booked.net

Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsı


Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanda başlayan milli azadlıq mücadiləsi  və bu müstəvidə yaşadığlmız faciələr  həm ölkə daxilində həm də  xaricdə yaşayan soydaşlarımızın vahid ideya ətrafında birləşdirilməsi və onların imkanlarının istifadə edilməsini taleyüklü  bir məsələ kimi ortaya çıxardı. Bu məsuliyyəti  öz üzərinə götürən görkəmli dövlət xadimi Heydər Əliyev  qısa müddətdə tarixiliklə müasirliyin tam vəhdətinə nail oldu.
Həmin dövrdə Heydər Əliyev tərəfindən irəli sürülən   azərbaycançılıq ideyası  Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı. Azərbaycanın bir müstəqil dövlət kimi varlığı məhz ulu öndərin 1993-cü ildə hakimiyyətə ikinci qayıdışı dövründə   qorunub saxlanıldı. Azərbaycançılığın bütöv bir xalqın, bütün dünyada yaşayan azərbaycanlılarıının  ana vətənlə əlaqəsi olan bütün soydaşlarımızın və həmvətənlərimizin milli birlik simvoluna çevrilməsi və Azərbaycan Respublikasında rəsmi dövlət  quruculuğu praktikasında həyata keçirilməsidə məhz bu  tarixi dövrdə başladı.
Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb.
Ümummilli Lider müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu. Bu istiqamətdə ilk addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə atıldı. Sonrakı dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə qədim İpək Yolunun bərpasına, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Çini Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi.
1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi. Təfərrüata varmadan demək olar ki, Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşmasının əsasının qoyulduğu gündür.
İyunun 15-də Ali Sovetin sədri seçilən Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi.
“Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.
Həmin dövrdə ölkə daxilindəki pozucu qüvvələr qarışıqlıq salmaq cəhdlərini davam etdirirdilər. Avqustun 7-də cənub bölgəsində qondarma “Talış-Muğan Respublikası” elan olundu. Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşüb vəziyyəti müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına siyasi qiymət verdi.
Dahi rəhbər avqustun 24-də Azərbaycan dövlətçiliyinin və ərazi bütövlüyünün qorunmasına həsr edilmiş Ümumrespublika müşavirəsində nitq söylədi.
“Güman edirəm ki, bugünkü həyatımız, gələcək günlər, illər xalqın indiki dövrdə olan vəziyyətinə tam qiymət verəcək və hər bir şəxs tutduğu vəzifədən, yaxud siyasi mənsubiyyətindən asılı olmayaraq, xalqın qarşısında cavab verəcəkdir. Birbaşa olmasa da, tarix hərənin qiymətini özünə verəcəkdir. Eyni zamanda sizə bildirmək istəyirəm ki, Azərbaycan xalqının qüdrəti də var, imkanı da var. Azərbaycan xalqı və onun qabaqcıl, işıqlı fikirli adamları, xalqa sədaqətli övladları, xalq üçün ürəyi yanan şəxsləri birləşərək Azərbaycanı bu ağır vəziyyətdən çıxaracaqlar”.
1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə xalq Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Dahi rəhbər oktyabrın 10-da andiçmə mərasimində deyirdi: “Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaqdır”.
Azərbaycan Prezidenti dekabrın 11-12-də İmişli, Füzuli, Beyləqan, Şəmkir, Ağcabədi rayonlarına və Gəncə şəhərinə gedərək əhali ilə görüşdü, insanları ruhdan düşməməyə çağırdı.
“ Mən qələbəmizə inanıram. Qələbəni biz birlikdə təmin etməliyik. Bu nurlu günün yaxınlaşmasında ordumuza hər kəs əlindən gələn köməyi göstərməlidir. Mən sizi Azərbaycan tarixinin şanlı döyüş ənənələrini və bir çox nəsillərin qəhrəmanlığını xatırlamağa, hamımız üçün rüsvayçı olan məğlubiyyətçilik əhvalı ilə barışmamağa və təcavüzkara qarşı elliklə mübarizəyə qalxmağa, öz doğma diyarını, dövlətin ərazi bütövlüyünü və müstəqilliyini, lazım gələrsə, həyatını qurban verərək qorumağa çağırıram”.
Ulu Öndər vurğulayırdı ki, xalqı üçün firavanlıq və əmin-amanlıqdan başqa ayrı bir arzusu yoxdur. Bütün varlığını, bütün qüvvə və bacarığını bu amala həsr edib. Onun həyat fəlsəfəsi bundan ibarətdir. Yazıçı Aleksandr Proxanovla müsahibəsində söylədiyi kimi: “Xalqa xidmət elə, xalqın yolunda özünü fəda elə. Bax, budur ideya, budur fəlsəfə! Belə düşünürəm ki, bu ideologiyanı ədəbiyyat və incəsənət xadimləri, din xadimləri formalaşdıracaqlar!”
Heydər Əliyev 1993-cü il sentyabrın 22-də respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdəki çıxışında gənclərin vətənpərvərlik tərbiyəsi haqqında danışaraq onların əsl vətəndaşlıq borcunun vətənə xidmət nümunəsindən ibarət olduğunu göstərirdi. Heydər Əliyev göstərirdi ki, "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun bu günüdür, həm də sabahıdır, ümididir. Siz, Azərbaycan xalqının gənc nəsli, bu gündə müstəqil Azərbaycan Respublikasının ictimaisiyasi həyatında böyük rol oynayırsınız. Eyni zamanda, müstəqillik yoluna düşmüş Azərbaycan dövlətinin gələcəyinin, xalqımızın daha firavan yaşamasının təməlini qoymaqda iştirak edirsiniz. Buna görə də sizə ümid bəsləyirik. Həm də üzərinizə böyük məsuliyyət düşdüyünü sizə bildirmək istəyirəm... Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir necə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir. Bu isə həm bizdən, həm də ən çox sizdən - Azərbaycanın gənclərindən asılıdır. Ona görə də indi biz müstəqil Azərbaycanın dövlət orqanlarını formalaşdıraraq müstəqillik prinsiplərini həyata keçirərək həm tarixi ənənələrimizdən istifadə edir, həm dünya təcrübəsindən bəhrələnir,həm də gənclərimizə çox istinad edirik, güvənirik".
Yeni Azərbaycan Partiyası həqiqətən böyük intellektual potensiala, mütəşəkkil təşkilati gücə malik siyasi qüvvədir. Bu partiya güclü lider, güclü ideya - Azərbaycançılıq ideyası ətrafında birləşərək keçirilən seçkilərə praqmatik rasional proqramla getmiş, gələcək strategiyasını açıqlamışdır. Seçici elektoratına təqdim olunmuş platformada ölkə həyatının bütün sahələri ilə bağlı elmi cəhətdən əsaslandırılmış konseptual proqram və təkliflər irəli sürmüşdür.
Ulu Öndər partiyanın fəaliyyətini yüksək dəyərləndirir və onun gələcəyinə böyük inam bəsləyirdi. Partiyanın yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyən Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyasının böyük gələcəyi vardır. Çünki ötən altı il müddətində Yeni Azərbaycan Partiyası vətəndaşlarımıza və dünya ictimaiyyətinə sübut etdi ki, siyasi fəaliyyət göstərməyə Azərbaycanın taleyüklü məsələlərini həll etməyə qadir bir partiyadır, Azərbaycan xalqının taleyi ilə əlaqədar olan məsuliyyəti öz üzərinə götürüb daşıya bilən bir partiyadır. Ona görə Yeni Azərbaycan Partiyası yaşayacaq, inkişaf edəcək, xalqımızı, müstəqil dövlətimizi xoşbəxt gələcəyə aparacaqdır”.
2001-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının II qurultayında ölkəmizin və partiyanın keçdiyi yolu təhlil edən Ümummilli Lider böyük iftixar hissi ilə qeyd etdi ki, biz hakimiyyətə gələndən sonra insanlar üçün azadlıq, sərbəstlik, o cümlədən söz və mətbuat azadlığı təmin olunmuşdur: “Azərbaycanda həqiqi demokratiya yaranıbdır, onu yaradan da Azərbaycan iqtidarıdır, onun Prezidentidir, Yeni Azərbaycan Partiyasıdır.

             Heydər Əliyevin Elmlər Akademiyasında ziyalılarla görüşündəki çıxışından
• Qarşımızda vəzifələr çoxdur. Ancaq şübhəsiz ki, tək mən, yaxud da ki, mənimlə bərabər bir neçə adam bunların hamısının öhdəsindən gələ bilməz. Xalq birləşməlidir. Xalqın ağlı, zəkası, biliyi birləşməlidir...
• Müstəqilliyi əldə etmək siyasi nöqteyi-nəzərdən o demək deyil ki, müstəqillik tamamdır və dönülməzdir. Müstəqilliyi inkişaf etdirmək, möhkəm saxlamaq, bütün sahələrdə tətbiq etmək lazımdır. Bu sahədə çox iş görməliyik...
• Biz tariximizi həmişə obyektiv təhlil etməliyik və bugünkü nəslə, gələcək nəsillərə düzgün çatdırmalıyıq. Təəssüf ki, əvvəlki dövrlərə aid tariximizdə çox faktlar təhrif olunub, indi də təhrif edilir. Əgər o vaxt bir istiqamətdə təhrif olunurdusa, indi başqa bir istiqamətdə təhrif edilir. Tarixçilərimizin borcudur ki, bu qüsuru aradan götürsünlər...
• Mən o vaxtlar – Azərbaycanda işlədiyim dövrdə də deyirdim, indi də bu sözlərin üstündə dururam ki, tarixçilərimiz üçün bütün şəraiti yaratmağa hazıram. Bir şərtlə ki, bu şəraitin əvəzində biz tarixçilərimizdən Azərbaycan tarixini bu gün üçün, gələcək nəsillər üçün və bütün gələcək üçün yaxşı əks etdirən əsərlər ala bilək...
• Xalqımız qədim xalqdır, böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu xalqımıza nə qədər dərindən çatdıra bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik hissini, həqiqi vətəndaşlıq hissini, azərbaycanlılıq hissini yüksəldərik...
• Müstəqil dövlət olmaq üçün xalqın gərək mentalitet səviyyəsi olsun. Xalqın mentalitetini qaldırmaq isə bir-iki günün işi deyil. Bir çox nəsillərin işidir, bununla məşğul olmaq lazımdır...
• Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırdılar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış bir adamdır. Hüseyn Cavidin “İblis” əsəri heç də Hötenin “Faust”undan geri qalmır. Ancaq biz belə inciləri lazımi qədər qiymətləndirə bilmirik...
• Azərbaycan Respublikasının həm elmi, həm də mədəni potensialı böyükdür. Keçmişdə yaşayıb-yaratmış alimlərimiz, yazıçılarımız, şairlərimiz, bəstəkarlarımız böyük irs qoyub getmişdir. İndiki nəslin borcudur ki, bunların əsasında elmimizi, mədəniyyətimizi inkişaf etdirsin...


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff