Pakistanlı rektor Şamaxıda şəhid ailəsini ziyarət edib
Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olan Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər, prorektoru Zubeyir İqbal və dekan Lodhi Sofia Şamaxıda səfərdə olublar.
Görüşdə ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova, universitetin əməkdaşları iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqları qəbul edib. Dost ölkədən gələn hörmətli qonaqları rəhbərlik etdiyi rayonda qarşılamaqdan məmnun olduğunu deyən Tahir Məmmədov 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana olan böyük mənəvi dəstəyindən danışıb, iki ölkə arasında yüksək səviyyəli münasibətlərə toxunub.
Görüş zamanı 44 günlük Vətən müharibəsi dövründə şəhərlərimizin ictimai yerlərində- küçə və meydanlarda Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının yanaşı dalğalanması qürur hissilə xatırlanıb. Məlumat üçün bildirək ki, Pakistan 1990-cı illərin əvvəllərində Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət idi.
Pakistan həmçinin Azərbaycanın bəzi ərazisini işğal etməsi faktına görə uzun illər Ermənistanı tanımayıb və onunla diplomatik əlaqələr qurmayıb. İkinci belə ölkə Türkiyədir.
Rəsmi olaraq İslam Respublikası adlanan Pakistanı azərbaycanlılara və Azərbaycana yaxın edən təkcə dini və mədəni yaxınlıq deyil. Hər iki ölkənin qarşılaşdığı siyasi problemlər də bənzərdir.
Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir. Bu mövqe iki dövlət arasında ədalət, beynəlxalq hüquq və qardaşlıq əlaqələrinə əsaslanır.
Pakistandan gələn qonaqlar daha sonra Şamaxının qədim kəndlərindən olan Dəmirçidə olub, bu kəndin gözəl təbiətini heyranlıqla seyr ediblər.
Qonaqlara məlumat verilib ki, zəngin potensialı olan paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində turizm obyektlərinin yaradılması kompleks xarakter daşıyır və regionlarda inkişafın mühüm amillərindən biri kimi çıxış edir. Şamaxı rayonunun Dəmirçi kəndində turizm infrastrukturunun yenilənməsi, tarixi abidələrin bərpası və abadlıq-quruculuq işlərinin aparılması da bu qəbildən olan işlərdən biridir.
Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridir və onun tarixi XV əsrə gedib çıxır. Qədimdə adı Güneyçay olan kənddə dəmirçilik sənəti geniş yayıldığından sonralar buraya Dəmirçi adı verilib. Bir vaxtlar qədim İpək yolunun kənarında yerləşən kənddə bir neçə karvansara da olub. Lakin karvansara da daxil olmaqla Dəmirçidəki qədim tikililərin çoxu sovet hakimiyyəti illərində dağıdılıb. Maraqlı adət-ənənələri, özünəməxsus mədəniyyəti olan yerli əhali elmə, təhsilə böyük maraq göstərir. Odur ki, kəndin bərpası və tarixi simasının qorunması ilə bağlı son illərdə həyata keçirilən işlər ölkəmizin bu nadir abidəsini qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaq istiqamətində mühüm tədbirlərdən biridir.
Bildirilib ki, işlər bir neçə istiqamətdə həyata keçirilib və kompleks xarakter daşıyıb. İlk növbədə, kənddəki məscid bərpa olunub. Ölkəmizin ən qədim dini ocaqlarından olan Dəmirçi məscidi 755-ci ildə tikilib və Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilib. Bu da ondan irəli gəlir ki, dövlətimizin başçısı bütün ölkədə qədim və tarixi əhəmiyyəti olan dini ocaqların bərpasına diqqətlə yanaşır.
Nümayəndə heyəti daha sonra bu kənddə doğulub boya-başa çatmış Vətən müharibəsi şəhidi Əliyev Yusif Asif oğlunun ailəsinə baş çəkib, şəhidin valideynlərinə başsağlığı verib, dərdlərinə şərik olublar.
Şamaxıda 1902-ci ildə baş verən zəlzələdən sonra minarəsinin bir hissəsi dağılmış Cümə məscidi Cənubi Qafqazda ən qədim məscid kompleksi olaraq, 743-cü ildə inşa edilmişdir. Lakin bu məscidin yerində daha qədim məbəd olduğuna əsas verən əlamətlər onun üç mehrablı olması və buna müvafiq olaraq daxili quruluşunun üç hissəyə bölünməsidir.
Səfər proqramına uyğun olaraq qonaqlar Şamaxı Cümə məscidində də oldular. Onlara məlumat verildi ki, bu mıəscidin inşası
xilafət ordusunun Azərbaycanı işğal etdikdən sonrakı dövrə təsadüf edir. Bəzi mənbələrdə göstərildiyinə görə, bu məsciddə Xəzər xaqanı İslam dinini qəbul etmişdir.
1902-ci ildəki növbəti zəlzələdən sonra əsrlərə davam gətirmiş, dayandığı məkana bağlı Cümə məscidi yerində qalırdı.
1918-ci ildə silahlı erməni-daşnak dəstələri tərəfindən törədilən Mart qırğınları zamanı Şamaxı əhalisinin xeyli hissəsi məsciddə sığınacaq tapmağa çalışdı. Lakin azğınlaşmış erməni quldurları heç nəyə baxmadan məscid binasını insanlarla bərabər yandırmaqdan çəkinmədilər. Beləliklə, əsrlər boyu təbii fəlakətlərə, dağıdıcı müharibələrə sinə gərən Cümə məscidi son yüz ildə daha iki dəhşətli zərbəyə davam gətirdi: erməni yağıları tərəfindən törədilən yanğına və Sovet hakimiyyəti illərində sanki xalqa gözdağı verilməsi kimi yararsız və baxımsız hala salınmağına.
Ümummilli Lider Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980 ildə bu tarixi abidə yenidən təmir olundu.
Səfər proqramı qonaqların Şamaxının qədim qəbiristanlıqlarından olan Şahxəndan qəbiristanlığının ziyarəti ilə başa çatıb. Onlara bu tarixi məkan haqqında da bilgilər verilib. Deyilib ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qardaşı Şahi Xəndanın qəbri olduğu türbə (el arasında Şahxəndan türbəsi adlandırılır) Şamaxı şəhər qəbiristanlığında yerləşir. Azərbaycanın Orta əsr maddi-mədəniyyət abidələri içərisində Şahxəndan türbəsi memarlıq üslubu və tarixi mahiyyəti ilə fərqlənir.
Baş daşı və sənduqələrdən ibarət olan türbənin daxilindəki iki qəbirin kitabələri qismən dağılıb. Mülahizələrə görə, biri Nəsiminin qardaşı Şahi Xəndanın qəbridir. Digəri isə bir qadının qəbridir, anasının, yaxud da onun nişanlısının olması ehtimal edilir. Bundan başqa, burada bölünmüş vəziyyətdə olan daş kitabə də var. Sonrakı dövrdə bu məzar daşları üzərində səkkizguşəli türbə inşa edilib. Türbənin giriş hissəsindəki çatmatağlı qapının yuxarısında kitabənin yalnız boş yeri qalıb. Ehtimal ki, bu kitabə müəyyən bir dövrdə götürülüb.
Qeyd edək ki, Pakistandan gələn nümayəndə heyəti- Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər, prorektoru Zubeyir İqbal və dekan Lodhi Sofia oktyabrın 13-də ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşüb, universitetdəki Pakistan Mədəniyyət Mərkəzi ilə tanış olublar. Daha sonra rektor Məhəmməd Cəfər universitetin tələbələrinə mühazirə oxuyub.