booked.net

Zəngəzur dəhlizi tarixi nailiyyətdir



Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində işğal altında olan torpaqlarımız həmişəlik azad edildi və ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi. İndi isə işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bölgədəki nəqliyyat əlaqələrinin bərpası istiqamətində də işlərə başlanıb. İnanırıq ki, xalqımız Azərbaycan torpağı olan və 101 ildir ki, əsas parçasından ayrı düşmüş Zəngəzura qayıdacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 20 aprel tarixində Azərbaycan Televiziyasına müsahibəsində qeyd edib ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir.
O torpaqlar 1921-ci ildə Türkiyə ilə Rusiya arasında bağlanan Moskva müqaviləsi, daha sonra isə Gürcüstan, Ermənistan və Azərbaycan SSR tərəfindən imzalanan Qars sazişi ilə ölkəmizin ərazisi bütövlüyünə daxil olan yerlərdir. SSRİ dövründə həmin ərazilərin Ermənistana verilməsi faktiki olaraq bu müqavilələrin şərtlərini pozur və qeyri-legitimdir. Yəqin ki, rəsmi Bakı yaxın zamanlarda Zəngəzurun Azərbaycana qaytarılması barədə məsələni beynəlxalq məhkəmələrə daşıyacaq və ərazinin öz sahibinə qaytarılmasına nail olacaq.
44 günlük müharibədə Azərbaycan dövləti işğal altındakı torpaqlarını azad etməklə yanaşı, digər mühüm uğur qazanmış oldu. Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndi Zəngəzura qayıdış üçün zəmin yaratdı. Eyni zamanda, cari ilin yanvarın 11-də Moskvada imzalanmış 4 bəndlik Bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi əsas verdi.
10 noyabr anlaşmasına əsasən, Azərbaycanın Ermənistan üzərindən, daha doğrusu, tarixi Azərbaycan torpaqları üzərindən Naxçıvana, Türkiyəyə quru yolunun təmin edilməsi, nəqliyyat və kommunikasiya dəhlizinin açılması nəzərdə tutulur. Hazırda bu dəhliz üçün ən ideal variant tarixi Azərbaycan torpağı olan Zəngəzurdur. Zəngəzur dəhlizi açılarsa, bu, region ölkələrini birləşdirən mühüm nəqliyyat qovşağının formalaşmasına şərait yaradacaq.
Zəngəzur dəhlizi icra edildikdən sonra Çindən yola çıxan yükün qısa bir müddət ərzində ölkəmiz vasitəsilə Avropaya çatdırılması təmin ediləcək. Ulu öndər Heydər Əliyevin reallaşdırmaq istədiyi və inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolunun tikintisi layihəsi o zamankı Ermənistan rəhbərliyinin etirazlarından sonra dayandırılmışdı. Bu gün isə dövlətimizin başçısı İlham Əliyev bu ideyanı da həyata keçirərək Ulu Öndərin uzun illər əvvəl hazırlamış olduğu strategiyanı çox böyük uğurla davam etdirir. Artıq Ermənistan tərəfi Zəngəzur dəhlizinin icrasına heç bir ciddi maneə yarada bilməz. Tarixi həqiqət bizim yanımızda olmaqla yanaşı, hüquqi sənədlər də dəhlizin reallaşdırılmasına şərait yaradır. Habelə tranzit olaraq bu dəhlizin təmin edəcəyi logistik imkanlar həm də Ermənistanın xeyrinə olacaq.
Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması, həm də böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin açılması, fəaliyyəti ilə bağlı bir çox təkliflər var, artıq bəziləri nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir.
Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi birləşməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə də bu məsələni xüsusi qeyd etmişdi. Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq. Prezident İlham Əliyev 2021-ci il 31 mart tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı bildirib ki, “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”.
Türk birliyi sırf praqmatik maraqlar üzərində qurulmuş ideyaya çevrilir və Avrasiyanın mühüm hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsini nəzərdə tutur. Süveyş kanalı ilə bağlı yaşananlar isə Zəngəzur dəhlizinin dünya üçün də əhəmiyyətini bir daha qabarıq şəkildə üzə çıxardı.
Kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin bərpa edilməsi nəticəsində regionun mənzərəsinin, geosiyasi konfiqurasiyanın dəyişəcəyi haqda istər regional(Gürcüstan, İran, Türkiyə və Rusiya), istərsə də regionda marağı olan Qərb, ərəb dövlətləri və Çin KİV-lərində çoxsaylı yazılar dərc edilir. Abxaziyadan keçən dəmiryolu xətlərinin açılması yenidən gündəmə gətirilir, Gürcüstan parlamenti 44 günlük müharibənin nəticələrini xüsusi qapalı iclasda müzakirə edir, ekspertlər isə Zəngəzur dəhlizindən Çinin əldə edəcəyi faydanı belə hesablamağa çalışırlar. Çin artıq neçə illərdir ki, Avropaya qədər uzanan “Yeni İpək yolu” – “Bir Nəsil, Bir Yol” (Bəzən Türk dilindən tərcümələrdə “kuşak” sözü digər bir anlamına uyğun olaraq “Bir Kəmər, Bir Yol” da deyilir) layihəsini həyata keçirməyə çalışır. Avrasiya coğrafiyasını əhatə etməsi nəzərdə tutulan bu layihəyə yüz milyardlarla dollar vəsait xərsləməyi düşünən Pekinin başlıca məqsədi öz məhsullarının tranzit xəttinin təhlükəsizliyini təmin etmək və beləcə, iqtisadi cəhətdən dünya liderinə çevrilməkdir.
Beləliklə, Zəngəzur dəhlizinin bölgə və beynəlxalq yükdaşımalarında mühüm həlqə olacağı aydındır.
Zəngəzur dəhlizinin açılması milli hədəfdir- Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı çıxışında əsas vurğu heç də regional əmədaşlıq və yükdaşımaları ilə bağlı rəqabət üzərində deyil. Cənab Prezident müsahibəsində bəyan edir ki, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi
və gələcək maraqlarımıza tam cavab verir... Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Tarixi torpaqlara qayıdış strateji planlaşdırma ilə həyata keçirilir- bunun strateji “yol xəritəsi” də açıqlanır: Azərbaycan o torpaqlara təzminat və digər iqtisadi rıçaqlarla qayıdacaq.
Qarşıda bizi daha böyük milli-tarixi hədəflər gözləyir. Bunun üçün milli ideyalar naminə birliyin davam etdirilməsi vacibdir.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff