booked.net

REPORTAJ Nəsimi festivalı: “Şamaxı antologiyası” əlyazmasına dair sərginin təqdimatı olub


Qocaman Şamaxı torpağı yenidən bayram ovqatına bürünüb. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ikinci Nəsimi- şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində şəhərimiz daha bir tədbirə ev sahibliyi edir.
...Sentyabrın 18-dir. Dünyanın müxtəlif guşələrindən gələn çoxsayda qonaqlar Şamaxı tarix-diyarşünaslıq muzeyinə toplaşıblar. Az sonra “Şamaxı antologiyası” əlyazmasına dair sərginin təqdimatı keçiriləcək.
Türkiyə, Çin, Rusiya, Əfqanıstan, İndoneziya, Fransa, İngiltərə və digər ölkələrdən olan 150 nəfərdən çox festival iştirakçısının qatıldığı təqdimat mərasimi başlayır. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tədbiri açaraq qonaqları Nəsimi yurdunda salamlamaqdan şərəf duyduğunu bildirir.
Söz Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova verilir. O, Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olan İmadəddin Nəsimi və onun kimi mütəfəkkirlərin yaradıcılığının tədqiqi və təbliği sahəsində Fondun həyata keçirdiyi layihələrdən danışır. Bildirir ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamı, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ölkəmizdə tarixən məşhur, dünya şöhrətli insanların irsinin axtarılıb üzə çıxarılmasına, tanıdılmasına göstərilən böyük diqqətin nəticəsidir.
Daha sonra mərasim iştirakçılarının diqqəti Təbriz İslam Sənət Universitetinin professoru Kərim Mirzay çıxışına yönəlir. Tanınmış alim miniatür sənətinin incəliklərindən, Təbrizdə, o cümlədən Şamaxıda ədəbiyyat və incəsənətin, xüsusilə də miniatür rəssamlıq və xəttatlıq sənətinin inkişafından söz açır. Miniatür sənətinin incəliklərinə toxunan professor bu sənətin bir nəfərin deyil, xəttatın və ümumən bir qrupun işi olduğunu bildirir.
Məlum olur ki, əlyazma 1468-ci ilə aiddir və hazırda Londondakı “Britaniya” kitabxanasında saxlanılır. Əlyazmada 12 farsdilli şairin seçilmiş əsərləri toplanılıb. Onlardan bizə yalnız Kamal Xocəndi, Hafiz Şirazi, Əbdürrəhman Cami, Əmir Xosrov Dəhləvi, Şahi Sibzavari məlumdur. Əlyazma gözəl nəstəliq xətti ilə hər birində üç qəzəl olmaqla iki sütuna köçürülüb.


Əlyazma bir ədəd iki səhifəlik və yeddi tək miniatürdən ibarətdir. O, iki səhifəlik miniatür (diptix) sifarişçiyə həsr olunan ənənəvi ithafla açılır. Üfüqi şəkildə yerləşmiş, Herat diptixlərin xatırladan iki səhifəlik bu kompozisiya janrın bütün elementlərini özündə birləşdirir: xalçanın mərkəzində sağ hissədə nökərlər və saray xidmətçiləri, arxada bağ, ön planda naxışlı daşlarla döşənmiş həyət təsvir edilib. Təsvirdə hovuz ətrafında musiqiçilər və ziyafətə gələn qonaqlar əyləşib. Ön planda sol tərəfdə şahzadə, onun xidmətçisi və eşikağası (mərasimi idarə edən şəxs), yuxarı hissədə isə iki atla mehtər, əlində şahin tutmuş ovçu və həyətə daxil olan qonaqlar təsvir olunub.
Bir qayda olaraq, ilkin diptixlər təcrübəli və yaşlı ustalara həvalə edilirdi. Əlyazmada istifadə olunan kağız yaxşı cilalanıb və iri qızılı ləkələrlə zəngin şəkildə bəzədilmiş çəhrayı, bənövşəyi və sarı-yaşıl rənglərin müxtəlif çalarları ilə rənglənib. Teymurilər Çin kağızını yüksək qiymətləndirirdi və onlar rəngli boyalardan istifadəni və qızılla bəzədilməsini dəbə salmışdı. Bu cür çəkmək daha yaxşı hesab olunurdu, çünki azca tonlaşdırılmış kağız gözləri sakitləşdirir, tünd rənglər isə rəngli mürəkkəbləri tamamlayırdı.
Bir qədər sonra mərasim musiqi ahənginə bürünür. Əfqanıstanın “Detache” və Azərbaycanın “İnci” ansambllarının birgə çıxışları festival iştirakçılarının ovqatına yeni rəng qatır. Tədbir iştirakçıları musiqinin ecazkar səsilə baş-başa qalırlar.
Mərasim bununla yekunlaşmır. Hələ iştirakçıları bir neçə gündən sonra Meysəri kəndində böyük istehsal müəssisəsinin həyətində Nəsimi heykəl installyasiyasının açılışı gözləyir.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff