booked.net

Azərbaycan regionda yeni reallıqlar yaradıb



Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında qeyd etmişdir ki, bizim xalqlar sülh şəraitində yaşamalıdırlar. Azərbaycanda minlərlə erməni yaşayır. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əslər boyu bir ailə kimi yaşayırlar. Ölkəmizdə heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır.
Dövlət başçısı həm də diqqəti ona cəlb etdi ki, davamlı sülh regionun inkişafını təmin edən əsas amildir. Düşmənçilik fikirləri artıq geridə qalmalıdır. 10 noyabr tarixində imzalanmış Bəyanata sadiqlik nümayiş etdirməklə regionda sülh təmin olunacaq. Bu gün atılan addımlar gələcəyə xidmət edir. Prezidentin açıqlamalarından aydın olur ki, bundan sonra da birgəyaşayış şərtlərinə sadiq qalmaq Azərbaycan xalqının əsas məqsədi olacaqdır.
Heç kəsə sirr deyil ki, Azərbaycan tolerant, multikultural ölkə kimi bütün dünyaya nümunə göstərilir. Ölkəmizdə yaşayan bütün millətlər eyni hüquqlara malik olması Əsas Qanunumuzda- Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit edilmişdir. Fərqli dildə danışan insanlara heç bir qadağa və təzyiq yoxdur, onların hüquqları qanunla qorunur. Uzun illər torpaqlarımıza qarşı təcavüzkarlıq siyasəti aparmış, mədəni irsimizi dağıtmış, evlərimizi xarabazara çevirmiş, xalqımıza qarşı böyük qəddarlıq, zülm, işgəncə, qətllər törətmiş bir millətin Azərbaycanda yaşayan nümayəndələrinin sayı minlərlədir. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır və onların bütün hüquqlarının qorunmasına dövlətimiz təminat verir.
2021-ci ilin yanvar ayının 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüş geosiyasi vəziyyətin tənzimlənməsində yeni diplomatik mərhələ olaraq qiymətləndirilir. Görüş həm noyabrın 10-da imzalanmış 9 maddədən ibarət sənəddə əksini tapan strateji prinsiplərin bir daha təsdiqi və qəbul edilməsi, həm də məhz həmin prinsiplər əsasında regionda sülh, sabitlik və təhlükəsizlik məsələlərinin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım kimi əhəmiyyətlidir.
Üçtərəfli bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan prioritetləri özündə ehtiva edir. Şübhəsiz ki, beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edir.
Bu səbəbdən də qarşı tərəf imzalanmış Bəyanata sadiqlik nümayiş etdirməklə regionda sülhün təmin olunmasına çalışmalıdır.
Prezident konfransda bir daha bəyan etdi ki, Azərbaycanın məqsədi artıq üçtərəfli qaydada- Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması, nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu məqsəd baş tutarsa, Ermənistanın özü bundan faydalana bilər. Əməkdaşlıq çərçivəsində atılan hər bir addım hər iki xalqın nümayəndələrinin sülh şəraitində birgəyaşayışına müsbət təsir göstərəcək amillər sırasındadır.
Bölgədəki vəziyyətin inkişafına dair tərəflər 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat-kommunikasiyaların açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə etmişlər. Bu əməkdaşlıq çərçivəsində ən mühüm məsələlərdən biri 2021-ci il martın 1-dək Azərbaycanın və Ermənistanın ərazisindən
həyata keçirilən daşımaların təşkilinə dair qrafikin hazırlanması, həm birgəyaşayış prisipi əsasında qarşılıqlı əlaqələrin yaranmasına ilk töhfəsini vermək baxımından, həm də bu əsasda bölgədə dayanıqlı inkişafa əhəmiyyətli təsir göstərəcək faktorlar sırasındadır.
Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhlizin yaradılmasını və muxtar respublikanın blokadadan çıxarılmasını nəzərdə tutduğu üçün mühüm geosiyasi əhəmiyyət kəsb edir. Digər tərəfdən açılacaq kommunikasiya xətləri Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Türkiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti artacaq.
Bu layihələrin həyata keçirilməsi reallaşdıqda, sözsüz ki, Ermənistan da iqtisadi fayda götürəcək. Müharibənin bitməsindən az müddət keçməsinə baxmayaraq Ermənistan və Azərbaycanın rəsmi şəxsləri arasında təmasların qurulması, görüşlərin keçirilməsi bu prosesin müsbət istiqamətdə getməsinə ümid yaradır.
Vətən müharibəsində möhtəşəm qələbədən ölkəmizdə tamamilə yeni iqtisadi inkişaf amillərini formalaşdı. Qarabağda qazanılmış hərbi zəfər təsdiq etdi ki, xalq-dövlət birliyinin güclənməsi və qətiyyətli siyasi iradənin mövcudluğu insanların həm də gələcəyə ümidini artıran mühüm faktordur.
Mütəxəssislər gələcək genişmiqyaslı işlər sırasında ciddi layihələrədn birinə xüsus diqqət çəkirlər. “Bir kəmər bir yol” layihəsində Azərbaycanın Qarabağ zəfərindən sonra rolunun artması göz önündədir. Bu layihə uğurla reallaşdığı halda dünyanın 65% ÜDM-ni istehsal edən 65 ölkəsini birləşdirəcək. Bu layihə dünya əhalisinin 70%-ni, kəşf edilmiş enerji resurslarının 75%-ni əhatə edir. Beləliklə, azad edilmiş ərazilərimizdə həyat getdikcə öz təbii axarına dönməkdədir və Xankəndinin, eləcə də erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd proses olduğu kimsədə şübhə doğurmur.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff