booked.net

İlham Əliyev Şamaxıda tikilən çoxmənzilli binalarda yaradılan şəraitlə tanış olub


Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində istismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən 51 mənzilli binada oldular.
İstismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə tikilmiş binada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, bu gün ölkədə həyata keçirilən sosial islahatların əsas təsiri özünü insanların yaşayış səviyyəsində göstərir. Dövlət daha çox aztəminatlı və xüsusi diqqət tələb edən təbəqənin sosial qayğılarının həllinə çalışır. Bu zaman dövlət məsələyə həm də kompleks yanaşır və bu yanaşma bütün əhali təbəqələrini əhatə edir. Bu sırada qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Artıq bu kateqoriyadan olan insanlar üçün ölkənin müxtəlif ərazilərində salınan yeni qəsəbələrdə və müasir yaşayış komplekslərində 300 mindən çox insan məskunlaşıb. Şəhid ailələrinin, müharibə veteranlarının mənzillərlə təmin olunması da dövlətin sosial siyasətinin prioritetləri sırasına daxildir. Dövlət həm də təbii fəlakətdən zərər görən vətəndaşların problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır. Baxmayaraq ki, təbii fəlakət hər bir ölkədə baş verir, amma başqa ölkələrdən fərqli olaraq Azərbaycanda təbii fəlakətin fəsadları vətəndaşın dövlətə etimadı, dövlətin isə vətəndaşın qayğısına qalmaq vəzifəsinin birliyi sayəsində həll olunur. Ötən ilin fevralında baş vermiş zəlzələ zamanı Şamaxıda xeyli sayda ev qəzalı vəziyyətə düşmüşdü. Dərhal hadisə yerinə gələn dövlətimizin başçısı təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün təcili tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verdi və sərəncamlar imzaladı. Bunun nəticəsi olaraq indiyədək çoxlu sayda yeni ev və çoxmərtəbəli bina tikilmiş və bərpa olunmuşdur.
Dövlətimizin başçısı və birinci xanım daha sonra zəlzələdən zərər çəkənlər üçün inşa olunmuş 110 mənzilli binalardakı mənzillərə baxdılar. Ötən il baş vermiş zəlzələdən sonra rayonda bütövlükdə 205 ev tikilib, 1219 ev bərpa və 1125 ev təmir olunub. Ümumilikdə 174 mənzilli, o cümlədən 4 mərtəbəli 44 mənzilli, 5 mərtəbəli 20 mənzilli və 5 mərtəbəli 110 mənzilli binaların tikintisi başa çatdırılıb. 1560 şagird yerlik şəhər 2 saylı tam orta məktəbi üçün yeni korpusun inşası və digər korpusun əsaslı təmiri davam etdirilir.
Görülən bütün bu işlərə Heydər Əliyev Fondu çox mühüm töhfələr verir. İndiyədək Fond tərəfindən 35 fərdi ev inşa edilib və 12 evdə bərpa işləri aparılıb, 290 yerlik 4 körpələr evi-uşaq bağçası, 360 şagird yerlik Məlikçobanlı kənd tam orta məktəbi üçün yeni binalar tikilib və 408 şagird yerlik Carhan kənd tam orta məktəbinin tikintisi davam etdirilir.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff