir.

44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklər bölgədə inteqrasiya və çoxtərəfli əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Xüsusilə də, Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, yaxşı perspektivlər vəd edir. Şübhəsiz ki, postkonflikt mərhələsində Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni çoxvektorlu işbirliyinin əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır.

İşğaldan azad olmuş ərazilərdə irimiqyaslı infrastruktur layihələr icra olunur. Bu, nəticə etibarı ilə  nəinki təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirəcək, eyni zamanda, gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaqdır. 

Böyük Qayıdışın institusional və hüquq müstəvisində rəsmiləşdirilib. Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.

Bu tədbirlər konkret vaxt və qrafik əsasında aparılaçağı üçün keçmiş məcburi köçkünlərimizin öz yurd-yuvalarında məskunlaşmasını sürətləndirəcək və işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını milli iqtisadiyyatımızla bütövləşdirəcək.

Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev çıxışlarının birində nailiyyətlərimizin əsasını belə səciyyələndirmişdir: “Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi. Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi iradədir.” 


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff