booked.net

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi.


Prezident İlham Əliyev: "Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur."

MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVIN "DƏMİR YUMRUQ" SIYASƏTİNİ YÜKSƏK ƏHVALI-RUHİYYƏ İLƏ QARŞILAYAN AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ ÇOX QISA ZAMANDA, 44 GÜNDƏ 30 İLIN İŞĞALINA SON QOYDU

Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycan torpaqlarının 30 illik işğalına son qoymuş, öz suveren ərazi bütövlüyünü bərpa etmiş, dünya dövlətləri arasında böyük nüfuza sahiblənmiş, dinamik inkişaf edən və ən mötəbər beynəlxalq təşkilatlarda öz sözünü deyə bilən bir ölkəyə çevrilmişdir. Üç il bundan Ali Baş Komandanın "Dəmir yumruq" siyasətinə Şanlı Ordumuzun əsgər və zabitlərinin rəşadəti ilə Vətən müharibəsində əldə etdiyimiz Qələb Zəfəri Azərbaycan dövlətçiliyinin tarixinə ən şərəfli səhifələr kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Dəmir Yumruq" siyasətini yüksək əhvali-ruhiyyə ilə qarşılayan Azərbaycan Silahlı Qüvvələri çox qısa zamanda, 44 gündə 30 ilin işğalına son qoydu. Cəmi 44 gündə 6 şəhəri, 5 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etmək yüksək peşəkarlıq, döyüş ruhu, təcrübəsi tələb edirdi ki, Azərbaycan Ordusu bunu dünyaya təqdim etdi və dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində tarixi Zəfərimizə imza atdıq. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapan əsas müddəalardan biri Ermənistan silahlı birləşmələrinin qalıqlarının ərazilərimizdən çıxarılması idi. Təəssüflər olsun ki, 3 ilə yaxın dövrdə Ermənistan bu sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində səylər göstərməmiş, törətdiyi təxribatlarla hələ də 30 illik işğal dövrünün ab-havası ilə yaşadığını təsdiqləmişdir.
Bu il, sentyabr ayının 19-da Ali Baş Komandanımızın yenə də "Dəmir Yumruq" siyasəti ilə həyata keçirilmiş lokal antiterror tədbirləri Azərbaycanın öz ərazilərinin bütövlüyü uğrunda apardığı ədalətli savaşın son və ən parlaq nöqtəsini qoydu.

"QEYD ETMƏLİYƏM KI, ANTİTERROR TƏDBİRLƏRİ NƏTİCƏSİNDƏ BİZİM HƏRBÇİLƏRİMİZ BÖYÜK QƏHRƏMANLIQ, ŞÜCAƏT, PEŞƏKARLIQ GÖSTƏRMİŞLƏR”

Prezident İlham Əliyev sentyabrın 19-u səhər erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı, onlardan ikisi mülki şəxs mina terrorunun qurbanı olduğunu vurğulayaraq bildirmişdir ki, bu brinci dəfə deyil ki, bizə qarşı Ermənistan terror aktı törədir: “İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur, ya da ki, ağır yaralanmışdır.
Dünənki terror aktı bu sıradan olan hadisə idi. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Yəni, bu, bir daha onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir.”
Ali Baş Komandan baş verən terrorla bağlı Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırmışdır: "Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir".
Bəli, Ali Baş Komandanın əmri ilə antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir: “Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır.
Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir”.

“ANTİTERROR TƏDBİRLƏRİ ZAMANI ŞƏHİDLƏRİMİZ OLUB. ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN. YARALI ƏSGƏR, ZABİTLƏRİMİZ OLUB. ALLAH ONLARA ŞƏFA VERSİN. ONLAR VƏTƏN YOLUNDA, HAQQ-ƏDALƏT YOLUNDA, AZƏRBAYCANIN SUVERENLİYİ YOLUNDA ÖZ CANLARINI FƏDA ETMİŞLƏR. ONLARIN ƏZIZ XATİRƏSI BİZİM QƏLBİMİZDƏ ƏBƏDİ YAŞAYACAQDIR”

Prezident İlham Əliyev xalqa müraciətində bir daha vurğuladı ki, aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır: “Onu da bildirməliyəm ki, Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır. Halbuki dəfələrlə həm Ermənistan rəhbərliyi ilə təmaslar əsnasında, eyni zamanda, beynəlxalq tədbirlərdə yüksək kürsülərdən mən dəfələrlə bu məsələyə qayıdaraq Azərbaycan dövlətinin haqlı narazılığını ifadə etmişdim. 10 noyabr üçtərəfli Bəyanatı, əslində, Ermənistan dövlətinin kapitulyasiya aktı idi və bu kapitulyasiya aktına görə Ermənistan Azərbaycan ərazilərindən bütün silahlı qüvvələrini çıxarmalı idi. Ancaq bundan imtina edirdi.
Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.
Əməliyyatın uğurlu gedişatı təbii ki, Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Əməliyyatdan bir qədər sonra bizə vasitəçilər tərəfindən müxtəlif qeyri-müəyyən siqnallar gəlməyə başlamışdır və bizim Silahlı Qüvvələrimizin uğurlu irəliləyişi nəticəsində bu siqnallar daha intensiv xarakter almışdır. Bu gün səhər beynəlxalq tərəfdaşlardan bizə verilən məlumat ondan ibarət idi ki, qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun bu birləşmələri artıq bizim şərtlərimizi qəbul etməyə hazırdırlar. Bizim şərtlərimizi isə mən dünən mənə zəng etmiş Amerika Birləşmiş Ştatlarının Dövlət katibinə çatdırmışdım. Məndən soruşuldu ki, antiterror tədbirlərini dayandırmaq üçün nə lazımdır? Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir”.

"DƏMİR YUMRUQ" YERİNDƏDİR VƏ HƏR ZAMAN YERİNDƏ OLACAQ! HEÇ KİM BİZİMLƏ DİKTAT VƏ ULTİMATUM DİLİ ILƏ DANIŞA BİLMƏZ! BUNU HEÇ KİM UNUTMASIN! ONU DA UNUTMASIN Kİ, QARABAĞ AZƏRBAYCANDIR!"

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində söyləyib ki, biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyi güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər. Cənubi Qafqazın əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olduğunu xatırladan dövlətimizin başçısı bildirib: "Yetər artıq! Biz bunu tələb edirik".
Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqenin ümidlər verdiyini deyən Prezident İlham Əliyev Azərbaycanın və Ermənistanın öz aralarında olan məsələləri tənzimləyəcəyi, sülh müqaviləsi imzalayacağı və Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqları günün uzaqda olmadığına ümidvar olduğunu vurğulayıb.
Dövlətimizin başçısı bizə xor baxanlara da xəbərdarlıq edərək deyib: "Onu da bildirməliyəm, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, "Dəmir yumruq" yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!".


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff