booked.net

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul etmişdir


 Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev: "Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni, feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər."
              

           Dövlətimizin başçısı Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə cari ilin 8 aprel tarixində görüşünü  ölkə icitmaiyyəti maraqla izlədi. Bir neçə gün bundan əvvəl Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirməsini, böyük qələbə ilə Vətənə qayıtmasını qürur hissilə qeyd edən Prezident İlham Əliyev sevincini belə bölüşdü: "16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Bu medalların birini qadın idmançımız qazandı, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. Bu, böyük qələbədir, böyük nailiyyətdir. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər."

          Qalib olmaq, həm də məsuliyyətli olmaqdır. Respublika Prezidenti görüş zamanı bir daha xatırlatdı ki, idmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır. 

Ölkə başçısı onu da bildirdi ki, idmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı.

            Prezident İlham Əliyev gənc nəslin mütləq vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alması üçün Azərbaycan dövlətinin bütün imkanlardan istifadə etdiyini qeyd etdi və idmançılarımız qazandığı nailiyyətlərlə hər birimizi sevindirdiyini dedi: "Əminəm ki, Azərbaycan vətəndaşları- həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Hamımız sevinirik, çünki sevinirik ki, siz buna nail olmusunuz."

           Hər bir Azərbaycan vətəndaşının öz əməyi ilə ölkəmizi gücləndirməsi sayəsində bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.

          Cənab Prezident görüşdə qarşıdakı yarışlarda da idmançılarımızın uğurlar qazanacağı ilə bağlı gözləntilərini də bölüşdü. Bildirdi ki, növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. Gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, necə ki, bu günə qədər ləyaqətlə təmsil edirlər. 

             İdman meydanında bəzən baş verən xoşagəlməz hallarda Azərbaycan idmançılarının özlərini ləyaqətli aparmasını xalqımıza xas olan müsbət keyfiyyətlərdən biri kimi qiymətləndirən ölkə başçısı, idman təmsilçilərimizin öz güclərini qaydalar çərçivəsində göstərməsini fərəhli, qürurverici hal kimi qeyd etdi.  

            İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı. Erməni ordusu dinc insanlara qarşı terror əməllərinə əl atmışdır. Bizim şəhərlərimiz, dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu, 100-dən çox dinc insan, onların arasında uşaq, qadın, yaşlı insan bu namərd atəş nəticəsində həlak oldu- budur erməni xisləti. 

               Amma biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub edirik.  

            Prezident İlham Əliyev buna nümunə olaraq məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etməsini, qol sayıla biləcək vəziyyətdə saxta nailiyyətdən uzaq durmasını qeyd etdi. "Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni, feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Çünki bilirsiniz, qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir, onun həyatında, necə deyərlər, böyük iz buraxır. Ancaq qələbədən daha vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq. Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır. İdmanda da elə olmalıdır, elədir və bu halal qələbəni siz öz istedadınız, zəhmətiniz hesabına qazanmısınız və eyni zamanda, bir daha xalqımızın böyüklüyünü göstərmisiniz," - deyə dövlət başçısı vurğuladı.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff