booked.net

Mədəniyyətimizin paytaxtı: ŞUŞA


Şuşa tarixən Azərbaycan üçün müstəsna əhəmiyyət daşımışdır. Bu şəhər ölkəmizin tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi olmaqla "Qafqazın konservatoriyası" adlanmışdır.
Azərbaycan mədəniyyətinin mühüm mərkəzlərindən olan Şuşanın qorunması Heydər Əliyevin xüsusi diqqətində olmuş, 1977-ci ildə onun təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdi. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.
Təəssüflər olsun ki, Qarabağımız ötən əsrin 80-ci illərinin sonunda yenidən düşmən hədəfinə çevrildi. Ermənistan Respublikasının işğalçı hərbi qüvvələri tərəfindən  1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edildi, burada xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi, vandalizm siyasəti həyata keçirildi.
Vandalizmin davam etdiyi 29 il ərazində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki   dağıdıldı, məbədgah və məscidlər təhqir   edildi, çox sayda nadir əlyazma nümunələri məhv edildi, 20 kitabxana yandırıldı.
"Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur" deyən ümummilli liderimiz     Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim uca tutan cənab İlham Əliyev də Vətən savaşı zamanı müsahibələrinin  birində xatırltmışdı ki, “Şuşasız bizim işimiz yarımçıq olar”. Dövlət başçısı bu vədini də yerinə yetirdi. Ordumuzun qətiyyətli mübarizəsi və qüdrəti sayəsində tarixi ədalət bərpa edildi, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu. Xalqımızın tarixində, mədəniyyətində, qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi günün - 8 Noyabrın Azərbaycanda Zəfər günü kimi təsis edilməsi haqqında sərəncam imzaladı. Bu qərar bütün ölkədə sevinclə qarşılandı.
"Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!"- Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə bu tarixi müjdəni verəndə hər bir ölkə vətəndaşının qəlbi sonsuz fərəh hissilə döyündü. Qarabağımızı 30 illik erməni işğalından azad edən, yurd yerlərimizin həsrətinə son qoyan, hamımıza bu qüruru, Böyük Zəfərin qürurunu   yaşadan müzəffər Ali Baş Komandanımıza, rəşadətli Ordumuza minnətdarlığımız ölçüyəgəlməzdir.
“Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!" sevinc göz yaşlarını saxlamaq çətin idi. Hamımız illəruzunu bu xoş xəbərin həsrətini çəkmişdik.
Prezident İlham Əliyevin “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!” sözləri təsadüfi deyil. Azad olunduqdan sonra bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilib. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib. Prezident İlham Əliyev hələ fevralın əvvəlində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Şuşanın mədəniyyət paytaxtı elan ediləcəyini bildirmişdi.
Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi isə Vətən müharibəsində qazandığımız zəfərdən sonra ölkəmizin həyatında ən mühüm siyasi və mədəni hadisə oldu. Sərəncam Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir.
Sərəncamın mayın 7-də imzalanması özündə mühüm mesajlar daşıyır: - 1992-ci ilin 8 mayında Şuşanı işğal edən və hər il bu təqvimi bayram kimi qarşılayan Ermənistan 29 il sonra 8 may tarixini Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması faktı ilə qarşıladılar. Bununla dünya erməniliyinə mesaj verilir ki, “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq.
Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi tariximizin saxtalaşdırılmasına ciddi-cəhdlə çalışan digər dövlətlərə də mesajdır. Ən mühüm mədəniyyət mərkəzlərimizin birindən Azərbaycan izini silmək üçün təəssüf ki, Ermənistanla yanaşı digər ölkələr də bilərəkdən və ya bilməyərəkdən iştirak ediblər. Azərbaycan İslam memarlığının, Qarabağ şəhərsalma ənənələrinin, Şuşanın türk-Cavanşir nəslinin yadigarlarından olan Yuxarı Gövhərağa məscidinin fars memarlıq abidəsi adı ilə “restavrasiya”sına, özgələşdirilməsinə cəhd edilib.
Prezident İlham Əliyev çıxışlarında tariximizin belə özgələşdirilməsi cəhdlərini qətiyyətlə pisləyibdir: “Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Bizə belə təmir lazım deyil və heç kimi aldatmasın, heç kim bu yalana uymasın. Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik”.
Azərbaycan hazırda Şuşanın bərpa edilməsi, dirçəldilməsi istiqamətində intensiv iş həyata keçirir. Bərpa işlərində şəhərin tarixi simasına və perspektivdə oynayacağı rola xüsusilə diqqət yetilir.
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib: "Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik.".
Strateji əhəmiyyətli Şuşanın Azərbaycan tarixində xüsusi yerinin olduğunu vurğulayan Azərbaycan Prezidenti bildirmişdir: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik...O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır”.
Ölkə başçısı qeyd etmişdir ki, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalı, ancaq biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik. Vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin simasının, tarixi simasının bərpa edilməli olduğunu bildirən Azərbaycan Prezidenti Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edərək demişdir: “Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır”. Bununla yanaşı dövlət başçısı vaxtilə Vaqif poeziya günlərinin ənənəvi olaraq keçirildiyini vurğulayaraq diqqətə çatdırmışdır ki, Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir, “Xarı bülbül” festivalı bərpa olunmalıdır.
Şuşada bərpa edilən tarixi abidələr:
-Vaqifin məqbərəsi Heydər Əliyev Fondunun vəsaiti hesabına, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bərpa edilir;
-Şuşa şəhərinin rəsm qalereyası  bərpa edilərək  yenə də rəsm qalereyası kimi fəaliyyət göstərəcək;
-Ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilmiş “Qarabağ” mehmanxanası təmir-bərpa işlərindən sonra  müasir səviyyəyə çatdırılacaq;
-Şuşa Xalça Muzeyi bərpa edilir;
-Keçmiş sanatoriya yenidənqurmadan sonra Park Otel  kimi bu il istifadəyə veriləcək və qonaqlarını müasir səviyyədə qarşılaya biləcək;
-Şuşada “beş”, “dörd” və “üç” ulduzlu kiçik otellərin yaradılması nəzərdə tutulur;
-İstismar müddəti bitmiş “xruşşovka”larla bağlı tədbir görülür;
Azərbaycan dövləti ermənilər tərəfindən baxımsız qaldığı üçün uçulub dağılmaqda olan xristian məbədlərinin bərpaedilməsini öz üzərinə götürüb.
Şuşanın bərpası şəhərə Azərbaycan ruhunun qayıdışıdır.
Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir.
Dövlətimizin başçısından daha bir xoş xəbər: -Prezidenti İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı. Sərəncama əsasən, Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.
Möhtərəm Prezident İlham Əliyevin "Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır" fikri hər birimizin doğma yurd yerlərimizi göz bəbəyimiz kimi qoruyacağımıza, torpaqlarımızın hər qarışının müdafiəsində ayıq-sayıq dayanacağımıza, dağıldılmış abidələrimizi, sosal obyektləri bərpa etməklə bu bənzərsiz şəhərimizi əvvəlki görkəminə qaytaracağımıza, onu daha da gözəlləşdirəcəyimizə inamın, qətiyyətin ifadəsidir.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff