booked.net

Prezident İlham Əliyev 11noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edib


Prezident İlham Əliyevin Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı türk dünyası coğrafiyasının gələcəyi baxımından mühüm məqamlarla zəngin olub.

Son 7 ayda üçüncü dəfə qardaş Özbəkistana səfər etdiyini, bu gün yenidən Səmərqənd şəhərində olmaqdan çox məmnun olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan əlaqələrinin daha da yüksək səviyyəyə qalxdığını xüsusi vurğulayıb. 

Ölkəmizin rəhbəri çıxışında Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu bəyan edib: "Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq."

Prezident Səmərqənd çıxışında türk dünyasında atılması vacib olan məsələlərdən də danışıb. “Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”,- deyə dövlət başçısı bildirib.

Prezident İlham Əliyevin çıxışında ən mühüm məqamlardan biri də türk dövlətlərinin sərhədlərindən kənar yaşayan soydaşlarımızın problemlərini təşkilatın gündəliyinə gətirilməsi olub  və bununla Cənubi Azərbaycandakı soydaşlarımızın da hüquqlarını beynəlxalq gündəliyə daşıyıb:"Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır."

Prezident İlham Əliyev çıxışında xüsusi vurğulayıb ki, gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Dövlətimizin başçısı bununla da Cənubi Azərbaycandakı soydaşlarımızın üzləşdiyi problemləri dilə gətirib.

Azərbaycan lideri cənubdakı soydaşlarımıza dəstəyin davam etdiriləcəyini də elan edib və bildirib ki, Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.

Prezident İlham Əliyev iki il əvvəl Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğunu, tarixi ədalət və beynəlxalq hüququn bərpa olunduğunu və bununla da Azərbaycanın həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdiyini Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün iştirakçılarına qürur hissi ilə xatırladıb. 

Dövlətimizin başçısı onu da qeyd edib ki, otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir.

Ermənistanın sərhəddə hərbi təxribatlarını davam etdirdiyini deyən ölkəmizin başçısı son olaraq sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur olduğunu söyləyib. 

Düşmənin xalqımıza yaşatdığı dəhşətli acılardan biri də onların işğal zamanı bizim ərazilərimizdə bir milyondan çox mina basdırmasıdır. Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olması və ya ağır yaralanması təcavüzkar düşmənin xislətinin gerçək üzüdür. 

Ermənistanın dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmaq iddiaları heç vaxt təsdiqini tapmayıb, iftiradır. Biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq.

Rəsmi İrəvanın bu cür əsassız siyasi gedişləri, sərhədlərimizdə vaxtaşırı törətdikləri təxribat xarakterli əməllər Azərbaycanı azad etdiyi ərazilərdə qurub-yaratmaq, yurd yerlərimizi "Böyük qayıdış"a hazırlamaq, bununla bağlı proqramın yerinə yetirilməsi istiqamətində apardığımız geniş fəaliyyətin qarşısını almaqda acizdir.  

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə nəhəng  quruculuq işlərini əzmlə davam etdirir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına artıq başlanılıb.  

Bu prosesdə Türkiyə şirkətlərinin podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirakı xalqımıza əsl qardaş dəstəyidir və bu kömək "Böyük Qayıdış"ı yaxınlaşdırır. 

Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki quruculuq işlərindən bəhs edərkən Füzuli rayonunda Özbəkistan tərəfindən məktəbin  tikiləcəyini, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzini inşa olunacağını minnətdarlıqla qeyd edib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad edilmiş torpaqlara üç dəfə səfər etdiyini bildirərək digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura səfərə dəvət edib.  

Oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanınması da bir daha onu göstərdi ki, Qarabağ münaqişəsi tarixdə qalıb. 

İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq.

Türk coğrafiyası az zaman kəsiyində qarşılıqlı əməkdaşılq çərçivəsində böyük inkişaf yolu keçib və qardaş dövlətlər arasında dərin inteqrasiyaya nail olunub. Bu uğurların qazanılmasında Azərbaycan Prezidenti İlham Əliyevin mühüm rolu olub. Bu səbəbdəndir ki, dövlətimizin başçısının Səmərqənd Zirvəsindəki çıxışını türk coğrafiyasının daha da güclənməsi üçün yeni “Yol xəritəsi” kimi dəyərləndirirlər. 


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff