Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox mühüm məsələlərə toxunub. Dövlət başçısı mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə edib. Ölkə başçısı həmçinin vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq edib.
2022-ci ildə qarşıya qoyulan vəzifələrin yerinə yetirildiyini bildirən Prezident İlham Əliyev müharibənin nəticələrinin dünya tərəfindən qəbul edildiyini deyib və əminliklə söyləyib ki, Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik, yəni, öz mövqelərimizi daha da gücləndirməliyik. Son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində biz istədiyimizə nail ola bilmişik.
Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır.
Dövlətimziin başçısı postmüharibə dövründəki reallıqlara da toxunub və vurğulayıb ki, müharibədən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq.
Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımına münasibət bildirən ölkə rəhbəri itisadiyyatımızın dünya iqtisadiyyatının bir parçası olduğunu xatırladıb və təəssüf hissi ilə qeyd edib ki, biz də bu mənfi təsirə məruz qalmışıq: "Ancaq biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni, müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir." Bunu ötən il ölkəmizin ümumi daxili məhsulunun rekord həddə- 134 milyard manata çatması da sübut edir. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Xarici ticarət 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir, eyni zamanda, bizim xarici borcumuz azalıb. Həm mütləq rəqəmlərlə- 7 milyard dollardan aşağıdır.
Həm Dünya Bankı ilə, həm Avropa Yenidənqurma və İnkişaf Bankı ilə icraatda olan layihələr başa çatır. Dünyanın hər iki aparıcı maliyyə qurumunun yüksək vəzifəli nümayəndələri keçən il Bakıda olmuşlar və aparılan müzakirələr zamanı yeni istiqamətlər müəyyən edilib.
Dövlətimizin başçısnın qənaəti budur ki, iqtisadi və sosial sahə həmişə paralel inkişaf etməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir.
Dünyada baş verən yüksək qiymət artımı və inflyasiya fonunda bu təsirlərin azaldılması istiqamətində, xüsusilə də aztəminatlı əhalinin sosial rifah halının gücləndirilməsi, onlara dəstək verilməsi ilə bağlı atılacaq addımlarlardan danışarkən Prezident İlham Əliyev deyib: "...sosial rifah haqqında nəinki düşünməli idik, praktiki addımlar atmalı idik. Ona görə minimum əməkhaqqının 15 faiz artması əlbəttə ki, inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıbdır və minimum əməkhaqqı artıq 345 manata çatıbdır. Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq."
Pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya 16,7 faiz artırıldığını, 280 manata çatdığını və bu proses davam etdiriləcəyini qeyd edən dövlətimizin başçısı bildirib ki, iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaq.
Respublika Prezidentinin cavablarından məlum olub ki, ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılmışdır. Əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntular aradan qaldırılıb və bu sahə ehtiyacı olan insanlar üçün əlçatan olub. Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir. Bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq.
Mənzillərin verilməsi təcrübəsi davamı olaraq şəhid ailələri və müharibə əlilləri kateqoriyasına aid olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi. 2021-ci ildə isə 3 min mənzil verildi. Bu il də ən azı 1500 mənzil veriləcək. Bu günə qədər 13 min ailə bu imkanlardan faydalanıb.
Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib.
Özünüməşğulluq proqramının davamlı inkişafının əyani göstəricisi:- Bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib.
Prezident İlham Əliyev ölkəmizin nəqliyyat, tranzit və logistika potensialı ilə bağlı məsələlərə də toxunub:"Rusiya-Ukrayna müharibəsi bizim gördüyümüz işlərin əhəmiyyətini daha da artırmışdır. Ancaq bir daha demək istəyirəm, biz bu sahəyə uzun illərdir böyük vəsait qoyuruq, sərmayə qoyuruq. Beləliklə, Azərbaycan ərazisində həm Orta Dəhlizlə bağlı, həm Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb. Sadəcə olaraq, biz indi dəmir yolunun bir hissəsini modernləşdiririk, xüsusilə Bakı-Yalama xəttini və ondan sonra Ələt-Astara xəttini də modernləşdirəcəyik. Çünki indiki vəziyyətdə dəmir yolunun imkanları gözlənilən yüklərin həcmi üçün məhduddur. Çünki biz hesab edirik ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Yəni, bu, çox böyük rəqəmdir. Hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir. Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra siz də qeyd etdiyiniz kimi, bu, Rusiya üçün əsas prioritet məsələlərdən birinə çevrilib."
Ermənistanı kənarda saxlayan bir layihə reallaşdırılır,- Orta Dəhliz istiqamətdə ardıcıl siyasət aparılır. Beş il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oldu. Bu layihənin təşəbbüskarı da Azərbaycan olub. Bu layihənin icrası çox çəkdi. Gürcüstana 775 milyon dollar kredit verilmişdir və bu layihə reallaşdı. Azərbaycan bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər çatdıracaq.
Prezident İlham Əliyev hesab edir ki, Orta Asiyadan gedən yüklər üçün də yeni yollar olmalıdır. Xəzər üzərindən keçən yol vaxt baxımından çox cəlbedicidir.
Ölkə başçısı əminliklə bildirib ki, Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir.
Azərbaycanın qarşıda görəcəyi işlər çoxdur və bunlar ölkəmizin mövqeyini daha da gücləndirəcək. Adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib.
Pespublika Prezidentinin Qərbi Azərbaycanla bağlı fikirləri də ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb: "Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq, bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq. Mənim tövsiyələrim, yəni, dekabrın 24-də verdiyim tövsiyələr yerinə yetirilir. Xüsusi işçi qrupu yaradılıb, verdiyim bütün tapşırıqlar və eyni zamanda, yerlərdən gələn təkliflər əsasında biz vahid konsepsiya üzərində işə başlamışıq. Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək."
Ölkə başçısının səsləndirdiyi bu fikirlər Qərbi Azərbaycana qayıdış hədəfinin rotirikadan ibarət olmadığını deməyə əsas verir, xüsusilə bəyanatlara paralel olaraq, atılan addımlar fonunda.
Qərbi azərbaycanlıların deportasiyadan sonra boşaltdıqları kəndlərdə demək olar həyat yoxdur. İndi videogörüntülər var, digər sənədlər var, o kəndlərə gedənlər var. Görürlər ki, orada hər şey dağıdılıb və həyat yoxdur. Ona görə onların oraya qayıtmaları onların evlərini zəbt etmiş, başqa yerlərdə - Qarabağdakı kimi zəbt etmiş ermənilərə də problem yaratmayacaq. Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil.
Dövlətimizin başçısı hesab edir ki, Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdiyi və biz istəyimizə nail olduğu kimi, eyni yanaşmanı “Qərbi Azərbaycan” mövzusunda da görməliyik. Burada media nümayəndələrinin fəaliyyətinə böyük ehtiyac var- həm ölkə daxilində, həm xaricdə. Bu səbəbdən də çox geniş proqram hazırlanır.
Azərbaycanın bütün proqramları bütün sahələrdə bir qayda olaraq icra edilir. Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik.
Prezident İlham Əliyev son illər dünya gündəliyində əsas yerlərdən birini tutan enerji təhlükəsizliyi məsələlərinə də toxunub və xüsusi olaraq vurğulayıb ki, həmin məsələ daim beynəlxalq təşkilatların, ən nüfuzlu müxtəlif beynəlxalq forumların gündəliyində olub və Azərbaycanın neft-qaz sənayesi layihələrini necə reallaşdırması həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb. Lakin Rusiya-Ukrayna müharibəsi başlayandan sonra, ola bilsin başqa məsələlər enerji təhlükəsizliyi məsələlərini geridə qoyub və Avropada gündəlikdə birinci yeri tutub.
Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra ölkəmiz Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başlayıb.
Prezident İlham Əliyev bildirib ki, 2,6 trilyon kubmetr qaz bizim potensialımızın təsdiqlənmiş minimal həcmidir. Qaz kəmərlərinin hamısının inşa edilməsini nəzərə alsaq, təbii ki, Avropa İttifaqı ilə biz tədarükün artırılmasını hədəfləmişik. Lakin bundan ötrühasilata investisiya qoyulması zəruridir. Biz neft-qaz sahəsinə aid layihələrə həmişə strateji baxımdan yanaşmışıq, çünki qaz kəmərləri və neft kəmərləri reallaşdırılmasa, biz öz resurslarımızla qapalı məkanda qalacağıq.
Azərbaycan qazı Bolqarıstan bazarına, bu ildən etibarən həm də Rumıniya bazarına daxil olur. Serbiya ilə qaz tədarükünə dair danışıqlar aparılır, bu şəbəkənin yaradılması bizim qaz ehtiyatlarımızı həmin bazara yönəltməyimizə imkan verəcək. İonika-Adriatik dənizi layihəsi reallaşdırılsa, bu layihə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsini əhatə edəcək.
Respublika Prezidenti, həmçinin Albaniyanın qazlaşdırılması barədə fəal danışıqlara başlanıldığını da qeyd edib. Albaniya yalnız tranzit ölkədir, bu ölkədə qaz şəbəkəsi yoxdur və bu iş kifayət qədər xərc tələb edir. Bu halda biz yaxın dostlar və tərəfdaşlar kimi öz xidmətlərimizi təklif etmişik və hazırda qazlaşdırma yerlərinin seçilməsinin, ilk növbədə, hansı şəhərlərin qazlaşdırılmasının razılaşdırılması məsələsinə dair iş aparılır.
“Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında artıq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin uğurla başa çatması ilə bağlı fikir mübadiləsi aparıldığını da qeyd edən ölkə başçısı gələn ay keçiriləcək növbəti “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında yeni mövzular müzakirə olunacağını və iştirak edən ölkələrin sayının da artacağını yerli telekanalların nümayəndələrinin diqqətinə çatdırdı.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycandan qaz istehlak edən 10 ölkədən daxil olan müraciətlərlə yanaşı, heç vaxt bizdən qaz almayan bəzi ölkələr də bu proqrama qoşulmaq istəyini bildirirlər.
Ümumi ötürmə qabiliyyəti 30 milyard kubmetr qaza hesablanan Transxəzər kəməri ilə bağlı uzun illər müzakirələr getsə də hələ ki, heç bir nəticə yoxdur.
Prezident burada əsas problemin maliyyə qaynaqlarının tapılması ilə bağlı olduğunu desə də, aydın məsələdir ki, o, geosiyasi risklərin mövcudluğuna da işarə edir.
TANAP-ın bu gün cəmi 16 milyard kubmetr buraxılış imkanı var. Onun da hamısını indi Azərbaycan qazı ilə təmin etmişik. TANAP-ın imkanlarının iki dəfəyədək genişləndirilməsi yenə də Azərbaycan qazına bağlıdır.
Azərbaycanın enerji imkanları da qarşıdakı illərdə daha da genişlənəcək. Ölkəmizin orta hesabla ixrac imkanları təqribən 1000 meqavat ətrafındadır. Ancaq hazırda Azərbaycanda reallaşan investisiya layihələri, – iki layihə artıq reallaşır, biri günəş, biri külək elektrik stansiyası, üçüncü layihənin reallaşması yaxın aylarda nəzərdə tutulur, - bizə əlavə 700 meqavatdan çox təmiz yaşıl enerji verəcək.
Prezident İlahm Əliyev bildirib ki, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. 22 min meqavat tam icra ediləcək, yaxud onun yarısı icra ediləcək, 30 faizi icra ediləcək, bu, sonranın məsələsidir. Azərbaycan bu layihələrə 1 manat da sərmayə qoymur, hamısı xarici sərmayələrin əsasında reallaşan layihələrdir, - onda bu gün elektrik enerjisinin istehsalına sərf etdiyimiz təbii qaz da istifadə edilməyəcək və ixraca yönəldiləcək. Beləliklə, bizim təbii qaz ixracımız daha çox olacaq, çünki yeni yataqlardan - “Abşeron”dan, “Ümid-Babək”dən, ondan sonra AÇG-dən, “Şahdəniz”dən çıxan, eyni zamanda, qənaət edilən qazı da biz ixrac edəcəyik.
Artıq Avropa İttifaqı ilə enerji dialoqunun başlanmasına da start verilib. Bu enerji dialoqu çərçivəsində təkcə təbii qaz yox, eyni zamanda, yaşıl enerji və yaşıl hidrogen də nəzərdə tutulub.
Respublika Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində Ermənistanın silahlanması ilə bağlı məsələyə də münasibət bildirib. "Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək və mən Ermənistan tərəfinə bir neçə dəfə bunu demişəm. Demişəm ki, buna əbəs yerə vəsait xərcləməyin. Çünki birincisi, bu, sizə kömək etməyəcək, ikincisi ölkənizdə olan revanşist qüvvələrdə hansısa bir illüziya yarada bilər. İllüziya yarada bilər ki, siz revanş edə bilərsiniz. Edə bilməyəcəksiniz!"- bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
“Biz əgər görsək ki, bizim üçün hər hansı bir ciddi təhlükə varsa, bu təhlükəni dərhal dəf edəcəyik. Baxmayaraq ki, bu təhlükə harada yaranıb, bizim ərazimizdə, yaxud da ki, hüdudlarımızın kənarında. Bu, bizim legitim hüququmuzdur. Ona görə belə cəhdlər var və biz görürük, bilirik hansı ölkələr Ermənistana silah verməyə hazırlaşırlar. Əfsuslar olsun ki, onların arasında Hindistan da indi rol alıb. Biz bunu qeyri-dost addım kimi qiymətləndiririk. Çünki bu silahların, özü də hücum silahlarının bir hədəfi var, o da Azərbaycandır”, - deyə dövlətimizin başçısı qeyd edib.
Ölkəmizin başçısı bədnam qonşuya Fərrux əməliyyatının bir daha xatırladıb və bildirib ki, bu əməliyyatın keçirilməsinin əsas səbəbi təkcə o strateji yüksəklikləri nəzarətə götürmək deyildi, eyni zamanda, o yüksəkliklərdən bizim böyük ərazimiz atəş altında idi və orada bu gün də hələ mövcud olan qanunsuz erməni silahlı birləşmələri vaxtaşırı bizim tərəfə atəş açırdılar. Ona görə Fərrux əməliyyatının keçirilməsi bu təhlükəni aradan götürdü və bu, bir çoxları üçün gözlənilməz olmuşdur, o cümlədən Ermənistan üçün və Qarabağda yuva salmış separatçılar üçün.
Rəsmi İrəvan anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır. Son bir il ərzində - mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz. Həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir.
Dövlətimizin başçısının qənaətincə, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq. İndi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq.
Bizim Ordumuz müharibə zamanı öz gücünü göstərdi, iradəsini göstərdi, xalqımız bütövlükdə əyilməz ruhunu göstərdi. 3 minə yaxın övladımız şəhid olmuşdur. Ordumuz kifayət qədər güclü idi. Ordumuzun gücləndirilməsi heç kimə sirr deyildi.
44 gün ərzində bir gün də belə biz geri addım atmamışıq, bir nəfər də qaçan olmamışdı, bir nəfər də fərari olmamışdı. Bu, dünya hərb tarixində bəlkə də misilsiz bir göstəricidir.
"Bizim komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Yeni komando qüvvələri yaradılacaq. Onların sayı daha da artacaq. Xüsusi Təyinatlı Qüvvələrimizin də sayını ən azı iki dəfə artırmışıq və artıracağıq. O cümlədən bütün təchizat ən yüksək səviyyədə təmin edilir." - bunu da Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi istiqamətində görülən və görüləcək tədbirlərdən danışarkən deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayı artırılıb, Daxili Qoşunların, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılıb.
“Dəniz piyadalarının sayını bir neçə dəfə artırmışıq. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayını artırmışıq. Yəni, onun sayını mən indi deyə bilmərəm, çünki hesab edirəm ki, bu, düzgün olmaz. Bununla paralel olaraq, onların sayı hələ artır. Biz hələ qarşıya qoyduğumuz hədəfə çatmamışıq. Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, yəni, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Dövlətimizin başçısı əminliklə deyib ki, Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır.
Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu, ixracyönümlü sənaye olacaqdır. Çünki birincisi, biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni, bu bazar boş qalır.
Ölkəmizin geosiyasi imkanları da ildən-ilə artır. Azərbaycanda həm təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi mövcuddur, bu amillərin qarşısında durmaq çox çətindir.
44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Laçın şəhərinin azad olunmasını tarixi hadisə adlandıran dövlətimizin başçısı deyib ki, Laçın bizim tarixi diyarımızdır və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan ilk işğal edilmiş rayon idi. Faktiki olaraq Laçın rayonunun işğalından sonra Ermənistanla o vaxtkı Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı və bizim gələcək məğlubiyyətimizin məhz, təməli o vaxt qoyulmuşdur.
Ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq. İndi Laçın şəhərində geniş quruculuq-bərpa işləri gedir. Bu il Zabux və Sus kəndlərinə də keçmiş köçkünləri qaytaracağıq.
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Fransanın anti-Azərbaycan mövqeyinə də toxunub bildirib ki, bizim müharibədə qalib gəlməyimiz Fransada bir çoxlarını çox qıcıqlandırdı. İndi keçmişə nəzər saldıqda görürük və bir daha əmin oluruq ki, Minsk qrupu, xüsusilə Fransa hər vəchlə çalışır bu məsələ öz həllini tapmasın. Biz bununla barışmadıq və hesab edirəm, belə anti-Azərbaycan mövqeyinin əsas səbəbi budur ki, biz onların planlarını alt-üst etdik və onlar da öz himayəsinə aldıqları Ermənistanı xilas edə bilmədilər.
Dövlətimizin başçısı qeyd edib ki, mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir. Mən ümid edirəm, Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək. Çünki biz həmişə öz siyasətimizdə ancaq dostluq niyyəti ilə onlarla əməkdaşlıq etmişik.
Ulu Öndər Heydər Əliyev Fransanın Minsk qrupunun həmsədr olmasına dəfələrlə etiraz edirdi. Fransa indiki hökumətə qədər həmişə balansı saxlamağa çalışırdı.
Müharibə zamanı isə Fransa BMT-də bizə qarşı bir təşəbbüsə əl atdı. Alınmadı, Qoşulmama Hərəkatına üzv olan ölkələr bunun qabağını aldılar. Onların bütün digər cəhdləri də uğursuzluğa düçar oldu.
Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların etiraz aksiyası barədə danışarkən Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gəncləri təqdir edib və deyib ki, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar.
Dövlətimizin başçısı qeyd edib ki, orada blokadadan söhbət gedə bilməz. Sülhməramlıların dörd yüzə yaxın yük avtomobili oradan keçib.
“Əlbəttə ki, oradan keçən, hətta bu aksiyaya qədər keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi. Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük. Halbuki, İran tərəfi bunu əvvəllər inkar etməyə çalışırdı. Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi belə primitiv səviyyədə aldatmaq istəyirdilər”,- deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.
Azərbaycanın məqsədinin blokada olmadığını vurğulayan dövlətimizin başçısı bildirib ki, bizim tələblərimiz tam ədalətlidir: “Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır”.
Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır. Praqada qeydə alınmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidirlər. Ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edilməsi açıq-aydın onu göstərir ki, onlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar.
Prezidentin müsahibəsində diqqətçəkən bir digər məqam da onun, “Lakin bu, masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər- heç lazım da deyil. Delimitasiyanı istəmirlər- heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək” sözləri oldu.
Ölkə başçısı açıq şəkildə Ermənistana xəbərdarlıq edib ki, biz danışıqlar prosesini, habelə sərhədlərin delimitasiya və demarkasiya prosesinin həlli istiqamətində danışıqları növbəti 27 il aparmayacağıq. Proses bir müddət davam edəcək və nəticəsiz olacağı təqdirdə rəsmi Bakı konsensus variantından imtina edəcək.
Prinsip etibarilə Azərbaycanın əlində regionun siyasi-etnik, hətta dini vəziyyətini əks etdirən tarixi xəritələr, arxiv materialları var. Bunu Prezidentin “Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var- tarixi, kartoqrafik əsaslar” sözləri də təsdiqləyir.
Dövlətimizin başçısı əminliklə bildirib ki, bütün keçmiş köçkünlər dədə-baba torpaqlarına qayıdacaqdır. Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. Bununla paralel olaraq, bir çox kəndlərdə artıq inşaat işləribaşlanıb. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlamışıq. Bir neçə kəndin təməli qoyuldu. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq.
Əlbəttə, bu işdə təhlükəsizlik məsələləri ciddi nəzərə alınmalıdır. Əfsuslar olsun ki, 279 azərbaycanlı mina partlayışlarında ya həlak oldu, ya da ki, öz sağlamlığını itirdi.
Prezident İlham Əliyev qaçqınların doğma yurdlarına qayıdışı ilə bağlı həyata keçirilən genişmiqyaslı layihələri də xatırladıb və qeyd edib ki, infrastruktur olmadan insanları köçürmək mümkün deyildi. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olundu. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşuldu. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edildi və onların generasiya gücü təqribən 55 meqavata yaxındır. Hazırda 7 stansiyanın inşası gedir və bütövlükdə orada 50-yə yaxın su elektrik stansiyası yaradılacaq. Bu il Cəbrayılda Günəş Elektrik Stansiyasının inşasına başlamalıyıq.
Azad edilmiş torpaqlarımızda kənd təsərrüfatı sahələrinin yaradılmasına xüsusi diqqət yetirildi. Müharibədən dərhal sonra göstəriş verildi ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün vaxt itirmədən işlərə başlayaq. Təqribən 60 min hektarda taxıl səpini aparılmışdır.
İşğaldan azad edilmiş ərazilərimizdə sənaye parkların şəbəkəsi inkişaf edir. Ağdam Sənaye Parkında artıq 40 milyon manatlıq,Cəbrayıl Sənaye Parkında 10 milyonluqinvestisiya layihələri təsdiqləndi. Yəni, bunlar o bölgələr üçün kifayət qədər böyük məbləğdir. Müraciət edənlərin sayı kifayət qədər çoxdur. Mindən çox kiçik sahibkar müraciət edib, bütün müraciətlərə baxılır.
Yol infrastruktur layihələri də sürətlə reallaşdırılır və genişləndirilir. İki min kilometrdən çox avtomobil yolu salınır, körpülər tikilir. Körpülərin sayı 100-dən çox olacaq. Təsdiq edilmiş layihələr çərçivəsində 50 kilometr uzunluğunda tunellər çəkilir.
Bir müddətdir ki, Azərbaycanda yeni idarəetmə modelinə keçiləcəyi və rayon icra hakimiyyətlərinin ləğv ediləcəyi barədə səslənən ehtimallar və proqnozları Prezident İlham Əliyev təsdiqləyib.
Prezident bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq, o cümlədən idarəetmə mexanizmi: “İndi biz yeni idarəetmə modeli üzərində işləyirik. Əlbəttə, kadr potensialı çox önəmlidir. Eyni zamanda, azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb. Yəni, bu təcrübəni biz sonra tədricən ölkəmizin digər hissələrinə keçirəcəyik.”
şğaldan azad edilmiş torpaqlarda Prezidentin xüsusi nümayəndələri fəaliyyət göstərir. Belə ki, Prezidentin Qarabağ (Şuşa istisna olmaqla) və Şərqi Zəngəzura aid rayonlarda xüsusi nümayəndələri var. Bu praktika daha sonra Naxçıvan Muxtar Respublikasına tətbiq edildi və ilk dəfə olaraq Naxçıvana Prezidentin xüsusi nümayəndəsi təyin edildi.
Beləliklə, Azərbaycanın idarəetmə modelində tədrici dəyişiklik gedəcəyi və rayon icra hakimiyyəti institutunun iqtisadi rayonlar üzrə Prezidentin xüsusi nümayəndəlik institutuna transfer olunacağı gözlənilir.
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində uzun illərdir Azərbaycanda, ölkə daxilində hər hansı bir risklər, təhdidlər olmadığını da qeyd edib və vurğulayıb ki, xarici siyasətimizin əsas istiqaməti və məqsədi beynəlxalq müstəvidə ölkəmiz üçün daha münbit şərait yaratmaqdır ki, ölkə daxilindəki proseslər müsbət məcrada davam etsin.
Mümkün olan bütün risklər, təhdidlər hüdudlarımızın kənarında formalaşır. Özümüzü bu təhdidlərdən qorumaq üçün xarici siyasət, o cümlədən hərbi siyasət öz rolunu oynamalıdır. Ona görə bizim siyasətimiz həmişə əməkdaşlığa hesablanmışdır.
Erməni təbliğatı uzun illər bizə qarşı çalışırdı, işləyirdi və münaqişə ilə bağlı təhrifedilmiş fərziyə artıq oturuşmuşdu. Bunu sındırmaq, dağıtmaq o qədər də asan məsələ deyildi. İllər keçdikcə biz gördük ki, öz siyasətimizlə daha böyük rəğbət qazanırıq. Həm Qarabağ məsələsində haqlı olmağımız artıq dünyanın aparıcı qüvvələri tərəfindən qəbul edildi, eyni zamanda, tərəfdaşlıqda - həm ikitərəfli, həm çoxtərəfli tərəfdaşlıqda gördülər ki, biz özümüzü ləyaqətlə aparırıq, verdiyimiz sözə əməl edirik və bizə qarşı hörmət də artdı, rəğbət də artdı.
Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi artan beynəlxalq nüfuzunun təzahürüdür. Bu təsisata üzv olanlar arasında siyasi baxışlarında müxtəliflik olan ölkələr olsa da bütün üzvlər Azərbaycanı iki dəfə yekdil fikirlə dəstəklədilər - həm seçiləndə, həm də ki, sədrlik müddətimiz uzadılanda.
Əlbəttə ki, müasir dövrdə sürətlə cərəyan edən siyasi hadisələr, müharibə və münaqişlər dönəmində, dünyanın dəyişən reallığında Azərbaycan özünün dəqiq yerini müəyyən etməlidir.
BMT-yə Azərbaycanın münasibətinə gəlincə, bəllidir. Təhlükəsizlik Şurasının dörd məşhur qətnaməsinin icra edilməməsi bu təşkilatın nüfuzuna, əlbəttə ki, əlavə dəyər qatmadı. Amma indiki şəraitdə artıq təkcə biz yox, bir çox ölkələr deyirlər və israrla deyirlər ki, ciddi islahatlara ehtiyac var, xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır. Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır.
Pespublika Prezidenti İlham Əliyev gələcəyə nikbin baxışlarını belə ifadə edib: "Əlbəttə ki, ölkəmizin yerini düzgün seçməliyik, qarşıya qeyri-real xülyalarla dolu hansısa bir hədəf qoymamalıyıq. Bizim real maraqlarımız təmin edilməlidir. Maraqları təmin etmək üçün bizdə imkanlar var, həm siyasi, həm iqtisadi, həm hərbi, həm diplomatik, istənilən imkanlar var. Biz öz gücümüzdən çox ehtiyatla istifadə edirik. Uzun məsafəyə qaçan atletlər adətən öz qaçış tempini elə nizamlayırlar ki, nəticədə birinci olsunlar, biz də elə ona bənzəyən bir stayerik, amma lazım olanda sprinti də işə salırıq."