booked.net

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.

Dövlət başçısı müsahibədə ötən ilin 11 ayının yekunlarının gözlənilən kimi uğurlu olduğunu bildirib. Müharibədən çıxmış ölkənin iqtisadi artımının 5 faizdən çox olması, qeyri-neft iqtisadiyyatının 7,2 faiz artması olduqca uğurlu nəticədir. Ümumi sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Bunu həmin sahədə göstəricilərin miqyasına görə ən inkişaf etmiş ölkələrlə müqayisə etmək olar.

Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edildiyi bir vaxtda ölkənin valyuta ehtiyatları 2,5 milyard dollar artıb. Halbuki keçənilki böyük xərclər qarşısında bu həcmdə valyuta artımı ölkə üçün xüsusi diqqətçəkən uğurdur. Qeyri-neft ixracımızın 40 faizdən çox artması imkan verir ki, Azərbaycan valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəyə cəlb etsin. Bu səbəbdən də qeyri-neft ixracının artırılması ölkə üçün yeni nailiyyətlər vəd edir.

İlin yekunlarına görə, ixracın idxalı böyük dərəcədə üstələməsi və müsbət saldonun 10 milyard dollardan çox olması, cari ildə büdcə xərclərinin təxminən 30 milyard manat nəzərdə tutulması da Azərbaycanın mühüm uğuru kimi qiymətləndirilə bilər.
Uzun illər ərzində manatın sabitlyinin qorunması da diqqət çəkən məqamdır. Bu, ölkə əhalisi üçün nə qədər faydalıdırsa, investorlar üçün də bir o qədər cəlbedici və faydalıdır.

Bu gün beynəlxalq təşkilatlar- BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB yeni reallıqları tamamilə qəbul ediblər. Dünya ictimaiyyətinə məlumdur ki, Erməni tərəfindən fərqli olaraq Azərbaycan müharibəni ləyaqətlə, beynəlxalq humanitar normaları pozmadan aparıb. Təkcə Tərtərə 16 min mərminin düşməsi isə erməni xislətinin konkret ifadəsidir.

Müharibə zamanı rəsmi İrəvanın müxtəlif təxribatları da üzə çıxdı. Onlar Rusiya tərəfindən xahiş ediblər ki, Rusiyanın Gümrüdəki hərbi bazasının kontingentinin bir hissəsi Zəngilana ezam edilsin. Nəticədə Gümrüdəki Rusiya bazasının çox məhdud kontingenti oraya ezam edildi. Bu hadisə baş verəndən dərhal sonra erməni silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar. Orada məsafə çox kiçik idi, buna görə onlar minomyotlardan da atəş açırdılar. Ermənistanın rəhbərliyi istəyirdi ki, Azərbaycan erməni mövqelərinə cavab atəşi açmaqla rusiyalı hərbi qulluqçulara ziyan vursun və bununla da Rusiyanı müharibəyə iştirakçı tərəf qismində cəlb etsinlər.

İşğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil edilmiş səfərlər erməni siyasətinin əsl simasını ifşa etdi. Azərbaycanın fəal diplomatik fəaliyyəti nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə şərait yaradıldı. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə - qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü.

Qarabağa, Xankəndinə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Bu əraziyə girən maşınların 91 faizi yoxlanılmır. Oradan çıxan maşınların isə cəmi 46 faizi yoxlanılmır. Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Azərbaycan maşınların da, insanların da sayını bilir, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır.

Azərbaycan MDB məkanında birinci ölkə idi ki, vaksinasiyaya start verdi. Ötən ilin 18 yanvar tarixində Azərbaycan artıq vaksinləri əldə etdi. O vaxt vaksinlər çox məhdud sayda olduğundan həmin dərman preaparatını ölkəyə gətirməkdə çox böyük problem var idi, birinci mərhələdə qardaş Türkiyə bizə böyük köməklik göstərdi.

Azərbaycan xəstəxanalarında COVİD xəstələrini qəbul etmək üçün 10 min çarpayı bazası mövcuddur ki, onlardan cəmi 10 faizi doludur. 9 min çarpayı boşdur. Önəmli məsələ reanimasiya yerləri ilə bağlıdır. Ölkəmizdə 875 reanimasiya yeri var, onlardan 26 faizi doludur. Buna görə demək olar ki, bütün məhdudiyyətlər aradan qaldırılıb.Azərbaycan əhalisi də özünü çox məsuliyyətlə aparır və bizdə hər hansı bir anti-COVID meyilləri, anti-COVID kampaniyaları yoxdur.

Azərbaycanın fəaliyyəti və təşəbbüsləri sayəsində Qoşulmama Hərəkatının nüfuzu artıb. Pandemiya vaxtı görülən işlər, beynəlxalq təşəbbüslər, Hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü, BMT-nin İnsan Haqları Şurasında aldığımız dəstək, yaxın vaxtlarda Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirə- bütün bunlar Hərəkatın nüfuzunu artırır.
Dövlətimizin başçısı müsahibədə ölkəmizin həyatında çox önəmli hadisənin baş verəcəyinin anonsunu da verib: "Xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməli qoyulacaq. Vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər. Yəni, bu, ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür. Ona görə bütün bu iqtisadi rəqəmlər, sadəcə olaraq, statistik rəqəmlər deyil. Adi vətəndaş üçün bəlkə də bu rəqəmlər o qədər böyük əhəmiyyət kəsb etmir. Ancaq hər bir vətəndaş öz həyatında bu rəqəmlərin və bu nailiyyətlərin nəticələrini təbii olaraq hiss edir."

Respublika Prezidenti İlham Əliyev müsahibədə bu il ərzində Azərbaycan hökumətinin iqtisadi, sosial layihələrlə bağlı planları, strategiyası haqqında da jurnalistlərə geniş bilgi verib. Qeyd edib ki, köklü iqtisadi islahatlar bir çox hallarda insanların rifah halına mənfi təsir göstərir. Ancaq Azərbaycanda biz elə siyasət aparırıq ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların güzəranına mənfi təsir göstərməsin. Düzdür, istisnalar olub. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl biz çox ağır bir addımın atılmasına məcbur idik. Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik.
Dövlət başçısı Azərbaycanın ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün nəzərdə tutulan tədbirlərdən də söz açıb və bu istiqamətdə addımlar atıldığını bildirib: "Amma biz reallığı nəzərə almalıyıq. Azərbaycanda adambaşına düşən torpaq sahəsi qonşu ölkələrə və bir çox ölkələrə nisbətdə daha azdır. Nəzərə alsaq ki, uzun illər ərazimizin təxminən 20 faizi işğal altında idi, nəzərə alsaq ki, ərazimizin bir hissəsi iqlimə görə, torpağın keyfiyyətinə görə kənd təsərrüfatı üçün yararsızdır, əlbəttə, bu, bizim işimizi çətinləşdirir. Yəni bu, reallıqdır və biz bu reallıqdan kənara çıxa bilmərik. Yəni, bu, bizim coğrafi vəziyyətimizdir."

Azərbaycanda aparılan köklü iqtisadi islahatlar insanların güzəranının daha da yaxşılaşmasına xidmət edir. Proqnozdan əlavə yığılmış 1,4 milyard manat hesabına dərhal 1,5 milyard manatlıq sosial paket təmin edilib və əlavə yığılmış bütün vəsait yalnız sosial layihələrə istiqamətləndirilib və bu, bir daha sosial sahəyə nə qədər böyük önəm verildiyindən xəbər verir. Həyata keçirilən geniş sosial layihələr sayəsində ölkə vətəndaşlarının minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bunlar 1,5 milyard manat vəsaitə başa gəlib və 2 milyondan çox insanı əhatə edir. Artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər.
Ölkə rəhbəri ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılması sayəsində taxıl məhsulları istehsalı və digər ərzaq məhsulları ilə bağlı qarşıya qoyulan məqsədə çatacağımıza əminliyini ifadə edib.

Son illər Azərbaycanda meyvəçilik, heyvandarlıq sahələrində də böyük nailiyyətlər qazanılıb. Taxılçılıqda məhsuldarlıq artıb. Azad edilmiş torpaqlarda taxıl əkini lazım olan aqrotexniki qaydada aparılsa, bu, ölkəmiz üçün əlavə 200 min ton taxıl deməkdir.
Cənab Prezident jurnalistlərin "Şəhid ailələri, müharibə əlillərinə dövlətin qayğı və diqqətini və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?" sualına cavabında bildirib ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir. Hesab edirəm ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq. Yəni, bir daha demək istəyirəm ki, bu, sırf bizim təşəbbüsümüzdür. Biz bunu heç yerdə görməmişik, bu təcrübəni heç yerdən gətirməmişik. Sadəcə olaraq, bu həssas kateqoriyadan olan insanlara müəyyən dərəcədə təsəlli vermək və onların dərdinə şərik olmaq üçün biz bu addımı atırıq."

Dövlət başçısı ötənilki işlərin davamı olaraq bu il işğaldan azad olunan ərazilərdə görüləcək işlər haqqında da geniş söz açıb və vurğulayıb ki, bu, miqyas baxımından tarix boyu ən genişmiqyaslı proqramdır. Artıq elektrik təsərrüfatının yaradılması prosesinə start verilib. Bütün azad edilmiş torpaqlarda bir ildə 7 yarımstansiya inşa edilib və bütün bu yarımstansiyaları ümumi dairəvi şəbəkəyə qoşulub. Heç biri indi avtonom qaydada işləmir. İndi alınan güclər və su elektrik stansiyalarında istehsal edilən güclər ümumi şəbəkəyə daxil edilir. Beləliklə bu, imkan verir ki, böhranlı vəziyyət yaranmasın.Xüsusilə, Kəlbəcər rayonuna qışda, qar şəraitində hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik dirəkləri çəkildi, bu, doğrudan da böyük fədakarlıqdır və ölkənin potensialını göstərir. Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Kəlbəcərə rahatlıqla Göygöl-Gəncə istiqamətindən gəlmək mümkün olacaqdır. Bərdə-Ağdam avtomobil yolu inşa edilir. Naftalan Talış və Suqovuşanla birləşdirilir. Bu da həm strateji nöqteyi-nəzərdən, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacaq. Füzuli-Şuşa yolu, Zəfər yolu bir ilə çəkilibdir. İkinci yol - magistral yol çəkilir, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yolu, Laçın istiqamətində əlavə yollar da çəkilir. Xüsusilə dəmir yolları qeyd olunmalıdır. Artıq Bərdə-Ağdam dəmir yolunun inşasına başlanıb. Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına start verilib.
Respublika Prezidenti ciddi islahatların aparılmasına baxmayaraq, məmur bürokratiyası, məmur biznesi kimi cəmiyyətdə rast gəlinən neqativ hallara qaşı barışmaz mövqeyini də bildirib və atılacaq addımların da, cəzaların da çox sərt olacağını deyib.

Vacib amillərdən biri korrupsiya üçün meydanı daraltmaqdır. Burada institusional tədbirlər görülməlidir, şəffaflıqla bağlı, hesabatlılıqla bağlı əlavə addımlar atılmalıdır. Bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir. Çünki ASAN modeli artıq sınaqdan çıxmış bir modeldir. “ASAN xidmət”in əhali tərəfindən bəyənmə əmsalı haradasa 98 faizdir. Ona görə bütün sahələrdə – iqtisadi, sosial, məmur-vətəndaş münasibətləri sahəsində bu model tətbiq edilməlidir. Məmur-vətəndaş təmasları da minimuma endirilməlidir.

Cənab Prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanın Vətən müharibəsində Qələbəsindən sonra qarşıdakı illərdə hərbi quruculuq işlərindən də danışıb və hərbi quruculuq məsələlərinin prioritet məsələ olduğunu bir daha xatırladıb, Ermənistanı təxribatçı əməllərdən revanşist meyllərdən çəkinməyə, delimitasiya və demorkasiya məsələlərində konkret addımlar atmağa çağırıb: " Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək."

Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında avtomobil yolu çəkiləcəkdir.Yolun çəkilişinə rəsmi İrəvan artıq öz razılığını verib. Azərbaycan Ermənistanı bu razılığa heç bir zor tətbiq etmədən məcbur etdi. Odur ki, istisna edilmir ki, bu gün inkar etdiyi sülh müqaviləsinin imzalanmasına rəsmi İrəvan nə vaxtsa hazır olacaq.

Azərbaycanda Komando qüvvələrinin yaradılması böyük hadisədir və hərbi qüdrətimizin təzahürüdür. Xüsusi təyinatlı qüvvələr İkinci Qarabağ müharibəsi dövründə özlərini ən yaxşı cəhətdən göstərdilər. Buna görə də həmin qüvvələrin təkmilləşdirilməsi, həmçinin xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətdir. Bu, Azərbaycan Silahlı Qüvvələrinin xalqımızı və dövlətimizi bütün mümkün təhlükələrdən qoruya bilməsinə hesablanıb.

Sülhməramlı qüvvələrin ümumi fəaliyyətinə müsbət yanaşdığını deyən ölkə başçısı bu missiyanın Azərbaycan tərəfdaşları ilə münasibətləri ikitərəfli əlaqələrə müsbət təsir göstərdiyini vurğulayıb: "O ki qaldı, qıcıq doğuran məsələlərə, əlbəttə, bu bizi də qıcıqlandırır və dəfələrlə belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılmışdır."

Dövlət başçısı regional gündəlikdə duran məsələlərdən söz açanda təşəbbüslərimizin çoxunun, tərəfdaşlarımızın təşəbbüslərinin çoxunun bizim iştirakımız və müsbət münasibətimiz olduğu halda reallaşdığını qeyd edib.
Bakı-Brüssel əlaqələrinin perspektivinə ümid bəslədiyini qeyd edən Respublika Prezidenti Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Avropa İttifaqının oynayacağı rolu müsbət qarşıladığını, ancaq burada ədalət prinsipinin əsas rolunu vacib sayıb.

Dövlət başçısı Cənub Qaz Dəhlizinin ixracat imkanları, reallıqlar, perspektivlərlə bağlı bildirib ki, Cənub Qaz Dəhlizinin reallaşması birmənalı şəkildə tarixi hadisədir və bu nəhəng enerji layihəsini bu dərəcədə, yəni keyfiyyətlə və çətin geosiyasi vəziyyətdə həyata keçirmək doğrudan da böyük səylər tələb edirdi. Sözlərinə əlavə edib ki, Azərbaycan qazının həcmi o qədər də böyük deyil, amma bir neçə ölkə üçün bu, həlledici ola bilər və əlbəttə ki, ilk növbədə, burada bizim maraqlarımız təmin olunur. Çünki əgər bu kəmər çəkilməsəydi, biz zəngin qaz ehtiyatlarının üstündə, necə deyərlər, oturacaqdıq, nəyi isə gözləyəcəydik. Əgər bu perspektiv olmasaydı, heç bir şirkət milyardlarla, on milyardlarla dollar vəsaiti bu yataqların işlənməsinə qoymazdı. Hazırda ixrac artır, yeni rəqəmlər mənə təqdim edildi. Bu il təxminən 19 milyard kubmetr qaz ixrac ediləcəkdir. Ondan 8 milyarddan çoxu Türkiyə, 7 milyarddan çoxu İtaliyaya ixrac ediləcək. Qalan qaz Gürcüstan, Bolqarıstan, Yunanıstan arasında bölünəcək. Yəni bu, böyük rəqəmdir və eyni zamanda, daxili tələbat da artır və artacaq.

Respublika Prezidenti cənab İlham Əliyev yeni dünya düzənində baş verən dəyişikliklərə gəlincə bunları bildirib: "...Artıq biz Qarabağ problemi kimi ağır yükü çiynimizdən atdıq və hesab edirəm ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq. Çünki de-fakto bu, artıq baş verib və biz bu de-fakto vəziyyətə tam hazırıq, bütün daxili resurslarla hazırıq. Həm mənəvi, həm xalqımızın səfərbərliyi, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyimiz, siyasi gündəliyimiz və Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlarımız - biz tam hazırıq, istənilən varianta hazırıq. Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, - halbuki, mən buna inanmıram, - hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna hazırıq. Yəni, biz komanda kimiyik. Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq."


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff