booked.net

Prezident İlham Əliyev cari ilin 18 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması”adlı plenar iclasda çıxış edib


Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər. Onu da qeyd edək ki, tarixdə ilk dəfədir ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşüblər. 

Prezident İlham Əliyev çıxışında Rusiya-Ukrayna müharibəsinin ümumi geosiyasi vəziyyətin tamamilə dəyişdiyinə diqqət çəkib və bildirib ki, bəzi ənənəvi tərəfdaşlarla ticari əməkdaşlıq sahəsində müəyyən çətinlikləri görə bilərik. Eyni zamanda, xüsusən də daşımalar layihələrinə gəldikdə, bəzi üstünlüklər də var. Bu üstünlüklər sırasında ölkəmizin uzun illər ərzində müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına yatırımlar etdiyini xüsusi vurğulayan dövlət başçısı indi isə Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar açıldığı barədə plenar iclas iştirakçılarını məlumatlandırıb. 

Prezident İlham Əliyev dövlətimizin sülhsevər siyasətini, xalqımızın əmin-amanlıq şəraitində yaşamaq arzusunu bir daha bəyan edib: "Biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə, biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun. Hesab edirəm ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar."

Ölkəmizin rəhbəri sülh sazişi üzərində çalışdığını qeyd edərək bu istiqamətdə işlərin tezliklə tamamlanacağına ümidvar olduğunu ifadə edib: "Düşünürəm ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər."

Azərbaycanın Amerikalı və Avropa İttifaqından olan tərəfdaşları ilə ünsiyyət zamanı, habelə Dövlət katibi Blinken tərəfindən təşkil edilmiş üçtərəfli görüşdən də belə qənaətə gəlmək olur ki, tərəflər regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşür. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri.

Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. 
Dövlətimizin başçısı bəyan edib ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirə etməyə hazırdır, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə yox.

Prezident İlham Əliyev çıxışında ermənilərin "Blokada" böhtan və yalanlarını da konkret faktlarla bir daha ifşa edib və bildirib ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayandırmayacaq.

Laçın-Xankəndi yolunda keçirilən aksiyanın məqsəd və məramı işğalçı Ermənistana və onun havadarlarına çox yaxşı bəllidir. Ermənilər istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə Azərbaycana qarşı biri-birindən dəhşətli ekoloji terrorlar törədirlər. 
Azərbaycanlı ekofəalların aksiyasının əsas tələbi ermənilərin bu gün də davam edən həmin ekoloji terror əməllərinə son qoyulmasıdır. Acınacaqlı fakt odur ki, Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanatın imzalanmasından sonra 300-dən çox Azərbaycan vətəndaşının Ermənistanın yandaşlarının düşündürmür. 

Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. 

Dövlətimizin başçısı çıxışında həmin dövrdə xalqımızı ruhda salmaq, məğlub durumla barışdırmaq və itirilmiş torpaqlarımızın işğalını qəbul etdirmək kimi ədalətsiz məkrli siyasət planlarını alt-üst etdiyimizi diqqətə çatdırdı: "Biz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Ona görə də biz, sadəcə, Qarabağda bugünkü vəziyyəti və ya oradakı erməni icması ilə əlaqələrimizi kontekstdən çıxararaq 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq."

Prezident İlham Əliyev çıxışında onu da xatırladıb ki, baş nazirin istinad etdiyi 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır. Azərbaycan müharibə apardı, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandatdır və bu, sülh naminə mandat idi. Ona görə də biz gələcəyə baxmalıyıq.

Dövlətimizin başçısnın çıxışında bir vacib məqam da rəsmi Bakının erməni separatizminə heç vaxt yol verməyəcəyini və Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazır olduğunu bəyan etməsidir. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar.

Prezident İlham Əliyev moderatorun sualını cavablandırarkən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar bir neçə platforma sırasında Brüssel formatını qeyd edib. Bu formatın üçtərəfli olduğu, yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma vardır.

Dövlətimizin başçısı rəsmi İrəvanın Minsk qrupunu "diriltmək" cəhdlərini də uğursuz hesab edib: "Bu qrup artıq kənara çəkilib, mövcud deyil. Ola bilər ki, yalnız kağız üzərində mövcud olsun. Ona görə də Minsk qrupunun 28 il ərzində heç bir nəticəyə nail ola bilməyən keçmiş həmsədrləri vəziyyətə hələ ki, nisbətən təsir edə bilirlər. Bu səbəbdən biz ABŞ, Rusiya və indi də Aİ tərəfindən təşkil olunmuş platformada bir araya gəlmişik. Lakin Fransa hökuməti birtərəfli ermənipərəst mövqe tutduğundan o, bu platformada artıq iştirak etmir. Aydındır ki, vasitəçi olan tərəf tuta və bunu nümayiş etdirə bilməz."

Dövlətimizin başçısı danışıqlarda konstruktiv mövqenin tərəfdarı olduğunu bildirib: "...bizim təcrübəmiz göstərir ki, sülh danışıqları bəzən çox uzanır. Biz 28 il boyunca sülh danışıqları aparmışıq, təsəvvür edin, 1992-ci ildən 2020-ci ilə qədər. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi. Belə bir vəziyyət Ermənistanı tam qane edirdi. Çünki onlar vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdilər. Bu vəziyyət, həmçinin Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını qane edirdi. Lakin bu, bizi qane etmirdi."

Əlbəttə, xalqımız heç vaxt doğma torpaqlarımızın işğal qaltında qalması faktı ilə barışa bilməzdi. Prezident İlham Əliyevin dediyi kimi, buna görə də biz hazırlaşırdıq, səylərimizi səfərbər edirdik, yeni nəsil böyüdürdük. Cavan olduqları və Ermənistan o torpaqları işğal etdikdə hələ anadan olmadıqları üçün heç zaman görmədikləri torpaqlara qayıdan və oraları işğaldan azad edən bir nəsil yetişdirirdik. Bu baxımdan bəli, mən sülh danışıqlarının keçirilməsinin əleyhinə deyiləm. Lakin siz ədaləti güc vasitəsilə bərpa etməli olursunuz. Bu, sizin qanuni haqqınızdır. Bu haqqı sizə BMT-nin 51-ci fəsli verir. Biz də bu haqqımızdan istifadə etdik. Biz öz ərazimizdə döyüşmüşük. Bizim apardığımız müharibə torpaqların azadlığı uğrunda müharibə idi. Ona görə də o, ədalətli müharibə idi. Apardığımız müharibənin məqsədi torpaq işğal etmək deyildi. Ona görə də bir nəfər əsgərimiz belə döyüş meydanını tərk etmədi. 44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi. Ermənistanda isə fərarilərin sayı 11 minə çatmışdı. 

Bunun səbəbini dövlətimizin başçısı belə izah edib: "Ona görə yox ki, onlar döyüş meydanında uduzurdular. Ona görə ki, onların apardığı müharibə işğalçı müharibə idi. Ermənistanda doğulmuş insanlar üçün Azərbaycana gedib onlara aid olmayan torpaqdan ötrü müharibə etmək həvəsi yox idi. Bizim torpaqların azadlığı uğrunda apardığımız müharibənin nəticəsi əsas amilin həvəs olduğunu göstərdi. Silah vacibdir, taktika da vacibdir, planlaşdırma çox vacibdir. Lakin ən önəmli olan həvəsdir. Azadlıq istəyən xalqı işğal etmək mümkün deyil. Necə ki, biz 28 il gözlədik, onlar da gözləyə bilərlər. Lakin gün gələcək, onlar öz torpaqlarına qayıdacaq, işğalçını vurub çıxaracaq və öz bayraqlarını onlara aid olan bütün tarixi binalara sancacaqlar."

Prezident İlham Əliyev cari ilin 18 fevral tarixində Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibə verib 

Prezident İlham Əliyev jurnalistlərə bildirib ki, görüş konstruktiv keçdi. Bir çox məsələlər müzakirə olundu, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi.

Dövlətimizin başçısı görüşdə Laçın-Xankəndi yolundakı vəziyyətin müzakirə edildiyini də bildirib: "Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər."

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı Ermənistan-Azərbaycan sərhədində sərhəd-buraxılış məntəqələrinin yaradılmasını təklif edib.
Nəzarət-buraxılış məntəqələri olmadan sərhədlərin delimitasiyası mümkün deyil.
"Eyni zamanda, bildirdim ki, yaxşı olardı ki, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik. Bu gün rəsmən vermişik. Əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdı. Ermənistan tərəfindən hər hansısa bir mövqe səsləndirilmədi, yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etməyə", - dövlət başçısı qeyd edib.

İranla Azərbaycan arasında münasibətlərin normallaşması perspektivinə toxunarkən ölkəmizin başçısı İranda baş vermiş hadisəni  Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı adlandırıb və fikrini bu cür əsaslandırıb: "Terrorçu 30-40 dəqiqə ərzində tərksilah edilməmişdir və polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri gəlib-gedirdilər, amma onlar ona iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilər. Terrorçunu əliyalın tərksilah etmiş mühafizə işçilərindən birinin cəsarəti ola bilsin ki, onlarla azərbaycanlının həyatını xilas etdi. Çünki diplomatlarımzın ailələri, o cümlədən uşaqları o binada yaşayırdılar. Buna görə biz bu məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edirik."
İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. 

Prezident İlham Əliyev cari ilin 18 fevral tarixində Münxendə “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibə verib 

Prezident İlham Əliyev müsahibəsinin əvvəlində İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə yaranan yeni reallıqlara diqqət çəkib və qeyd edib ki,   biz bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirməyə hazır olmalıyıq. Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər əlbəttə ki, yeni yanaşmaları tələb edir.
Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq qurumun da bu məsələyə xüsusi diqqət yetirməsi müzakirələrin vacibliyindən xəbər verir. 
            
Dövlətimizin başçısı deyib ki, Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalıdır, açıqdır. Mən bunu qapalı görüşlərdə də ifadə edirəm, rəsmi açıqlamalarımda da. Bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. 

Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan vermədiyimizi və imkan verməyəcəyimizi bir daha bəyan edən Prezident İlham Əliyev Qarabağın  Azərbaycan olduğunu bütün dünyanın gördüyünü inamla ifadə edib. 
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına gəlincə, ölkəmizin başçısı bildirib ki, burada da bizim mövqeyimiz tamamilə məntiqlidir. Biz istəyirik ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, əminəm ki, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır.

Plenar iclasda Ermənistanın baş naziri yenə qeyri-obyektiv fikirlər səsləndirsə də reallıq dəyişmir. Prezident İlham Əliyevin dediyi kimi, bu gün həqiqətləri gizlətmək, yaxud da ki, reallığı təhrif etmək mümkün deyil: "Biz informasiya dünyası dövründə yaşayırıq. Hər kəs yaxşı bilir harada nə baş verir. Ona görə qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar əlbəttə ki, ciddi qəbul edilmir. Bizim mövqeyimiz birmənalıdır. Biz nəyi deyiriksə, birincisi, həqiqətə əsaslanırıq. İkincisi, mövqeyimizi açıq bildiririk. Beynəlxalq tərəfdaşlar da bilirlər ki, biz nə istəyirik."

Dövlətimizin başçısı Azərbaycan televiziya kanallarına müsahibəsində xüsusi vurğulayıb ki, rəsmi İrəvanın "Qarabağ məsələsi" adlı məkrli cəhdləri baş tutmayacaq, bu məsələ hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilməsinə imkan verilməyəcək.  Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun.

Azərbaycanın son vaxtlar enerji təhlükəsizliyi təchizatında faktiki olaraq hərəkətverici qüvvə olduğunu sübut edib. 
Prezident İlham Əliyev əmindir ki, enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək. Enerji təhlükəsizliyi məsələləri beynəlxalq təşkilatlar tərəfindən müzakirə olunan gündəliyin ön sıralarındadır. Azərbaycan yeni mənbənin sahibi kimi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır. 



Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff