booked.net

Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır


Oktyabrın 24-də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kazan şəhərində keçirilən  XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirak edib.
Qeyd edək ki, hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib. BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.
 BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir. BRICS yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir. BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır.

“DÖRDİLLİK SƏDRLİK DÖVRÜNDƏ QOŞULMAMA HƏRƏKATI ÖZÜNÜN İNSTİTUSİONAL İNKİŞAFINDA BÖYÜK ADDIM ATIB, BEYNƏLXALQ MÜNASİBƏTLƏR SİSTEMİNDƏ ÖZ YERİNİ XEYLİ MÖHKƏMLƏNDİRİB”
XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı bəyan edib ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib: “Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.
Ölkəmiz hazırda Avrasiya məkanının mühüm logistik mərkəzlərindən biri kimi tanınaraq yeni təşəbbüslər irəli sürməkdə davam edir. İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal iştirakçısı olan Azərbaycan gerçəkləşdirdiyi genişhəcmli layihələrin nəticəsi olaraq müxtəlif istiqamətlərə tranzit daşımaların səmərəli təşkilinə etibarlı təminat verir. “Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq”,- deyə dövlətimizin başçısı bildirib.

“NÖVBƏTİ AYDA BAKI ƏN BÖYÜK BEYNƏLXALQ İQLİM KONFRANSININ – COP29-UN KEÇİRİLMƏSİ MƏKANI OLACAQ”
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. 
Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirdiyi məkana çevrilib. “Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik”,-deyə dövlətimizin başçısı bildirib.

“İKİTƏRƏFLİ SÜLH GÜNDƏLİYİ”
 Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff