booked.net

YURDUMUZA YAZ GƏLİR...


 
...Doğma Şamaxımız bayram libasına bürünüb. Səhər mehindən yaz ətri gəlir. Hər ötən gün bizi sazlı-sözlü, şirin nübarlı yazın yurdumuza qədəm qoyduğu günə yaxınlaşdırır.
 

 Sanki baharın işığı insanların çöhrəsinə qonub. Hər kəsin üzü gülür, Novruzun pişvazına minbir arzu ilə çıxıblar. 
 Yurdumuza bahar gəlir! Quşların nəğməsindən, bulaqların zümzüməsindən, çayların gur səsindən səda düşüb qədim Şirvan torpağına. Yaz gəlir, özü ilə şirin avaz gəlir. Xoş gəlirsən, yurdumuza, bahar! 
Şamaxının küçə və meydanları, rayonun qəsəbə və kəndləri Novruz atributlarının işığına qərq olub. Hara baxsan insanların mehriban, isti baxışlarını görərsən. 
Tezliklə şəhərin mərkəzi meydanında Rayon İcra Hakimiyyətinin düzənlədiyi gözoxşayan, könülsevindirən maraqlı bayram tədbirlərinin iştirakçısı olacaqsınız. Sakinlər bayram tonqalının ətrafında halay qurub, yallı gedəcəklər. Doğma şəhərin Novruz büsatından hər kəsə pay düşəcək. 
Yəqin ki, bu il də Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdləri təsviri sənət həvəskarlarını sevindirəcəklər. Onlar əl işlərindən ibarət sərgi ilə yaşıdlarına, böyüklərə əsl yaz sevinci bəxş edəcəklər. Dostlarımızın əl işlərində Novruzun gəlişi rənglərin əlvanlığında bizə boylanacaq. Təbiətin “ən gözəl qızı”nın cilvəli görüntüləri sərgiyə bu dəfə də xüsusi gözəllik verəcək. 
Şagirdlərin əl işlərinə yazın mübarək gəlişinə həsr olunan şirin nəğmələr, şeirlər yeni rəng qatacaq.  
İlaxır çərşənbənin tamaşasına duran insanlar şeir, sənət yurdu ulu Şirvan torpağında yaz adına neçə-neçə söyləmələri dinləyib, Novruz adətlərini özündə əks etdirən səhnəciklərə maraqla tamaşa edib, zövq alacaqlar. 
Novruz şənliyində Bahar qızın, Kosanın, Keçəlin oyunlarına  kövrək-kəpənək uşaqlar əlvan rəqsləri ilə qoşulacaq. 

         ...Min il ömür sürək səninlə qoşa,
          Bir canda döyünən iki ürək tək.
          Min il nəfəs verək torpağa, daşa,
          Nəsildən-nəsilə təzələşərək.
  Odumuz gur yansın! Torpaqlarımız bərəkətli olsun! İnasanlarımızın daim üzü gülsün! Yaşamaq, yaratmaq arzumuz tükənəmsin!
  Sən yeni günsən, yeni arzusan, Bahar! Sən həyatın özüsən, yeni günümüz- Novruzumuz, yazımız mübarək! 


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff