booked.net

26 Fevral - Xocalı soyqırımı günü


"Xocalı faciəsi bizim dərdimizdir, kədərimiz, qəmimizdir. Ancaq eyni zamanda Azərbaycan xalqının əsrlər boyu keçdiyi mübarizə yolu, milli azadlıq yolu, şanlı yoldur. Keçmişdə də bizim yolumuzda çətinliklər olub. Çətinliklər bu gün də var. Ancaq heç bir şey Azərbaycan xalqının iradəsini sındırmayıb və sındırmayacaqdır. Biz belə hadisələrdən onu götürməliyik ki, daha da cəsur olmalıyıq, daha da mətin, daha da bir olmalıyıq."
                                     Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev

“Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi.” 

                                    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 

..İşğala qədər Xocalı öz sakit, ortabab bir rayon həyatını yaşayırdı. Əslində bu sakitlik zahiri göstərici idi. Xocalıların daxilində bir gərginlik, həyəcan, nigarançılıq baş qaldırmaqda idi...
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Aylarla mühasirə şəraitində yaşamış Xocalı şəhəri erməni qaniçənləri və onların himayədarları tərəfindən yerlə bir edildi. Dinc əhaliyə bənzəri olmayan amansızlıqla divan tutuldu. 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin isə taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl və qocalar idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib.
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisi idi.  Düşmən bu qətliamı törətməklə xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdi. 

Xocalı soyqırımının dünyaya tanıdılması üçün çox böyük işlər görüldü. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıdandan sonra Xocalı soyqırımına ilk hüquqi-siyasi qiymət verildi, 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. 26 fevral Ümumxalq Hüzn Günü elan olundu.

Xocalı soyqırımının dünyaya tanıdılması üçün Prezident İlham Əliyev bütün gərəkli tədbirləri gördü. Bu məsələ ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse –prezidenti Leyla Əliyevanın fədakar fəaliyyətləri qeyd edilməlidir.

“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. “Xocalıya ədalət” kampaniyası sayəsində Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən yetərincə eşidilməyə başlandı.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi. 

Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular.

Erməni vandalizminin Xocalı izləri tarixi abidələrimizdən də yan keçmədi. Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrilib.  Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib. 

Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb.

“Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilən hərəkətlərdir ki, bunun da hər biri Xocalı Soyqırımında soydaşlarımıza qarşı törədilmişdir.  

Dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırım kimi tanıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” sözləri dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etmək siyasətinin əsasını təşkil edir. 

Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırım kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə oluna bilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. 

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.

Hər il Xocalı faciəsinin ildönümündə bu qətliamın qurbanlarının xatirəsi anılan ölkələrin sayı getdikcə artır. Bu gün bəşəriyyət yeni dünya düzəminin formalaşması mərhələsini yaşayır. Bu düzəmin insanpərvər və mütərəqqi olub-olmayacağı isə həm də insanlığın Xocalı soyqırımı kimi qanlı faciələrə, bu cinayətləri törədənlərə və onların havadarlarına qarşı nə dərəcədə qətiyyətli və həmrəy çıxış edə biləcəkləri ilə müəyyən olunacaq.

Bəşər tarixinin əl qanlı cinayətlərindən olan Xocalı soyqırımı haqqında beynəlxalq mətbuatda da xeyli sayda məlumatlar dərc edilmişdir. Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında həmçinin Justice for Khojaly informasiya portalı müstəsna rola malikdir. 

Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xalqımız soyqırımı qurbanlarının xatirələrini dərin ehtiramla yad edir.

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər. Siyasi dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etmişdir. 

2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində qəhrəman Azərbaycan Silahlı Qüvvələri müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edərək, bütün şəhidlərimizin, o cümlədən Xocalı şəhidlərinin intiqamını aldı və bütün dünyaya Qarabağın Azərbaycan olduğunu qətiyyətlə bəyan elədi! 

Prezident İlham Əliyev 2021-ci il sentyabrın 27-də Anım Günü ilə əlqaədar xalqa müraciətində demişdir:“...44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik, təkcə düşməni torpağımızdan qovmadıq, təkcə milli ləyaqətimizi bərpa etmədik, biz erməni faşizminin başını əzdik.”



Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff