booked.net

Prezident İlham Əliyev cari ilin 2 mart tarixində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı edib


Prezident İlham Əliyev cari ilin 2 mart tarixində Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışında bir çox mühüm məsələlərə toxunub. Bu çıxış dünya əhəmiyyətli məsələləri əhatə edirdi.
Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ali məqsədlərə xidmət etməklə ədaləti və beynəlxalq hüququ müdafiə edir. Hərəkatın koronavirusla mübarizə sahəsində gördüyü böyük işlərin coğrafiyası kifayət qədər genişdir. Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi, Zirvə toplantısında mühüm qərarların qəbulu və koronavirusla mübarizəyə ciddi töhfələrin verilməsi, BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması, BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında  “peyvənd millətçiliyi”nə qarşı qətnamələrin qəbul edilməsi kimi faktlar buna nümunədir. Bütün bunların həyata keçirilməsində Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri kimi böyük əzm göstərmişdir.
"Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdük. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasına istinad edib."-deyə, dövlətimizin başçısı çıxışında bildirib. 
Prezident İlham Əliyev: "2021-ci ildə Belqradda keçirilən Yüksək Səviyyəli yubiley görüşündə mən Hərəkatın COVID-19-dan sonrakı dövrlə bağlı mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli görüşünün keçirilməsi ideyasını irəli sürdüm. Bunu nəzərə alaraq mən bu Zirvə toplantısını çağırdım və inanıram ki, bu tədbir yeni meydana çıxan qlobal əhəmiyyətli məsələləri müzakirə etmək imkanı yaradacaq."
Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifinin BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazanması da onu göstərir ki, ölkəmiz tərəfindən irəli sürülən bu mühüm təşəbbüs mühüm əhəmiyyət kəsb edir. 
2020-ci ilin dekabr ayında keçirilən xüsusi sessiyada   70-dən çox dövlət və hökumət başçısı çıxış edib. Diqqət çəkən məqamlardan biri də budur ki, həmin tədbirdə beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanıb, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilib.
Biz bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”ni xüsusilə pandemiya ilə mübarizədə ciddi maneə kimi qiymətləndirən Prezident İlham Əliyev bildirib ki, nəticədə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu.
Bu, Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi.
Dövlətimizin başçısı Qoşulmama Hərəkatında Azərbaycanın oynadığı əhəmiyyətli rola da diqqət çəkib: "Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib."
Prezident İlham Əliyev çıxışında Azərbaycanın Hərəkatın institusional inkişafına güclü dəstəyindən də söz açıb və ölkəmizin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdiyini, həmçinin Şəbəkənin ilk iclasının 2022-ci ilin iyun ayında Bakıda keçirildiyini də xüsusi vurğulayıb. 
Onu da xüsusi qeyd edək ki, Qoşulmama Hərəkatının inkişafı və güclənməsi istiqamətində təşkilatın sədri kimi Prezident cənab İlham Əliyevin misilsiz xidmətləri olmuşdur. Məhz ölkə başçımızın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradıldı.  
Şuşa Razılaşması əsasında yaradılmış Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Hərəkatın işində böyük töhfə verəcəyi şübhəsizdir. Bu qurumun böyük uğurlara imza atacağına inam yaradan amillərdən biri də Təşkilatın daimi katibliyinin Bakıda yerləşməsidir. Çünki, Azərbaycanda dünya üçün nümunəvi modelə çerilən gənclər siyasəti həyata keçirilib. Bu, təşkilatın işini həyata keçirməsi üçün potensialdır.
Son bir neçə onillikdə arzuolunmaz tendensiyaların müşahidə edilməsi, mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturasının köklü dəyişikliklərlə üzləşməsi ciddi narahatlıq doğurur. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir.
Prezidint İlam Əliyev bu reallıqlara münasibətini belə qeyd edib: "Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir."
İndi bəşəriyyət dünya düzəninin yenidən formalaşmasına şahiddir. “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.
Prezident cənab İlham Əliyev dünyanı narahat edən ən böyük problem- Şərq-Qərb qarşıdurmasını və bundan bir çox dövlətlərin əziyyət çəkməsini gündəmə gətirib. Özünü demokratik, insan haqlarının müdafiəçisi kimi təqdim edən Fransa, əslində kiçik, zəif dövlətləri müstəmləkə altında saxlayan, xalqları soyqırıma məruz qoyan bir dövlətdir. Fransa Afrika, Cənub-Şərqi Asiya və digər bölgələrdə Qoçulmama Hərəkatına üzv olan ölkələrdə qanlı cinayətlər törətmiş və bu ölkələri öz müstəmləkəsinə çevirmişdir. Ölkə başçımız Zirvə görüşündə qətiyyətli şəkildə Fransanın törətdiyi cinayətləri bir daha bütün dünyaya bəyan etdi. Bu vaxta qədər heç bir dövlət başçısı Fransanın bu cinayətlərini açıq şəkildə söyləməmişdir. Fransa kimi bir dövlətin BMT TŞ -nın daimi üzvü kimi qalması qəbuledilməzdir. Müstəmləkə siyasəti aparan Fransanın Təhlükəsizlik Şurasında başqa ölkələrin taleyinin həllində rol oynaması yol verilməzdir.
Prezident İlham Əliyev: "Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq."
Prezident İlham Əliyev əvvəlki çıxışında və bu dəfəki Qoşulmama Hərəkatının Zirvə görüşündə bir daha BMT-nin nizamnaməsində islahatlar aparılmasının vacibliyini səsləndirib. Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması artıq reallaşdırılmalıdır. Afrika dövlətləri, Qoşulmama Hərəkatına üzv dövlətlərdən biri, eləcə də 2 milyarddan çox əhalisi olan islam dövlətlərinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatını təmsil edən ölkə Təhlükəsizlik Şurasında daimi üzv kimi təmsil olunmalıdır.
Belə çox əhəmiyyətli təşəbbüslərlə çıxış edən Prezident İlham Əliyev   Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamalı və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməli olduğunu vacib sayıb. 
Dövlətimizn başçısı pandemiyanın “2030: Davamlı İnkişaf Məqsədləri”nin icra olunmasına mənfi təsirindən də söz açıb və bundan çıxış yolunu qlobal səylərin gücləndirilməsində görüb: "Bu məqsədlə biz BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etmişik. Bu panel postpandemiya dövrü üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər. Mən Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə çağırıram."
"Biz suverenliyə, milli sahibliyə, bərabərliyə və qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub-Cənub əməkdaşlığını daha da gücləndirməliyik."- deyən Prezident İlham Əliyev bildirib ki, həmin gündəlik Cənub ölkələrinin özləri tərəfindən öz milli ehtiyac və prioritetlərinə uyğun olaraq təşkil edilib. Bu, kənardan məcburi qaydada qoyulmuş bir gündəlik deyil.
Dövlətimizin başçısı çıxışında bəşəriyyət üçün mövcud olan digər bir təhdidə də diqqət çəkib. O, iqlim dəyişikliyinin su qıtlığı, ərzaq çatışmazlığı və məcburi miqrasiya kimi ciddi problemlərə səbəb olduğunu xüsusi vurğulayıb. İnkişaf edən kiçik ada ölkələri üçün bu, daha təhlükəlidir. Çünki onlar iqlim dəyişikliyinin təsirlərinə daha həssas olduqları üçün yer üzündən silinmək təhlükəsi ilə üzləşiblər.
COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycanın  Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcəyini bildirən dövlətimizin başçısı iki qlobal çağırışı bəyan edib: "Bunlar Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir. Məmnuniyyətlə elan edirəm ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır. İnanıram ki, Qoşulmama Hərəkatının üzvləri və beynəlxalq ictimaiyyətin digər üzvləri Azərbaycanın təşəbbüsünü dəstəkləyəcək və bizə qoşularaq postpandemiya bərpası dövründə ehtiyacı olan ölkələrə dəstək verəcəklər."
Prezident İlham Əliyev çıxışında BMT Təhlükəsizlik Şurasının indiki fəaliyyətinə də toxunub və səmərəli olmadığını qeyd edib. Fikrini konkret faktlarla əsaslandıran ölkəmizin rəhbəri Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə günün içində icra olunduğu halda, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmadığının nümunəsinin bu təşkilatın fəaliyyətindəki ikili standartdan başqa izahının olmadığnı deyib:  "2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi."
İşğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri apardığını da diqqətə çatdırıb və bildirib ki, Azərbaycan hökuməti 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib. Bu il biz bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırırıq. Biz müasir şəhərsalma - “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarından istifadə edərək yeni şəhər və kəndləri sıfırdan yaradırıq. Bu, milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir.
Prezident İlham Əliyev çıxışında ölkəmizlə bağlı daha bir vacib məsələyə toxunub,- işğaldan azad edilmiş torpaqlarımızda qaçqın və köçkünlərin qayıdışına, onların doğma yurdlarında normal həyata dönüşünə düşmənin basdırdığı minlərlə mina təhlükə yaradır və bu işlərin həyata keçirilməsini ləngidir.     
Prezident İlham Əliyev xüsusi qeyd edib ki, Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır.
Dövlətimizin başçısı onu da qeyd edib ki, ölkəmiz üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. 
Prezident İlham Əliyev yüksək tribunadan Qoşulmama Hərəkatına üzv olan ölkələrə müraciət edərək bu təşəbbüsü dəstəkləməyə çağırıb və Hərəkata üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edib. 
Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolunda ilk addım atan da Azərbaycan olub. Münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff