booked.net

1993-cü il 3 oktyabr tarixində ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi


1993-cü il 3 oktyabr tarixində ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi
-Bu, xalqımız üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu.
Xalqımızın təfəkküründə on illərllə formalaşmış və qətiləşmiş belə bir fikir var ki, cəmiyyətimizin qarşılaşdığı çətin problemlərin həllini yalnız Heydər Əliyev bacarar. Çünki hər kəsə bəlli idi ki, o, nadir keyfiyyətlərə malik uzaqgörən siyasətçi və təcrübəli dövlət xadimi kimi xalqımız üçün ağır, taleyüklü problemlərin öhdəsindən dəfələrlə layiqincə gəlmişdi.
Ötən əsrin 90-cı illərinin əvvəlində də ölkəmiz çox keşməkeşli dövrünü yaşayırdı. Bir tərəfdən torpaqlarımızın bir qismi erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş, digər tərəfdən bunun cəmiyyətdə yaratdığı süstlük, iqtisadi-siyasi böhran, vətəndaş qarşıdurması, siyasi qüvvələr arasında hökm sürən hərc-mərclik, qeyri-peşəkar idarəetmə Azərbaycanı çıxılmaz vəziyyətə salmışdı. Yenicə qazanılan müstəqillik itirilmək təhlükəsi ilə üz-üzə idi.
Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü.
Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və ulu öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Ümummilli lider 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasət, atdığı addımlar da gələcəyə hesablanırdı. O, müstəqil Azərbaycan dövlətinə rəhbərlik missiyasını üzərinə götürəndə də sosial-iqtisadi problemlər məngənəsində boğulan, vətəndaş müharibəsi, parçalanma təhlükəsinin bircə addımlığına gəlib çatmış, insanlarının sabaha heç bir ümidi qalmamış, müharibə şəraitində yaşayan və mənfur Ermənistan tərəfindən torpaqlarının xeyli hissəsi işğal olunmuş bir ölkəni təhvil almışdı. Belə çətin və həlledici dövrdə ölkənin və xalqın gələcəyinə görə məsuliyyəti üzərinə götürmək bir dövlət xadimi üçün həddən artıq riskli qərar idi. Amma Heydər Əliyev bunu etməyə bilməzdi. Çünki onu xalq çağırırdı. Azərbaycanın üzləşdiyi bəlalardan qurtuluşu üçün yeganə xilas yolunu onun qətiyyətində, siyasi təcrübəsində, idarəçilik bacarığında görürdü. Heydər Əliyev Azərbaycanın taleyi naminə bu missiyanı üzərinə götürdü və xalqın dəstəyinin verdiyi güclə ölkəni qısa müddətdə ağır sınaqlardan çıxararaq inkişaf yoluna yönləndirdi.
Dahi şəxsiyyət Heydər Əliyev deyirdi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir”. O bu çətinliyi hər kəsdən daha aydın görür və dərk edirdi. Dünyanın siyasi xəritəsindən silinmək üzrə olan Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması üçün bütün imkanlardan istifadə etdi. Ümummilli lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Onun prezident seçilməsi ilə ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda demokratiyanın, qanunvericiliyin formalaşması üçün geniş imkanlar yarandı. Müstəqillik illərində Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına üzv qəbul edildi, faydalı əməkdaşlıqlar quruldu. Həyata keçirilən regional və qlobal layihələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Müxtəlif sahələrdə baş verən yeniliklər, xarici dövlətlərlə yaradılan dostluq və əməkdaşlıq münasibətləri, iqtisadi göstəricilər müstəqillik illərinin uğurlarıdır.
Azərbaycanın ən çətin anlarında Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
Heydər Əliyev qlobal miqyasda təhlillər aparmağı bacaran nəhəng siyasətçi idi. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diqtə edən nadir şəxsiyyətlərdən biri idi. O təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi. Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir. O, analitik düşüncə tərzi ilə, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi. Heydər Əliyev parlaq, güclü, koloritli bir şəxsiyyət idi.
Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib şərt hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşıya qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir gücündə idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa bu kimi cəhətlər Heydər Əliyevin fərdi naturasının özgün çalarları idi. İstedad və iradə, özünə qarşı tələbkarlıq və mütəşəkkillik, peyğəmbər uzaqgörənliyi və sərkərdə şücaəti bu böyük şəxsiyyətin ali keyfiyyətləri idi.
Milli ideologiyanın yaradılması da ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. O, dünya siyasətinə təsir etmək gücündə olan və qlobal miqyasda təhlillər aparmağı bacaran siyasətçi idi.Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.
İstənilən demokratik cəmiyyətin əsasını insan hüquq və azadlıqlarının tanınması və onların səmərəli təminatı mexanizmlərinin mövcudluğu təşkil edir. Cəmiyyətin inkişafı, onun maddi və mənəvi çiçəklənməsi, vətəndaş sülhü yalnız insanın ali dəyər, onun hüquq və azadlıqlarının təmin edilməsinin isə dövlətin başlıca vəzifəsi və əsas təyinatı olaraq qəbul edildiyi şəraitdə mümkündür.
Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri siyasi-hüquqi sistemin kökündən demokratikləşmə istiqamətində əsaslı surətdə dəyişdirilməsindən ibarət olmuş, həm də bu proses mahiyyət etibarı ilə dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir. Şübhəsiz ki, bunların əsasında dünya şöhrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası durur. Məhz Konstitusiya ölkədəki köklü dəyişikliklərə müsbət təsir göstərmiş, hüquqi dövlət quruculuğu prosesinin əsas istiqamətlərini müəyyən etmişdir.
1995-ci il Konstitusiyasının milli hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri də Əsas Qanunun ehtiva etdiyi dəyərlərin müdafiəsinin və dövlətin hüquqa bağlılığının təmin edilməsinin mühüm vasitələrindən biri kimi Konstitusiya Məhkəməsinin yaradılması olmuşdur.
Konstitusiya Məhkəməsi bir qayda olaraq, cəmiyyətdə və dövlətdə sabitliyin başlıca amili kimi qəbul olunan bir təsisatdır. Demokratiya şəraitində bir sıra kəskin hüquqi problemlər məhz bu orqan sayəsində Konstitusiya çərçivəsində və əsasında həll edilə bilər. Konstitusiya Məhkəməsi milli məhkəmə orqanı kimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə, ölkə Konstitusiyasına uyğun olaraq Konstitusiya məhkəmə icraatı vasitəsilə insan və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini həyata keçirir. Konstitusiya Məhkəməsinin fəaliyyətinin əhəmiyyəti ilə bağlı hüquq ədəbiyyatında belə bir fikir də vurğulanır ki, dövlətin bütöv hüquq sisteminin gələcək inkişaf istiqamətləri konstitusion yurisdiksiya aktlarında müəyyən olunmuş hüquqi mövqelərdən asılıdır.
Konstitusiya nəzarəti (Konstitusiya ədalət mühakiməsi) vasitəsilə qanunvericilik sistemində olan kolliziyalar aradan qaldırılır, hüququn tətbiqi praktikasında ahəngdar, məntiqi inkişaf təmin olunur, müvafiq subyektlər arasındakı konfliktlərin qarşısı alınır.
Ulu öndər hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin etmişdir. Məhz ümummilli liderin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir. Bütün hüquq mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və rüşvətxorluğa, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olunmuş və “qanunun aliliyi” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdığı ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər, ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.
Həmin dövrdə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də elə məhz, ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ümummilli lider Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrildi.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycanmünaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz Onun gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ümummilli lider Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.
Ümummili lider Heydər Əliyev özündən sonrakı dövr üçün də liderlik məktəbini yaratdı Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə sübut etdi ki, o, Heydər Əliyev məktəbini yüksək səviyyədə mənimsəmiş və yeni tarixi epoxanın irəli sürdüyü çağırışları qabaqlamış, mühüm strateji zəkaya və praktiki səmərəli fəaliyyət metodlarına malik olan dünya miqyasında yeni tipli liderdir. Azərbaycan ordusunun mərd, igid, mətanətli oğullarının Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin nəticəsi olaraq 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı azad etməsi bunun ən bariz nümunəsidir.
Biz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Ulu öndərimizin vəsiyyəti olan Dağlıq Qarabağ münaqişəsi məsələsi qızıl hərflərlə yeni tarix yazan Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən uğurla həll edildi.
Dünyanın görkəmli dövlət və siyasi xadimləri ümummilli lider Heydər Əliyev haqqında:
"Postsovet məkanındakı heç də bütün dövlətlərdə Azərbaycan Prezidenti kimi belə müdrik, təcrübəli adamlar dərhal rəhbərliyə gəlməmişlər. Mənə elə gəlir ki, bu, təsadüfi deyildir. Ona görə təsadüfi deyil ki, bütövlükdə, postsovet məkanında baş verən proseslər nə qədər mürəkkəb olsa da, dövlətlərimizin xalqlarının tələbləri bu münasibətlərdə müsbət nəticə əldə olunmasına yönəldilmişdir. Təbii ki, onlar bu problemləri həll etməyə qadir insanları irəli çəkirlər.
...Rusiya ilə Azərbaycan arasında ənənəvi münasibətlər var, biz bu barədə çox danışmışıq və yerli rəhbərliyin, Prezident Heydər Əliyevin xidmətlərini lazımınca qiymətləndirmək gərəkdir.
...Heydər Əliyevi onu yanında tərifləmək mənim üçün münasib deyil. Lakin onun dövlət müdrikliyini, – daha münasib söz tapmaq çətindir, – qeyd etməyə bilmərəm. Bu da ondan ibarətdir ki, Sovet İttifaqının dağılmasından sonra gedən çox mürəkkəb proseslərə baxmayaraq, – bu barədə heç vaxt açıq danışmasaq da, – nə gizlədim, Azərbaycanla Rusiya arasında münasibətlərdə hər halda müəyyən gərginlik olmuşdur. Azərbaycanda rus mədəniyyətinə və rus dilinə münasibət faktı, – bu isə məhz Azərbaycan Prezidentinin son illərdə apardığı həmin siyasətdir, – təkcə dövlətlərarası münasibətlərin əvvəlki səviyyədə bərpası üçün deyil, həm də bu münasibətlərin ölkələrimizin xalqlarının mənafeyi naminə inkişafı üçün qapıları açıq qoymuşlar."
Vladimir Putin, 
Rusiya Federasiyasının Prezidenti
"Azərbaycanda nə varsa, hamısı Heydər Əliyevin keçmiş zamanda xidmət göstərdiyi vaxt yaradılmışdır. İndi yenidən canlanma gedir. Amma hörmətli Heydər Əliyevin Azərbaycana gətirdiyi ən önəmli məsələ sabitlikdir.
Hörmətli Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Bunu onunla yaxın olduğuma görə söyləmirəm. Azərbaycana olan sevgimdən, məhəbbətimdən söyləyirəm. Azərbaycan xalqının rifahı və səadəti baxımından söyləyirəm.
Hörmətli Heydər Əliyev dünyada tanınan adamdır. Hansı qapını döysə, o qapı açılır. İstədiyi zaman Şirakla, istədiyi zaman Buşla, istədiyi zaman istənilən insanla danışır. Azərbaycan dövlətini dünyada etibarlı şəkildə təmsil etməkdədir."
Süleyman Dəmirəl,
 Türkiyə Prezidenti (1993–2000-ci illərdə)
"Azərbaycanın Avropa ölkələri ailəsində özünəlayiq yer tutmasını böyük təcrübəyə malik, şöhrətli dövlət xadimi Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin gözəl bəhrəsi kimi dəyərləndirirəm. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, bu ölkədə insan haqlarının qorunması, demokratiyanın möhkəmlənməsi,daim inkişafda olması məhz Heydər Əliyevin siyasətinin nəticəsidir. 
...Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir.
 ...Prezident Heydər Əliyevi Parisdə qəbul etmək mənim üçün böyük sevincdir. Çoxdandır ki, bizim aramızda qarşılıqlı dostluq münasibətlərindən də artıq əlaqələr yaranmışdır. Mən Prezident Heydər Əliyevə dərin hörmət bəsləyirəm."
Jak Şirak, 
Fransa Prezidenti (1995–2007-ci illərdə)
"Azərbaycan Prezidentinin Qafqazda atdığı addımları Birləşmiş Ştatlarda diqqətlə izləyirlər. Azərbaycan çox mürəkkəb coğrafi-siyasi məkanda yerləşən dövlətdir. ABŞ və Qərb ölkələri ilə əlaqələri inkişaf etdirməyi, bazar iqtisadiyyatının və demokratiyanın bərqərar olması üçün əzmlə çalışmağı qarşısına məqsəd qoyan Prezident Heydər Əliyevin fəaliyyəti təqdirəlayiqdir. Heydər Əliyev müstəqilliyi qoruyub saxlamaq uğrunda əzmlə, qətiyyətlə mübarizə aparır."
Henri Kissincer, 
ABŞ-ın sabiq dövlət katibi, görkəmli ictimai-siyasi xadim
"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin simasında özümə yaxın dost və sirdaş tapmağımdan məmnunam. Mən Heydər Əliyevə böyük hörmət və ehtiram bəsləyirəm, onun siyasi fəaliyyətini, uzaqgörənliyini yüksək qiymətləndirirəm."
Butros Qali, 
BMT-nin Baş katibi (1992–1996-cı illərdə)
"Azərbaycan çox mühüm ölkədir, Siz çox görkəmli lidersiniz. Amerikada bunu getdikcə dərindən başa düşürlər. Elə buna görə də Azərbaycan – Amerika münasibətlərinin yalnız ikitərəfli deyil, həm də böyük regional, strateji əhəmiyyəti var. Sizinlə söhbətlərimdən çox bəhrələnmişəm. Çünki ABŞ üçün mühüm olan ölkələr haqqında Sizin geniş məlumatınız var."
Zbiqnev Bjezinski, 
ABŞ Prezidentinin sabiq müşaviri, məşhur politoloq və siyasi xadim
"Polşada Sizi görkəmli dövlət xadimi və dost dövlətin lideri kimi, bir neçə il əvvəl Mərkəzi və Şərqi Avropada baş vermiş böyük dəyişikliyin arxitektorlarından biri kimi tanıyır və qiymətləndirirlər. Biz Xəzər dənizi hövzəsinin strateji cəhətdən çox mühüm regionunda vəziyyətin normallaşdırılması üçün Sizin göstərdiyiniz diplomatik fəallığı xüsusi diqqətlə izləyirik."
Aleksandr Kvasnevski
Polşa Prezidenti (1995–2005-ci illərdə)
"Hörmətli Heydər Əliyevlə ünsiyyət məni həm də bir çox cəhətdən zənginləşdirir. Çünki onun həyat yolu, olduqca böyük siyasi və dövlət fəaliyyəti təcrübəsi mənə də çox şey verir. Bəzən bu və digər problemi, necə deyərlər, sıyrılmış qılıncla həll etmək istəyirsən, müdrik bir insan olan Heydər Əliyev isə tələsməməyi məsləhət görür. Hərçənd dəqiq, sərt mövqe ona həmişə xas olan xüsusiyyətdir.
 ... Heydər Əliyev məhz bu mürəkkəb keçid dövrü ərzində bütün məsələlərdə ardıcıllıq nümayiş etdirmiş bir insandır. Buna görə də ona MDB liderləri hörmət bəsləyir, ondan nümunə götürürlər. 
Ona heç də təkcə MDB liderləri hörmət etmirlər, Heydər Əliyev bütün dünyada məşhurdur.
...Heydər Əliyevin tarixdə rolunu və yerini birinci yerə çıxarmaq istəyirəm."
Leonid Kuçma,
 Ukrayna Prezidenti (1994–2005-ci illərdə)
"Mən Sizin Azərbaycanı müasir və firavan dövlətə çevirmək yolunda üzləşdiyiniz çətinliklərin öhdəsindən gəlmək səylərinizi yüksək qiymətləndirirəm. Xahiş edirəm əmin olasınız ki, mənim administrasiyam 907-ci düzəlişin konqresdə ləğvinə nail olmaq üçün çalışmaqda davam edəcək ki, bu, bizə Azərbaycanda demokratiya və bazar iqtisadiyyatı yaradılması səylərində maksimum səylərinizi göstərməyə imkan versin. Bu mənada, Qafqaz regionunda iqtisadi əlaqələrin yenidən qurulması və Azərbaycanda demokratik institutların və təcrübələrin möhkəmləndirilməsi üçün biz Sizinlə işləmək marağında qalırıq.
Bill Klinton, 
ABŞ Prezidenti (1993–2001-ci illərdə)
"Heydər Əliyev dünya qarşısında xidmətlərinə görə, beynəlxalq aləmdə tanınmış siyasətçi və dövlət xadimi kimi, Gürcüstanın və gürcü xalqının dostu kimi bizə əziz və doğmadır. Qəzetlərimizin “polad iradəli Əliyev” yazdığı kimi, o, həqiqətən də polad iradəyə malik nadir şəxsiyyətdir. Məhz onun cəsarəti sayəsində Azərbaycan güclü, müstəqil, firavan bir ölkəyə çevrilməkdədir. Heydər Əliyev siyasət meydanına Azərbaycanın ağır, mürəkkəb vaxtında yenidən gəlmişdir, bir çox çətinliklərə sinə gərərək, Azərbaycanı böhranlı vəziyyətdən xilas etmişdir.
...Bizim dostumuz, qardaşımız Azərbaycan Prezidentinin qarşısında etiraf etmək istəyirəm ki, burada yaşayan azərbaycanlılara qarşı bir neçə il bundan əvvəl ədalətsiz hərəkətlərə yol verilmişdir. Mən Azərbaycan Prezidenti Heydər Əliyevin yanında kişi kimi söz verirəm ki, o qara günlər Gürcüstanda bir daha təkrar olmayacaq.
Eduard Şevardnadze,
 Gürcüstan Prezidenti (1995–2003-cü illərdə)
"Heydər Əliyev, mən Sizə həmişə böyük hörmətlə yanaşmışam və yanaşacağam. Çünki bir şəxsiyyət kimi, dövlət xadimi kimi bütün keçmiş Sovet İttifaqı üçün, Azərbaycan xalqı üçün, Yer üzündəki bütün türk xalqları üçün qədir-qiymətinizi bilirəm.
...Çox vacibdir ki, müstəqilliyin təşəkkül tapdığı məhz bu çətin dövrdə xalqlara Sizin kimi yüksək dərəcəli peşəkarlar, bərkdən-boşdan çıxmış insanlar rəhbərlik etsinlər. Çünki belə imkan xalqlara min ildə bəlkə də bir dəfə verilir və onu əldən buraxmaq olmaz. Ondan elə istifadə etmək lazımdır ki, xalq bu dövrdən möhkəmlənmiş
halda çıxsın və onun sonrakı nəsilləri irsən müstəqil, sözün əsl mənasında, azad və məşhur insanlar olsunlar. Heydər Əliyev, Sizin kimi rəhbərlərin xidməti məhz bundan ibarətdir.
Oljas Süleymenov, 
Qazaxıstan yazıçısı


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff