booked.net

“Böyük Qayıdış” Zəngilandan başlayır


Prezident  İlham Əliyev: 2025-ci ildə, ola bilər, bir az da tez Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar”

Prezident İlham Əliyevin 29 sentyabr 2023-cü il tarixində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı 

Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda keçirilən II Milli Şəhərsalma Forumu işini sessiyalarda davam etdirib.
Forumun açılışı Zəngilanda yeni inşa edilən Konqres Mərkəzində keçirilib.
Forum 50-dən çox ölkədən dövlət və hökumət nümayəndələrini, ekspertləri, siyasətçiləri, beynəlxalq təşkilatların təmsilçilərini, elm adamlarını, habelə Azərbaycanın müvafiq şəhər və rayonları ilə qardaşlaşma əlaqələri quran xarici tərəfdaşlar daxil olmaqla, 450-yə yaxın yerli və xarici nümayəndəni bir araya gətirib.
Üç gün davam edəcək forumda “Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi rolunda” mövzusuna dair inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yeni yanaşmalar, beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilb.

Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayıb ki, bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir, bütün Qarabağ kimi. Şəhərsalma forumuna ümumilikdə 400 iştirakçının qatıldığını bildirən dövlətimizin başçısı deyib: “Bu, bizim dostluğumuzun təzahürüdür, bizim birgə marağımızın təzahürüdür ki, işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək”.
Prezident İlham Əliyev forumda çıxışı zamanı bildirib ki, Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsi idi ki, artıq keçmiş məcburi köçkünlər buraya evlərinə qayıdıblar. Ağalı ağıllı kəndinə həyat qayıdıb, orada sakinlər xoşbəxt yaşayırlar: "Mən şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə qədər bağlıdırlar. Heç vaxt öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır".

Açılış mərasimində çıxışı zamanı Dövlət başçısı bildirib ki, bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar Ermənistan tərəfindən 30 il ərzində bu imkandan məhrum edilmişdilər. Ancaq üç il bundan əvvəl biz işğala son qoyduq.

Zəngilanın Baş planının artıq təsdiq edildiyini bildirən dövlətimizin başçısı deyib ki, burada infrastruktura böyük vəsait ayrılıb, bir neçə yaşayış layihəsi icra olunmaqdadır. “2025-ci ildə, ola bilər bir az da tez Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
"Zəngilanda artıq böyük bir məktəb inşa edilməkdədir. Zəngilan məscidinin inşası yekunlaşır. O, ermənilər tərəfindən məhv edilən qədim məscidin yanında inşa edilib". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

İşğal altında olmuş torpaqlarda 67 məsciddən 65-nin məhv edildiyini, ikisinin isə yarı dağılmış vəziyyətdə olduğunu söyləyən dövlətimizin başçısı bunun Azərbaycana qarşı urbisid və kultursidin təzahürü olduğunu diqqətə çatdırıb. Böyük Qayıdış Proqramına toxunan Prezident İlham Əliyev həmin Proqramın azad edilmiş bütün ərazilərin bərpasını əhatə etdiyini qeyd edib.

İşğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensialdan səmərəli istifadə etmək məqsədilə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Burada qarşıya qoyulan hədəflərə nail olmağın mexanizmləri öz əksini tapıb. Əsas çağırışlardan biri bu ərazilərinyaşıl enerji zonasına çevrilməsidir. Bu torpaqlar zəngin bərpa olunan enerji resurslarına malikdir. Onlara investisiyaların yatırılması hazırkı dövrün mühüm çağırışlarındandır.

Prezident İlham Əliyev Forumdakı çıxışında diqqəti bu statistik rəqəmlərə yönəltdi ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard dollar olacaq: “Bu, təbii ki, parlamentdə yenidən müzakirə ediləcək və dediyim kimi, Azərbaycan bunu öz şəxsi dövlət vəsaiti hesabına həyata keçirir. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib. Özbəkistan Füzulidə məktəb tikdi, digəri isə yekunlaşmaq üzrədir. Yəni, bu, Azərbaycan üçün çox böyük maliyyə yüküdür. Ancaq Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir.”

Dövlət başçısı İlham Əliyev bərpa-quruculuq işlərinə başlandığı gündən bu hədəfi açıqladı ki, bu torpaqlarımız müasir tələblər səviyyəsində yenidən qurulmalıdır. Çünki insanlar 30 ilə yaxın işğal dövründə çox əziyyət çəkib, çətin şəraitdə yaşayıb, mənəvi çətinliklərlə üzləşiblər. Onlar 30 il doğma yurd-yuvalarına qayıdacaqları günü gözlədilər. 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər tarixini yazmaqla 30 il işğal altında qalan torpaqlarımızı azad etdi, soydaşlarımızın arzularını reallaşdırdı. Bu gün onların gözləntiləri tezliklə bu yerlərə qayıtmaqdır.

“Hesab edirəm ki, bu gün burada - Zəngilanda, növbəti günlərdə Forumun Bakıda davam etdiyi müddətdə müzakirələr təkcə şəhər planlaması və inkişafa dair təcrübə mübadiləsi ilə bağlı olmayacaq, regionun gələcəyi barədə də fikir mübadiləsi aparılacaq. Biz bu regionun gələcəyini necə görürük?” söyləyən dövlət başçısı İlham Əliyev 30 illik işğal dövründə Azərbaycanın sülh danışıqları əsasında münaqişənin həllinə səy göstərdiyini önə çəkərək bildirdi ki, danışıqlara vasitəçilik edən ölkələrə baxsaq, görərik ki, onlar istəsəydilər, buna çoxdan nail olmuşdular. BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə ölkəsi keçmiş Minsk qrupunun həmsədrləri idi. O qrup ki, işğala son qoymaq üçün mandatı var idi və bu, ATƏT-in çətiri altında həyata keçirilirdi. Amma bizim üçün digər hüquqi çərçivə də var idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb. Lakin bu sənədlər 27 il icrasını gözlədi. Ermənistan beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozurdu. Dövlət başçısı bu məqamda xüsusi qeyd etdi ki, İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi. Sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan hər zaman danışıqlar masasında konstruktiv idi. Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik. Nəticədə isə bunu özümüz etməli olduq.

Forumda Azərbaycanın son uğurlarına bir daha diqqət yönəldildi. Ədalətin və beynəlxalq hüququn yanında olan ölkəmizin uğurlarının miqyası genişdir. Bir günlük lokal antiterror tədbirləri Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj oldu. Bu tədbirlərin nəticəsi olaraq sülh müqaviləsinin tezliklə imzalanması üçün bütün maneələrin aradan götürüləcəyini düşünmək olar. Müzəffər Ali Baş Komandan Forumda bir daha bu çağırışı etdi ki, sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsin və sülh sazişinin layihəsi üzərində işləsin. 20 sentyabrda suverenliyimizi artıq bərpa etmişik: “Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır. Bununla yanaşı, təbii ki, gərək sərhədlərin delimitasiyası üzərində fəal surətdə çalışaq və uzun müddət sürən bu qarşıdurmaya son qoyaq. Azərbaycanda biz sülh istəyirik. Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır.”

Açılış mərasimində çıxışı zamanı bildirib ki, artıq 2000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb və ilin sonuna qədər onların sayı 5500-ə çatdırılacaq: "...Bu gün biz şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu, ilk növbədə, onu göstərir ki, Azərbaycan xalqı öz vətəninə nə dərəcədə bağlıdır. Onlar öz vətənlərində, əcdadlarının vətənlərində yaşamaq istəyirlər".
Dövlətimizin başçısı onu da söyləyib ki, bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib: "Otuz il ərzində bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən artığı hazırkı Ermənistan ərazisindən sürgün edilib. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. 30 il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi".

Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı vurğulayıb ki, bu gün Horadizdən Zəngilana dəmir yolunun inşası fəal fazadadır və nəqliyyat dəhlizinin bu mühüm hissəsi tezliklə hazır olacaq: "Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Biz tezliklə bu layihəni istifadəyə verəcəyik. Yəni, Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq".

Eyni zamanda, Prezident qeyd etdi ki, biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik və bunu səmimi deyirik. Yəni, bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı: “Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir.”


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff