booked.net

Azərbaycanla Türkiyə arasında əlaqələrin bugünkü sürətli inkişafı, regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir


Azərbaycanla Türkiyə arasında əlaqələrin bugünkü sürətli inkişafı, regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir

Prezident cənab İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib.
Konfransda media nümayəndələrinə müraciət edən ölkə rəhbəri məhz 26 fevral tarixində Ermənistan tərəfindən dinc Azərbaycan əhalisinə qarşı qanlı cinayət, Xocalı soyqırımının həyata keçirildiyini bildirib, soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirildiyini, onların 106-sı qadın, 63-nün uşaq olduğunu diqqətə çatdırıb. Vətən müharibəsi ilə öz dədə-baba torpaqlarını düşmən işğalından azad edən qəhrəman Azərbaycan xalqının haqq-ədaləti bərpa etdiyini, regionun inkişafı üçün yeni era başlatdığını bildirib.
Müharibədən sonra sabitliyin qorunması üçün yaradılan Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasının əhəmiyyətini xüsusi vurğulayan ölkə rəhbəri Azərbaycan-Türkiyə qardaşlığının regionu inkişaf etdirəcəyini diqqətə çatdırıb.
44 günlük Vətən müharibəsinin ilk günlərindən qardaş ölkə Türkiyə Azərbaycanın haqq işinə dəstək verdi. Türkiyənin rəsmi şəxsləri ən yüksək səviyyədə açıqlamalar verməklə, Türkiyənin Azərbaycanın yanında olduğunu qətiyyətlə bildirdi, üçüncü tərəflərin bu haqq işində Azərbaycana mane olmaması, müdaxilə etməməsi üçün siyasi iradə göstərdilər. Sözsüz ki, Türkiyə rəsmilərinin birmənalı dəstəyi Azərbaycana çox böyük siyasi və mənəvi dayaq idi.
Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycanla Türkiyənin sarsılmaz birliyinin təcəssümüdür. "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimiz" - deyən böyük Atatürkün məşhur ifadəsini ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kimi xarakterizə etdiyi, düşüncə və duyğularımızın tərcümanı olan, bu gün heç kəsin dilindən düşməyən formul - Azərbaycan-Türkiyə dövlətləri formulu tamamladı.
İndi hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq bu münasibətlər daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Müharibə dövründə böyük sınaqlardan keçərək daha da möhkəmlənən və hər iki ölkə üçün çox əhəmiyyətli olan bu qardaşlıq və həmrəylik xalqımızı xain və qəsbkar Ermənistan üzərindəki qələbəyə aparan yolların da ən mühüm faktorlarından biri oldu.
Türkiyənin nüfuzunu və gücünü bütün dünya, məhz 44 günlük müharibə zamanı bir daha gördü. Dünya dövlətləri Türkiyə müdafiə sənayesinin keyfiyyətini də müşahidə etdi. Türkiyə istehsalı olan ən müasir - 5-ci nəsil müdafiə sistemlərindən Azərbaycan da məharətlə istifadə etdi və müharibədə bu, Ordumuzun böyük üstünlüyünü təmin etdi. Hazırda işğaldan azad edilmiş torpaqlarımızın minalardan təmizlənməsində, bu sahə ilə bağlı azərbaycanlı mütəxəssislərin hazırlanmasında da türk mütəxəssislər çox böyük əmək sərf edirlər.
Postmüharibə dövrü, həm də yeni imkanlar, bölgə ölkələri üçün yeni əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması deməkdir. Qarşıda Azərbaycandan keçməklə Avrasiyanın yeni bir nəqliyyat damarının açılması çox real görünür.
Dövlət başçısı yerli və xarici media nümayəndəlləri üçün mətbuat konfransında bildirdi ki, bütövlükdə Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir, resursları tükənmiş Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa məhkumdur.
Ölkəmizin başçısı konfransda qürur hissi ilə bildirdi ki, Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər və o da çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilib. Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak ediblər ki, bu da olduqca böyük rəqəmdir və türk şirkətlərinin yerinə yetirəcəyi işlərin həcminin geniş əhatəsindən xəbər verir. Azərbaycan qardaş ölkə mütəxəssislərinin Qarabağda inşaat, yenidənqurma, infrastruktur və tarixi abidələrimizin bərpası işlərində fəal rol oynayacağına inanır.
Gündən-günə qüvvətlənən hərbi sənayesiylə gəmi inşaatından müxtəlif silah sistemlərinə Türkiyənin Azərbaycanla birgə istehsalı da gündəminə alması qardaşlıq ittifaqının müdafiə sənayesində də müştərək layihələr həyata keçirərək ordularının gücünə güc qatacağını göstərir. Qarabağ zəfəri sonrasında Ankaradan gələn hərbi heyəti qəbulunda Prezident cənab İlham Əliyevin bölgədə təhlükəsizlik və sabitlik üçün iki qardaş ölkə ordularının inteqrasiyasının daha da dərinləşdirilməsinin vacibliyi haqdakı sözləri, müharibədə Azərbaycan Ordusuna böyük üstünlük qazandıran Türkiyə istehsalı Bayraktarları mədh edərək Azərbaycanın xaricdən silah almasında da yaxın zamanlarda Ankaranın ilk sıralara yüksələcəyini ifadə etməsi iki qardaş ölkənin hərbi əməkdaşlığının inkişaf səviyyəsini göstərmək baxımından mühümdür. Azərbaycanla Türkiyə ordusu arasında da birgə təlim həyata keçirilir. Qarabağ zəfəri sonrasında bu ilin də ilk təlimləri Qarsda davam etdi, “Qış təlimi-2021” birgə təlimlərində qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirildi. Bu təlimlər bütün dünyaya Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hər bir vəzifəni birgə icra etməyə hazır və qadir olduğunu nümayiş etdirdi.
Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır, NATO-da güc baxımından ikinci ordudur. Biz istəyirik ki, ordumuzu Türkiyə hərbi texnologiyası hesabına təkmilləşdirək, biz də Türk Ordusunun kiçik modelini yaradaq. Bunun üçün qardaş ölkədən müasir silahlar alınır, yeni kontraktlar imzalanır, razılaşmalar əldə edilir.
İki qardaş ölkə arasında qarşlıqlı milli maraqların təmin edilməsiylə birlikdə Türkiyə Silahlı Qüvvələri digər bir istiqamət olan Azərbaycanın NATO ilə birgə iş potensialının inkişaf etdirilməsi, Avroatlantik məkana inteqrasiyası məsələsində də əməkdaşlığa mühüm töhfələr verir.
Regionun inkişafı Azərbaycan-Türkiyə və Türkiyə-Ermənistan münasibətlərindən asılıdır. 1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə bu respublikanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olmuşdu. Ancaq iki il sonra Ermənistanın Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı işğal etməsi ilə Türkiyə Ermənistanla sərhədini bağladı. İndi artıq yeni münasibətlərin formalaşmasına zəmin vardır, bu fürsətdən istifadə etməklə region ölkələri sabitliyi qoruya, davamlı inkişaflarını təmin edə bilərlər.
Dövlətimizin başçısı mətbuat konfransında Türkiyə-Ermənistan sərhədlərinin açılma məsələsinə də toxunub. Bölgənin sabitliyi, uzunmüddətli sülh üçün bütün ölkələr arasında münasibətlərin normal olmasının vacib olduğunu, Zəngəzur koridorunun gerçəkləşdiriləcəyi təqdirdə, Türkiyə-Ermənistan sərhədinin də açılacağını bildirib. Qeyd edib ki, bu Türkiyənin xeyrinə olacaqsa, bu, Azərbaycanın da xeyrinədir.
Sözsüz ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin bugünkü sürətli inkişafı, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən birinə çevrilib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff