booked.net

Azərbaycan tarixinin qürur səhifəsi


"...Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Düzdür, bunu öz xoşu ilə etməyib, bunu “dəmir yumruq” hesabına etməyə məcbur olub."
             (Azərbyacan Respublikasının Prezidenti İlham Əliyevin 20 sentyabr 2023-cü il tarixində  xalqa müraciətindən) 

44 günlük müharibədə qazanılan tarixi Zəfərimizdən sonra Azərbaycan ölkəmizin Qarabağ bölgəsində hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin çıxarılmasının zəruriliyi ilə bağlı dəfələrlə həm qarşı tərəfə, həm də beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər etsə də, Ermənistan nəinki bu öhdəliyinə əməl etmədi, əksinə, ölkəmizə qarşı silahlı təxribatlarının intensivliyini bir qədər də artırdı. 
10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatın müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınan Ermənistanın bu təxribatçı hərəkətləri, terror aktları, sözsüz ki, regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalırdı. 
Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə məqsədyönlü şəkildə, qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdı.
2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə yaradılan işçi qruplarını apardığı danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşayiət olunurdu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar yaşandı. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur.     
Separatçıların Qarabağda iqtisadi məqsədlərlə də qeyri - qanuni fəaliyyətlə də məşğul olurdular. Buna qarşı Azərbaycanın bir-sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyası keçirməsi düşmən tərəfin ölkəmizin ərazisində həyata keçirdikləri qeyri- konstitusion əməllərinə qarşı ciddi duruşu ölkə ictmaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı və dəstəkləndi. 
2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına cavab olaraq aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında "Laçın" Nəzarət-Buraxılış Məntəqəsinin qurulduğunu bildirmişdir. 
Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində göstərdikləri təşəbbüslər cavabsız qaldı. Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. 
Lokal antiterror tədbirləri keçirilməzdən əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun mövqelərini dəfələrlə müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tuturdu. Düşmən fitnəkarlığından qalmır, ərazilərimizin minalanmasını davam etdirirdilər. Mövqe tutduqları ərazilərdə mühəndis-istehkam işlərini davam edirməyə cəhd edir, eləcə də səngər və sığınacaqlarının sayının artırmağa çalşırdılar. 
Ordumuzun bölmələrinə qarşı düşmənin kəşfiyyat fəaliyyətlərini  genişləndirməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməlləri gərginliyi daha da artırırdı.  
2023-cü il sentyabarın 19-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırdığı minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldular. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandılar. 

Silahlı Qüvvələrimizin peşəkarlığı, sarsılmaz iradəsi, yüksək döyüş ruhu qısa zaman içində düşməni məhv etdi. Ordumuz lokal xarakterli antiterror əməliyyatları ilə bağlı qarşılarında duran bütün vəzifələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi və qəhrəman oğullarımızın şücaəti nəticəsində cəmi bir gündən də qısa vaxt ərzində yerinə yetirdilər. Azərbaycan əsgəri daha bir şanlı tarix yazaraq Qarabağda suverenliyimizi tam bərpa etdi. Həmin lokal antiterror əməliyyatları zamanı öz qanı və canı bahasına suverenliyimizin bərpası uğrunda döyüşdə Şəhidlik zirvəsinə ucalanlar sırasında Şamaxıda böyüyüb, boya-başa çatan, Vətən sevdalı beş OĞUL da vardı.

Vətən müharibəsinin gedişində olduğu kimi, 19-20 sentyabr antiterror tədbirləri zamanı da ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmırdı, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı. Bölgədə keçirilən anti-terror tədbirlərində Ordumuz yüksək peşəkarlıq nümayiş etdirdi. Tədbirlər çərçivəsində yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bu haqda Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi əvvəlcədən məlumatlandırıldı. 
Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərilir, onlar içməli su və ərzaqla təmin olunurdu. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılmışdı. 

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. 
Dövlətimizin başçısı müraciətində bildirdi ki, bölgədə keçirilən anti-terror tədbirləri nəticəsində xunta təslim oldu və bu zəhər yuvası artıq tarixdə qaldı: "Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur." 
Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.
Bölgədə antiterror tədbirlər başlananda, 44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan ediblər.
23 siyasi partiyanın imzaladığı Bəyanatın sonunda xalqa çağırış edilib:  "Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı Vətən müharibəsində olduğu kimi, bu şərəfli işdə də həmrəyliyə, möhtərəm Prezidentimizi və Ali Baş Komandanımızı dəstəkləməyə çağırırıq."
Rəsmi İrəvanı hərbi təxribatlara görə öz Bəyanatında qınayan Qərbi Azərbaycan İcması Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratdığını bildirib. 
Bəyanatda həmçinin Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistanın mono-etnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsdini dayandırması və Ermənistandan qovulmuş azərbaycanlıların ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına şərait yaratması üçün bu dövlətə təzyiq etməyə çağırıb.    


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff