booked.net

5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib


Prezident İlham Əliyev qurultayda çıxış edib

"Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi."
                                                                                         İlham Əliyev 
Yeni Azərbaycan Partiyasının (YAP) 2021-ci il martın 5-də keçirilən VII qurultayı istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxışı zamanı Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər saldı, qarşıda duran vəzifələri diqqətə çatdırdı, mühüm fikirlər səsləndirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, YAP-ın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Prezident İlham Əliyev onu da vurğuladı ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır: “Partiyamızın böyük ənənələri var. Qeyd olunduğu kimi, biz gələn il, partiyamızın 30 illik yubileyini keçirəcəyik. Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir.”

Əlbəttə, ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi bir sıra zəruri amillərlə əlaqədardır. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin YAP-ı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib. Bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızı beynəlxalq münasibətlər sistemində müdafiə edə bilən xarici siyasət strategiyasının formalaşdırılması, milli rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması, müstəqil siyasətin həyata keçirilməsi və ən əsası, ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı olan prinsiplər idi. 

1993-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi nəticəsində ölkə həyatının başqa sahələrində olduğu kimi xarici siyasət sahəsində də əhəmiyyətli dəyişikliklər baş verdi.Həmin dövrdə yenicə dövlət müstəqilliyini əldə etmiş gənc dövlətin milli maraqlara uyğun və elmi cəhətdən əsaslandırılmış xarici siyasət kursunun işlənib hazırlanmasına və praktik olaraq həyata keçirilməsinə çox böyük ehtiyac vardı. Çox çətin və mürəkkəb dövrdə və əhatədə olan Azərbaycan dövlətinin xarici siyasət kursunu böyük dövlətçilik təcrübəsi olan, dünyada baş verən siyasi hadisə və proseslərə dərindən bələd olan Heydər Əliyev işləyib hazırlaya bilərdi.

1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.

Heydər Əliyevin qeyri-adi əzmkarlığı, iradəsi və zəkası sayəsində ölkənin daxilində baş verən vətəndaş müharibəsi və hakimiyyət çevrilişləri cəhdləri dəf edildi. Ölkənin daxilində davamlı sabitliyin və vətəndaş həmrəyliyinin əldə olunması kimi çətin və mürəkkəb vəzifələr də öz həllini tapmış oldu. 

Ümummilli lider Heydər Əliyevin xalqın təkidli çağırışı ilə 1993-cü ildə hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı olmaqla bərabər, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə - iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

Hər bir ölkənin iqtisadi müstəqilliyini təmin edilməsində enerji təhlükəsizliyi məsələləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın zəngin neft-qaz yataqlarımız nəinki ölkəmizin inkişafı, eyni zamanda, regional əməkdaşlıq üçün də müsbət rol oynayır.  Ölkəmiz etibarlı tərəfdaşdır, öz öhdəliklərini həmişə yerinə yetirib. Azərbaycan həm təchizatçı, həm də tranzit ölkə, etibarlı tərəfdaş kimi artıq uzun illərdir ki, özünü təsdiq edib.  

Ölkənin uğurlu enerji siyasəti, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarmışdır. İcra olunan layihələr bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Layihələr ətrafında birləşən ölkələrin sayı artmaqdadır və bu amil ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir.

Azərbaycanın genişmiqyaslı islahatlar aparması ölkənin gündəlik həyatında, iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə öz müsbət təsirini göstərir. Bu təşəbbüslər və islahatlar ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da da böyük rol oynayır. 
Ölkəmiz iqtisadi müstəqilliyini möhkəmləndirmək sayəsində istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyil və iqtisadi sahədə ən qabaqcıl yerlərdən birini tutur. Azərbaycan istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından öndədir. Ölkəmizə gələn investisiyalar dayanmadan artır. 

Müstəqilliyin ilk illərində  ölkə daxilində gedən xoşagəlməz proseslər və siyasi çəkişmələr böhranı daha da dərin etmişdir. Hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. Ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması, bu, idi o vaxt gənc müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsi. Müstəqilliyimizin ilk illərində torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü və yaranmış vəziyyəti dəyişdirmək üçün heç bir ümid yox idi.

Ötən illərin ən önəmli hadisəsi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. 
Prezident İlham Əliyevin dediyi kimi, 44 günlük Vətən müharibəsində mənəvi üstünlük Azərbaycanın tərəfində idi: ”Mənəvi amil Azərbaycanın qələbəsində həlledici rol oynamışdır. Müharibənin ilk günündən mənəvi üstünlük bizdə idi. Təkcə ona görə yox ki, biz haqlı idik, onlar nahaq-, erməni rəsmi təbliğatı erməni xalqının beynini elə zəhərləyib ki, onların bəlkə bir çoxu hesab edirdi ki, bizim torpaqlarımızı zəbt etməkdə haqlıdırlar-, həm də ona görə ki, bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması”.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu.

Torpaqlarımızın azad edilməsi uğrunda gedən müqəddəs savaşda bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.
Böyük Zəfər qazanan Azərbaycan köklü surətdə bölgədə vəziyyəti dəyişdirə bildi və prioritetlər arasında qonşu ölkələrlə əməkdaşlığa xüsusi diqqət yetirildi. Bununla bərabər, Azərbaycan başqa ölkələrlə,  Avropa İttifaqı ilə də sıx əlaqələr qurdu. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalandı. 
Ölkəmizin Qoşulmama Hərəkatına rəhbərlik etməsi bu Hərəkata üzv ölkələrin  Azərbaycanı müdafiə etməsində ciddi faktor kimi dəyərləndirilə bilər.  
YAP-ın VII qurultayı ölkəmizdə ictimai-siyasi münasibətlərdə keyfiyyət dəyişiklikləri yaradacaq yeni tarixi mərhələnin əsasını qoydu. Yeni milli çağırışlar həm partiyanın struktural formasında, həm də kadr komplektləşdirilməsində yenilənmə tələb edirdi ki, bu da daha çevik və daha səmərəli fəaliyyətin təmin edilməsi zərurəti ilə bağlı idi. Partiyada baş verən bu dəyişikliklər ilk növbədə onun fəaliyyətinin funksionallığını daha da artırmağai, bu da bütövlükdə siyasi sistemdə yeni canlanma yaraymağa şərait yaratdı. Ona görə də Azərbaycan Prezidenti çıxışında siyasi islahatlar mövzusuna toxunaraq müxalifətlə dialoqun daha da dərinləşdirilməsinin və daha geniş platformada davam etdirilməsinin zəruriliyini qeyd etdi. Şübhəsiz ki, Prezident İlham Əliyevin praqmatik islahatlar kursu Azərbaycanın milli gücünü artıran strateji faktor kimi çıxış edir. Xüsusilə, ölkəmizdəki siyasi qüvvələrlə dialoq prosesinə start verilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi və digər mühüm addımlar yeni siyasi konfiqurasiyanın formalaşmasını, plüralizmin güclənməsini və milli həmrəyliyin möhkəmlənməsini şərtləndirib. Respublikamızda fəaliyyət göstərən siyasi partiyaların ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasətinə birmənalı dəstək göstərmələri isə bu baxımdan xüsusi qeyd edilməlidir. 

YAP-ın VII qurultayında partiyanın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edildi. İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçildi.  Yeni qərarlara müvafiq olaraq qurultaydan sonra partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçildi. Gənclər Birliyinin say tərkibi müəyyən edildi, üzvləri, sədri və sədr müavinləri seçildi. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələri, Təftiş Komissiyasının reqlamenti təsdiqləndi. 

Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edildi. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalandı. 
 
Altı siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) YAP-a qoşulması siyasi sistemin daha da təkmilləşdirilməsi və dialoq mühitinin dərinləşdirilməsi baxımından olduqca əhəmiyyətli idi. Ən önəmli məsələlərdən biri Yeni Azərbaycan Partiyasının VII qurultayında altı siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsidir. Təbii ki, bu, ilk növbədə, Yeni Azərbaycan Partiyasının, sözün əsl mənasında, ümumxalq partiyası olduğunu və yüksək nüfuza malik aparıcı qüvvə kimi çıxış etdiyini göstərir. Digər tərəfdən, belə bir qərar, heç şübhəsiz, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək. Bu, həmçinin ölkədə siyasi birlik və milli həmrəylik mühitinin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Respublika Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyev çıxışı zamanı bu məqamlara toxunaraq “Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək. Bu partiyaların üzvlərini biz qəbul edirik, onlara bizim ailəyə “Xoş gəlmisiniz!” deyirik və birgə fəaliyyətlə bağlı əlbəttə ki, əlavə addımlar da atılacaqdır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, partiyamızın yeni proqramı da hazırlanmalıdır. Bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir. İdarə heyətinə tapşırıq verirəm ki, 3 ay ərzində partiyamızın yeni proqramı hazırlansın və təqdim edilsin”, - deyə vurğuladı. Digər tərəfdən, siyasi inteqrasiya nümunəsi olan bu addımlar siyasi sistemin inkişafı və siyasi proseslərin sağlam zəmində cərəyan etməsi kontekstində olduqca önəmlidir. 
          
Qurultayda partiya daxilində yeni təyinatlar da oldu. Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçildi, Gənclər Birliyinin say tərkibi müəyyən edildi, üzvləri, sədri və sədr müavinləri seçildi. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edildi. 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirildi, iclasda YAP-ın 64 yerli təşkilatının sədrləri vəzifəyə təyin edildi. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olundu, sədrlərin orta yaş həddi 59-dan 50-yə endi.

VII qurultaydan sonra Partiyaya 17940 qadın, 15120 gənc olmaqla 29829 yeni üzv qəbul olunmuşdur. 773770 nəfər Partiya üzvü respublika üzrə fəaliyyət göstərən 85 yerli təşkilatın 6628 ərazi partiya təşkilatında uçotdadır ki, onların da 376884 nəfərini (48,7%) qadınlar, 267470 nəfərini (34,6%) gənclər təşkil edir. 773 770 nəfər YAP üzvündən 343 607 nəfəri (44,4%) ali təhsillidir.

YAP-ın Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi və yerli təşkilatları tərəfindən milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən sağlam ictimai rəyin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi – milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə mühüm işlər görülmüşdür. Müəyyən edilmiş istiqamətlər üzrə və iş planına uyğun olaraq YAP Mərkəzi Aparatının, o cümlədən Veteranlar Şurası və Gənclər Birliyinin təşkilatçılığı ilə 147 tədbir keçirilmişdir. Bunlarla yanaşı, YAP yerli təşkilatları tərəfindən ümumilikdə 7 minə yaxın müxtəlif səpkili ictimai-siyasi aksiya və tədbir keçirilmişdir. YAP Gənclər Birliyinin tərkibində hər biri 6 üzvdən ibarət olmaqla 5 komitə- Beynəlxalq əlaqələr, Dayanıqlı inkişaf, YAP yerli təşkilatları ilə əlaqələr və QHT-lərlə iş, Şəhid ailələri və qazilərlə iş, Milli dəyərlər komitələri yaradılaraq qeyd olunan istiqamətlər üzrə 5500-dən çox gəncin iştirakı ilə müxtəlif tədbirlər həyata keçirilmişdir. 

Azərbaycan xalqının Ümummilli Lideri, YAP-ın qurucusu Heydər Əliyevin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının, dövlət və xalq qarşısında misilsiz xidmətlərinin, Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasətinin, Partiyanın fəaliyyətinin təbliği, o cümlədən həyata keçirilən tədbirlərin və layihələrin geniş auditoriyaya çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülmüşdür. Dövlət başçısı, Partiyanın Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin görüşləri, çıxışları və müsahibələri YAP-ın rəsmi internet saytında (www.yap.org.az), Partiyanın internet kanalında (“Yeni TV”), “Facebook”, “Twitter”, “Instagram”, “Telegram”, “YouTube”, “Tiktok” hesablarında mütəmadi olaraq yayımlanmış, millət vəkillərinin, Partiya fəallarının, dövlət nümayəndələrinin və ekspertlərin iştirakı ilə canlı yayım formatında müzakirələr aparılmış, şərhlər və müsahibələr təqdim olunmuşdur. 

VII qurultaydan sonra Partiyanın www.yap.org.az saytına ümumi baxış sayı 1 milyon 194 min, internet televiziya kanalı olan “Yeni TV”-yə ümumi baxış sayı 1,1 milyondan artıq və “Facebook” səhifəsinə 2,8 milyondan artıq baxış olmuşdur. YAP-ın “Facebook”, “Twitter”, “Instagram”, “Telegram”, “YouTube”, “Tiktok” hesablarında ümumilikdə 22 919 627 paylaşım edilmişdir. Paylaşımlara baxış sayı 65 811 816, bəyənmə (“like”) sayı isə 58 267 515 olmuşdur.

“Yeni Azərbaycan” qəzetinin dövrün tələblərinə uyğun və müasir standartlar əsasında nəşr olunması istiqamətində mühüm tədbirlər görülmüş, o cümlədən zəruri avadanlıq alınmış, məzmun və tərtibat baxımından təkmilləşdirilən, ofset üsulu ilə rəngli formatda çap olunmağa başlayan qəzetin səhifələrində xəbərlərlə yanaşı aktual məsələlərə, təhlil və araşdırma xarakterli yazılara, tənqidi materiallara geniş yer verilmiş, qəzetə oxucu marağı artmış və tirajı 4820-dən 6490-a çatmışdır.

2021-ci il 1-3 iyun tarixlərində Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Türkiyə səfəri və səfər çərçivəsində hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan və partiyanın digər rəsmiləri ilə keçirilən görüşlər və müzakirələr hər iki dövlətin əlaqələrinin inkişafına yeni imkanlar yaradır. Nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyini vurğulamış, bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə Prezident İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin olduğunu ifadə etmiş, hər iki tərəfdən hakim partiyaların roluna toxunaraq partiya funksionerlərinin fəaliyyətlərini yeni çağırışlara uyğunlaşdıra bilmələrinin vacibliyini qeyd etmişdir.

Partiyalar arasında əməkdaşlığa dair imzalanmış niyyət protokolu xüsusi əhəmiyyətə malikdir. Partiya liderləri arasında olan dostluq münasibətləri AKP və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə  əminlik yaradır.
YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsini ölkənin xarici siyasətinin davamı kimi də qiymətləndirmək olar. YAP sıx və geniş beynəlxalq əlaqələrə malik olan partiyadır. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. 2022-ci ilin 22 noyabr tarixində Bakıda “Sülh və təhlükəsizlik: siyasi partiyaların rolu” mövzusunda İCAPP ilə birgə beynəlxalq konfrans keçirilmişdir. Bundan əlavə, YAP Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) İcra Komitəsinin və Baş Assambleyasının beş onlayn iclasında təmsil olunmuşdur. 

YAP-ın, həmçinin Türkiyə, Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir, Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” Daimi Komitəsinin üzvüdür. YAP-ın ən sıx əməkdaşlıq etdiyi partiyalardan biri Çin Kommunist Partiyasıdır. 3 dekabr 2021-ci il tarixində Kiyevdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Ukraynanın hakim “Xalqın Xidmətçisi” partiyasının gənclər təşkilatı olan “Ze! Molodizhka” arasında əməkdaşlıq memorandumu imzala­nıb. 2022-ci ilin mayın 10-da Makedoniya Türk Demokratik Partiyası ilə əməkdaşlıq memorandumu imzalanmışdır.

Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. 2022-ci il iyunun 15-də Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilmiş beynəlxalq konfransda, o cümlədən ölkədə fəaliyyət göstərən 34 siyasi partiyanın rəhbərləri iştirak etmişdir.

Qurultayda partiyanın strateji fəaliyyət istiqamətlərini müəyyən edən Proqram da qəbul olunmuşdur. Partiyanın yeni Proqramı 5 fəsildən və ümumilikdə 29 müddəadan ibarətdir. Burada “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı fəsillər və  Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət, Demokratik ənənələrin inkişafı, Peşəkarlıq, İşgüzar münasibətlər, Şəxsi inkişaf, Sağlam rəqabət, Etik davranış və milli dəyərlər, İnnovativ inkişaf və kreativlik, Elmilik, Müasirlik, Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi müddəalar öz əksini tapıb.
Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqaməti, partiyadaxili münasibətlərin meyarları müəyyən olunub. 

Şəhidlərin adları və hərbiçilərimizin qəhrəmanlığı tariximizin şərəfli səhifəsidir və bu tarix heç zaman unudulmayacaq. Müasir Azərbaycanın dövlətçilik tarixinə şanlı salnamə kimi həkk olunmuş 44 günlük Vətən müharibəsinin ildönümləri, Anım və Zəfər günləri respublikamızın hər yerində böyük təntənə ilə qeyd edilmiş, Partiyanın Mərkəzi Aparatının təşkilatçılığı ilə elmi-praktik konfranslar və dəyirmi masalar təşkil edilmiş, yerli təşkilatlar tərəfindən 2500-dən artıq müxtəlif tədbir, həmçinin şəhid ailələri və müharibə veteranları ilə 6500-dən çox görüş keçirilmiş, onlar daim diqqət mərkəzində saxlanılaraq sosial problemlərinin həllinə köməklik göstərilmiş, şəhidlərin doğum və anım günləri ailələri və doğmaları ilə birlikdə qeyd olunmuş, Partiyanın fəalları şəhid məzarları, abidə və barelyeflərinin, həmçinin şəhidlərin şəkilləri əks olunmuş lövhələrin ətrafının abadlaşdırılmasında yaxından iştirak etmişlər.
Sosial-humanitar tədbirlər Yeni Azərbaycan Partiyasının əsas fəaliyyət sahələrindəndir. Günümüzün aktual məsələsi olan şəhid ailələrinə, qazilər və aztəminatlı ailələrə yardım göstərilməsi, onların fərdi və sosial problemlərinin öz həllini tapması istiqamətində yerli təşkilatımız tərəfindən əməli işlər görülməkdədir. 

2020-2021-ci illərdə erməni silahlı qüvvələri tərəfindən törədilmiş terror nəticəsində Bərdə rayonunda zərərçəkmiş ailələrə 1000 ədəd qatlanan çarpayı (yataq dəsti) verilmiş, evləri dağılmış 28 ailəyə birdəfəlik maddi yardım göstərilmiş, bir ailəyə mənzillə təmin olunana qədər aylıq kirayə haqqı ayrılmışdır. “Qarabağ Dirçəliş Fondu”na 2021-ci ildə 500 000 manat məbləğində vəsait köçürülmüşdür. “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 2020-ci il ərzində ümumilikdə 500 000 manat vəsait köçürülmüş, tibb müəssisələrinə hər birindən 1000 ədəd olmaqla birdəfəlik kombinezon, maska-respirator və üz qoruyucu sipərlik təhvil verilmiş, 4000-dən artıq aztəminatlı ailəyə və kimsəsiz tənhalara ərzaq və şəxsi gigiyena vasitələri paylanılmışdır. Eləcə də, “Silahlı Qüvvələrə Yardım Fondu”na 2020-ci ildə 100 000 manat vəsait köçürülmüş, ön cəbhədə döyüşən əsgərlər üçün 14 700 manat məbləğində isti paltar və zəruri əşyalar alınmışdır. “YAŞAT” Fonduna isə 2020-ci ildə 100 000 manat vəsait köçürülmüşdür.

Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaşanan faciə, minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqı tərəfindən dərin üzüntü ilə qarşılandı. Təbii fəlakətin baş verməsinin ardından Azərbaycan hər zaman olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən həmrəyliyin sarsılmazlığını bir daha nümayiş etdirdi, dərhal qardaş ölkəyə öz dəstəyini göstərdi. Acı faciənin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirilməkdə və qardaş Türkiyə xalqına humanitar yardım göstərilməkdədir. Eyni zamanda, Azərbaycan xalqının nümayəndələri könüllü olaraq yardım təşəbbüsləri irəli sürür, maddi və mənəvi dəstək göstərirlər. 

Bütün Azərbaycan xalqı kimi, Yeni Azərbaycan Partiyasının üzvləri də bu çətin günlərdə Türkiyə xalqının yanında olduqlarını nümayiş etdirir, öz imkanları daxilində köməyini əsirgəmirlər. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin tapşırığı əsasında YAP Mərkəzi Aparatı tərəfindən təbii fəlakətdən zərər çəkmiş şəxslərə humanitar yardım məqsədilə mal və avadanlıqlar, o cümlədən 45 ədəd generator, 150 ədəd elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün çoxlu sayda isti geyim dəstləri, yataq ləvazimatları, qış ayaqqabıları alınaraq qardaş Türkiyəyə göndərilməsi təmin edilmişdir.

Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyanın ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Bütövlükdə, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafı baxımından yeni mərhələnin əsası qoyulmuş oldu. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff