booked.net

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxış etdi


Müstəqil Azərbaycanın gənclər siyasətinin əsasını yaradan Ümummilli Lider Heydər Əliyev aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ulu Öndər gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi.

Prezident İlham Əliyev fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxışı zamanı o dövrün mənzərəsini gənclər üçün aydınlatdı: "İqtisadiyyatı prinsipləri tam bərqərar olmamışdı, özəl sahibkarlıq çox aşağı səviyyədə idi. Dövlət qurumları isə hələ yeni idarəetmə üsuluna yiyələnə bilməmişdilər. İqtisadi tənəzzül hər yerdə özünü büruzə verirdi və iqtisadi gələcəyimiz də prinsipcə sual altında idi. Neft-qaz kontraktları təzəcə imzalanmışdı. 1994-cü ildə bax, bu salonda, bax, bu yerdə “Əsrin kontraktı” imzalanmışdı və hamımıza böyük ümidlər vermişdi. Ancaq o vaxt bu layihənin icrasını proqnozlaşdırmaq, əlbəttə ki, mümkün deyildi. Ümidlər var idi, amma əminlik yox idi. 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə kontraktın imzalanması da əlavə ümidlər verdi, amma Gənclər Günü təsis ediləndə, - 25 il bundan əvvəl, - əlbəttə ki, bu layihələrin ölkəmizə nə dərəcədə xeyir verəcəyini heç kim proqnozlaşdıra bilmirdi."

Həmin dövrdə yüz minlərlə məcburi köçkünün ağır vəziyyətə düşdüyünü, öz doğma torpaqlarından qovulmuş insanların çadırlarda, vaqonların altında, uyğunsuz binalarda yaşadığnı xatırladan dövlət başçısı qeyd etdi ki, o zaman nizami ordu yaradılmamışdı və nizami ordunun olmaması Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə gətirib çıxardı.

Prezident İlham Əliyev: "Bax, belə bir vəziyyətdə Heydər Əliyev Gənclər Gününü təsis edir və xatırlayıram, o vaxt bəziləri - yəni, hakimiyyətdə olanları nəzərdə tuturam - deyirdilər ki, indi bu, əsas məsələ deyil, ölkə qarşısında digər vacib məsələlər var, onlar həll olunmalıdır. Ancaq Ulu Öndər həmişə olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktik addımlar atıldı."

Həmin əməli-praktik addımların nəticəsidir ki, bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur.

Respublika Prezidenti Gənclər Forumunda çıxışında gəncləri həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmağa çağırdı. Gənclərlə fəxr etdiyini bildirən ölkə başçısı bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolunun həlledici olduğunu qürurla qeyd etdi. Bildirdi ki, müasir və müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub, biz bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq.

"Azərbaycanlılar həmişə dünyaya açıq olublar, amma öz mənəvi kodeksini həmişə hər şeydən üstün tutublar. Bir halda ki, azad olmadığımız dövrdə, əsrlər boyu həm müstəmləkə, həm başqa ölkələrin tərkibində yaşadığımız dövrdə əgər biz bu dəyərləri qoruyub saxlamışıqsa, indi əlbəttə, biz bu dəyərləri qoruyub saxlamalıyıq",- deyən İlham Əliyev xüsusi olaraq vurğuladı ki, biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə etməliyik. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.
İndi Azərbaycan müstəqildir və müstəqil siyasət aparır. Heç bir kənar qüvvə ölkənin daxili işinə qarışa bilməz. Belə cəhdlərdən biri özünü qloballaşma adı ilə büruzə verir. Bu gün başqa ad altında kök salır. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər, dırnaqarası dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir.

Bütün bunlara baxmayaraq fərəhləndirici haldır ki, Azərbaycan cəmiyyəti və Azərbaycan iqtidarı birmənalı şəkildə milli maraqların keşiyində dayanır.
Prezident İlham Əliyev: "Mən Prezident kimi sona qədər milli dəyərləri müdafiə edəcəyəm, dövlət müstəqilliyimizi müdafiə edəcəyəm. Yəni, müstəqillik deyəndə mən atributları nəzərdə tutmuram - real müstəqillik."

Milli dəyərlərin tərkib hissəsi olan ana dili milli dəyərlərimizin əsasını təşkil edir. Ona görə ana dilimizin zənginliyini qorumalı, inkişafı qayğısına qalmalıyıq.
Şəhid generalımız Polad Həşimovun qızı ilə maraqlı dialoqunda Pespublika Prezidenti torpaqlarımızın bütövlüyü, azadlığı yolunda canlarından keçən igid Vətən oğullarının hünərini xüsusi qeyd etdi. Bildirdi ki, Polad Həşimov kimi qəhrəmanlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq.
"Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar",- deyən Prezident İlham Əliyev qeyd etdi ki, vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Ancaq, eyni zamanda, hər bir insan, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir.

44 günlük Vətən müharibəsində apardığımız bütün əməliyyatların fövqündə Şuşanın azad edilməsi dayanmışdı və biz Şuşanı elə azad etdik ki, artıq düşmən öz müqavimətini dayandırmışdı. Dövlət başçısı bildirdi ki, Şuşa bir müqəddəs rəmz idi. Şuşanın təbii gözəlliyi var: landşaftı, relyefi, qaya üstündə yerləşməsi, havası və s. Amma Şuşanın Azərbaycan xalqı üçün əhəmiyyəti təkcə bu coğrafi mənzərə ilə məhdudlaşmırdı. Şuşanın çox böyük rəmzi mənası var.

İndi qarşıda böyük bərpa və quruculuq işləri durur. Azad edilmiş torpaqlarda bu il 5 su elektrik stansiyası inşa ediləcək. Bu, həm ümumi enerji potensialımızı gücləndirəcək, həm də hər yeni yaradılan infrastruktur obyekti iş yerlərinin yaranmasına gətirib çıxarır. Bu il nəzərdə tutulan layihələr arasında Ağalı kəndinin inşası tamamlanıb. Artıq tezliklə keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar.

Ölkə başçısı vurğuladı ki, Zəngilan Hava Limanı da bu il açılacaq. Orada da kifayət qədər iş yerləri açılacaq, o cümlədən gənclər üçün. İnfrastruktur layihələri, Zəngəzur dəhlizi... Biz 2023-cü ildə dəmir yolunu mütləq Ermənistan sərhədinə gətirəcəyik, avtomobil yolunun da tikintisi gedir. Yəni, bütün bu işlərdə gənclər fəal iştirak edirlər.

Cari il 40-50 min hektarda əkin işləri nəzərdə tutulur. Bu, ölkənin ərzaq təhlükəsizliyini təmin edəcək. Orada da işləyənlərin əksəriyyəti gənclərdir.
Prezident İlham Əliyev Gənclər Forumunda çıxışında əlilliyi olan şəxslər, o cümlədən Vətən müharibəsində iştirak etmiş gənclərə dövlət qayğısından da danışdı. Bildirid ki, son vaxtlar bu sahədə çox ciddi irəliləyiş var. Əlilliyi olan insanlar indi fəal işə cəlb olunur. Həm onların əl işləri nümayiş etdirilir, istedadı olan, incəsənətə meyilli olan gənclər artıq tamaşalar qoyur və bunun üçün gözəl şərait var.

Şəhid ailələri və müharibə əlilləri üçün genişmiqyaslı proqram icra edilir. Bu günə qədər 10 mindən çox şəhid ailəsi və müharibə əlili evlərlə, mənzillərlə təmin edilib. Yeddi mindən çox minik avtomaşını dövlət tərəfindən paylanılıb. Təkcə keçən il 1600 Birinci və İkinci Qarabağ müharibələri əlili və şəhid ailələrinə mənzillər verilib - 850 Birinci, 750 İkinci Qarabağ müharibələri iştirakçılarına. İkinci Qarabağ müharibəsində iştirak edənlər də yenə daim diqqət mərkəzindədir. Bu il bu kateqoriyadan olan minimum 1600 insana dövlət tərəfindən mənzillər veriləcək. Doxsana yaxın Vətən müharibəsi qəhrəmanımız var, haradasa, onların 95-97 faizinə mənzillər verilib.

Protezə ehtiyacı olan 200-ə qədər Vətən müharibəsi iştirakçısı var ki, onların 95 faizi artıq protezlərlə təmin edilib. Bu protezlər son texnologiyalı protezlərdir və normal həyata qayıtmaq üçün bütün imkanlar var.
Vətən müharibəsi dövründə İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da qoşuldular - könüllü olaraq, öz təşəbbüsləri ilə. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi.

Davos Ümumdünya İqtisadi Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabının üstünlüklərini daha da açmaq, Azərbaycanda tətbiq etmək üçün və regionda bu işlərə koordinasiyanı öz üzərinə götürmək üçün müvafiq sənəd imzalandığını qeyd edən dövlət başçısı bu istiqamətdə əminliyini belə ifadə etdi: "Dördüncü Sənaye İnqilabı artıq reallıqdır və biz geridə qalmamaq üçün bu istiqamətdə öz addımlarımızı atırıq."
Dördüncü Sənaye İnqilabının mərkəzinin Azərbaycanda yaradılması, eyni zamanda, geniş informasiya məkanına çıxış əldə etmək deməkdir. Dünya dəyişir və 25 il bundan əvvəlki dünya indiki dünya ilə böyük fərq təşkil edir. Ənənəvi peşələr yeniləri ilə əvəzlənir və buz buna hazır olmalıyıq.
Dövlət başçısı çıxşı zamanı ölkədə getdikcə geniş vüsət alan könüllülük hərəkatını xüsusi qeyd etdi: "Könüllülük də digər ənənəvi davranış qaydalarının yeni bir təzahürüdür. Ona görə mən bu hərəkata çox müsbət baxıram, gənclərin təşkilatlanması, bir amal uğrunda birləşməsi, cəmiyyətin saflaşması və kadr potensialının hazırlanması nöqteyi-nəzərdən. Ona görə əminəm ki, Azərbaycanda bu hərəkatın çox gözəl gələcəyi var."

Daha sonra çıxışında tarixə qısa ekskurs edən ölkə başçısı qeyd etdi ki, indi Ermənistan adlanan ərazi azərbaycanlıların əzəli torpaqları olbu. Müxtəlif illərdə onlar öz yurdlarından qovulublar. Bununla da bitməyib. tarixi düşmənimiz sonradan yeni ərazilərimizi ələ keçiriblər. Bu proses ancaq 1969-cu ildə dayandı. Ulu Öndər Heydər Əliyev Azərbaycanda rəhbərlik etməyə başlayanda artıq bir qarış torpaq da Ermənistana verilmədi. Ondan sonra, 1940-1950-ci illərdə azərbaycanlılar deportasiyaya məruz qaldılar və yüz minlərlə azərbaycanlı öz doğma torpağından Kür-Araz ovalığına köçürüldü. Nəhayət, axırıncı etnik təmizləmə artıq 1980-ci illərin sonlarında baş verdi və Ermənistan ərazisindən azərbaycanlılar tamamilə çıxarıldı, ondan sonra da Qarabağ münaqişəsi baş verdi.

Həmişə çoxmillətli, çoxkonfessiyalı diyar olan Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə əzmini artıran mühüm faktorlardan biri də məhz birliyimiz oldu. Etnik mənsubiyyətindən asılı olmayaraq xalqımız "Dəmir yumruğ"a dönməyi bacardı.
Prezident İlham Əliyev: “Dəmir yumruq”, sadəcə, güc deyil, bu, birlikdir. Bizdə bu gün olan birlik, hesab edirəm ki, hər bir ölkə üçün, multikonfessional və çoxmillətli ölkə üçün nümunə ola bilər. Siz gənclər, bax, bu ideyaları qorumalısınız. Çünki bu siyasətin uğurlu olması təkcə dövlətdən asılı deyil, hər bir vətəndaşdan asılıdır. Hər bir vətəndaş öz davranışı ilə bu ideyaları tərənnüm etməlidir. Belə olan halda, Azərbaycanda yaşayan bütün xalqlar, Azərbaycan vətəndaşları daim sülh şəraitində, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayacaqlar."

Təssüflər olsun ki, hələ də informasiya təxribatları davam edir və informasiya agentliklərindən istifadə olunur. Amerika Prezidenti Donald Tramp “Washington Post” və “NewYorkTimes” qəzetlərini feyk-nyusadlandırıb. Bu feyk-nyus artıq siyasi mübarizənin bir üsuluna çevrilib.
Dünyanın əsas qeyri-hökumət təşkilatları Azərbaycana qarşı uzun illərdir mübarizə aparır. Bu təşkilatlar, o cümlədən Qarabağ məsələsində ermənilərə dəstək göstərirlər. Onların adları da məlumdur: “FreedomHouse”, “AmnestyInternational”, “HumanRightsWatch”, Soros və onun nəzarəti altında olan qurumlar, sərhədsiz reportyorlar. Hamısı anti-Azərbaycan mövqeyində dayanan, Azərbaycanı məhv etmək istəyən QHT-lərdir. Azərbaycan gəncləri bu fitnələrə heç vaxt uymayacaq.

Dövlət başçısı Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən Bakının ekoloji vəziyyətinə də toxundu. Qeyd etdi ki, 20 il öncə şəhərdə havanın çirklənməsi çox yüksək idi. Bibiheybət buxtasıekoloji fəlakət zonası idi. Bu zəhərli hava ekoloji vəziyyətimizə böyük ziyan vururdu. Ən təhlükəli ərazilərdən biri Balaxanı idi.Bakıdakı yod-brom zavodu çox zərərli bir müəssisə idi. Bakı şəhəri faktiki olaraq təbii fəlakət üstündə idi və bu, insanların sağlamlığına təsir göstərirdi. Ümumiyyətlə, havanın tərkibində çoxlu zərərli maddələr var idi. Bunların əvəzində indi Bakıda Bulvar salınıb, Su İdman Sarayı, muzeylər, ictimai obyektlər şəhər sakinləri üçün çox gözəl rekreasiya zonası yaradılıb.

Erməni işğalından azad edilmiş torpaqlarda fəsadlar çox böyükdür və ermənilər şüurlu şəkildə bizim təbiətimizə qəsd ediblər. Tərtər çayının suyunun kəsilməsi öz yerində, bununla paralel olaraq digər transsərhəd çayları çirkləndiriblər. Zəngəzurda yerləşən mis-molibden kombinatları öz axıntılarını düz Oxçuçaya, Bəsitçaya, Araz çayına tökərək ekoloji fəlakət törədiblər. Meşə fondumuz məhv edilib. 1988-ci ilin statistikasına görə, azad etdiyimiz ərazilərdə meşə fondu 230 min hektar idi. 55 min hektar meşə fondu ermənilər tərəfindən qırılıb. Avropada öz əhəmiyyətinə görə ikinci hesab olunan Bəsitçay Təbii Qoruğu məhv olunub. Bütün bunlara baxmayaraq dövlətimiz ağrı-acıları, təbiətimizə vurulmuş yaraları zaman-zaman sağaldacaq, ekoloji tarazlığı bərpa edəcək.

Prezident İlham Əliyev gənclərə mütləq idmanla məşğul olmağı tövsiyə etdi. Çünki idman təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır. İdman iş qabiliyyətini artırır və insanı daha cəsarətli edir, pis vərdişlərdən uzaqlaşdırır. Ona görə yaxşı əhval-ruhiyyədə olmaq üçün idman çox yaxşı vasitədir.
Ölkə başçısı idmanın kütləviliyini təmin etmək üçün yeni proqram tərtib edilməsini, yeni yarışlar təşkil olunmasını və belə yarışların bütün ölkəni əhatə etməsini vacib saydı.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff