booked.net

Heydər Əliyev və Azərbaycan ədliyyəsinin inkişafı


"Hər bir şəxs konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir."

                                                                                                   Heydər Əliyev
                                                                                                 Ümummilli lider
                                                                                 


Ulu öndərin bu fikri ədliyyə işçilərinin devizinə çevrilib. Ümummilli lider bilirdi ki, dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşdırılması vacib şərtdir. Ona görə də 1993-cü ilin yayında yenidən hakimiyyətə qayıtdıqdan sonra Ədliyyə Nazirliyinin təkmil struktur kimi formalaşması və inkişafına xüsusi diqqət yetirdi.

Ümummilli liderimiz müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu yüksək qiymətləndirərək bu sistemin mahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir. Bu mütərəqqi hüquq islahatları çərçivəsində nazirliyin fəaliyyətində əsaslı dəyişikliklər aparıldı, yeni üçpilləli məhkəmə sistemi yaradılaraq fəaliyyətə başladı. Savadlı və təcrübəli hakim korpusunu formalaşdırmaq üçün ölkəmizdə ilk dəfə olaraq test üsulu ilə şəffaf prosedurlarla yeni hakimlər təyin edildi, onlara yüksək statusun verilməsinə əsas olan hüquqi aktlar qəbul edildi.  

Respublikada Konstitusiya Məhkəməsinin təsis edilməsi və fəaliyyətə başlaması hüquqi dövlət quruculuğunda, o cümlədən konstitusiyanın aliliyinin təmin edilməsində önəmli yer tutdu. 

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən dövlətin cinayət və cəza siyasətində müasir dövrün tələblərinə cavab verən islahatlar həyata keçirilmiş, bir çox fərman və sərəncamlar imzalanıb. Onun rəhbərliyi dörvündə Cəzaların İcra Məcəlləsi və Cinayət Məcəlləsi qəbul edilmişdir. Həmçinin məhkumların istər cəza çəkdiyi dövr ərzində, istərsə də cəza çəkdikdən sonra cəmiyyətə sosial adaptasiyası sahəsində əhəmiyyətli addımlar atılıb. Həmin dövrdə istintaq təcridxanaları da Ədliyyə Nazirliyinin tərkibinə verilmişdir. Bundan əlavə olaraq önəmli hadisələrdən biri kimi Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilmişdir. Onun humanist siyasətinin davamı kimi 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb.

Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" ölkəmizdə ilk dəfə olaraq insan hüquqları üzrə müvəkkil (Ombudsman) institutunun təsis edilməsini gündəmə gətirmişdir. Nəticədə 28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul edilmişdir. Ombudsman aparatı fəaliyyətə başladıqdan sonra Ədliyyə Nazirliyi tərəfindən həmin qurumla əlaqələr qurularaq səmərəli əməkdaşlıq yaradılmış, bu sahədə çoxsaylı tədbirlər həyata keçirilmişdir.

Ədliyyə sisteminə göstərilən diqqət və qayğının əyani təzahürü olaraq ədliyyə fəaliyyətinin Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə yaradılmış normativ-hüquqi əsasları daha da təkmilləşdirilir. 2006-cı il aprel ayının 18-də ölkə Prezidenti tərəfindən nazirliyin yeni Əsasnaməsi təsdiq olunaraq ona hüquq mühafizə orqanı statusu verilmiş, həmin ilin may ayında isə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanun qəbul edilmişdir. Dövlət başçısı tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı ildə Fərman imzalanması və nazirliyin yeni strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin inkişafında yeni mərhələ olmuşdur.

Ədliyyə qurumlarından biri kimi notariat və qeydiyyat orqanlarını unutmayan Heydər Əliyev bu orqanlarda da əsaslı islahatlar və təkmilləşdirmələr həyata keçirilməsi üçün hüquqi baza yaradılmasına təkan vermiş, onun rəhbərliyində Ailə Məcəlləsi, "Notariat haqında" Qanun və digər qanunvericlik aktları qəbul edilib. Bu diqqət və qayğının sübutu kimi Heydər Əliyevin 6 mart 2000-ci il tarixli Fərmanı ilə qeydiyyat orqanlarının idarəçiliyinin təkmilləşdirilərək bu orqanların ikili tabeçiliyinə son qoyularaq, onlar Ədliyyə Nazirliyinin strukturunun tərkib hissəsinə daxil edilib. 

Ədliyyə işçilərin vətəndaş cəmiyyətinin bərqərar olunmasını mühüm rolunu dəyərləndirən ümumilli lider Heydər Əliyev onlara mənəvi stimul yaradılması və Azərbaycan ədliyyəsinin tarixinin qorunub saxlanması üçün 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günü - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunub. Bu isə Ulu Öndər tərəfindən ədliyyə işçilərinə göstərilən etimadın təzahürü idi. 
Ümummilli liderin 1998-ci il dekabrın 1-də imzaladığı Fərmanla qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” Qanun bu sahədə qanunvericiliyin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm addım olmuşdur. Ümumiyyətlə, sözügedən qanun əsasında həyata keçirilən islahatlar nəticəsində yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan hüquqlarının müdafiəsinə daha etibarlı təminat yaradan üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır. Həmçinin həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin görülməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmiş, məhkəmələr üzərində prokuror nəzarəti ləğv edilmiş, istintaqa məhkəmə nəzarəti, habelə təhqiqat, istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətlərindən məhkəməyə şikayət hüququ müəyyən olunmuşdur.

Dövlətçilik tariximizdə ilk dəfə 2000-ci ildən başlayaraq hakimlər şəffaf prosedurlar əsasında - test üsulu ilə seçilmiş, nəticədə hakim korpusu təkmilləşmişdir. 2002-ci ilin 24 avqustunda Konstitusiyaya ümumxalq referendumu ilə edilmiş əlavə və dəyişikliklərin bir qismi də məhz məhkəmə hakimiyyətinin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət etmişdir. Konstitusiyada ilk dəfə olaraq hər kəsin onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə şikayət vermək hüququ təsbit olunmuşdur.

Ümummilli liderin idarəçilik məharəti ictimai inkişafın mövcud mərhələlərinə uyğun olaraq insanların idarəçilikdə iştirakı formalarını müəyyənləşdirmək bacarığında müəyyən olunur. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı ilk gündən Ulu Öndərin iqtisadi, siyasi və hüquqi islahatlar kursunu inamla davam etdirmişdir. Məhz bu siyasətə sadiqliyin, hər bir vədini əməli işdə təsdiqinin nəticəsidir ki, cənab İlham Əliyev növbəti -2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində qələbəsini təkrarlamışdır. 2018-ci ildə keçirilən prezident seçkilərində qələbə qazanan cənab İlham Əliyevin Prezidentliyi Konstitusiyaya edilən əlavə və dəyişiklərə əsasən artıq 5 il deyil, 7 il müddətinə seçilib. Bu müdrik seçim nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən ulu öndər Heydər Əliyevin siyasi kursunun davamlılığını və alternativsizliyini şərtləndirən amillərin sosial sifariş amilinə əsaslandığını bir daha sübuta yetirmişdir. Milyonlarla insanın cənab İlham Əliyevi növbəti 7 ildə ölkə Prezidenti görmək istəyi mövcud siyasi strategiyanın varisliyinin təmin olunmasının obyektiv ictimai zərurətə çevrildiyini deməyə ciddi əsaslar yaradır. Hər bir vətəndaşın mənafeyinə xidmət edən mütərəqqi məhkəmə-hüquq islahatlarını 2003-cü ilin oktyabrından xüsusi diqqət mərkəzində saxlayan möhtərəm Prezidentimiz İlham Əliyev, ilk növbədə, qanunvericiliyin daha da müasirləşdirilməsi və yeni dövrün tələblərinə uyğunlaşdırılması məsələlərini diqqətdə saxlamışdır. Bu məqsədlə Azərbaycan-Avropa Şurası birgə İşçi Qrupları yaradılaraq onun tərkibinə nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanaraq həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində “Məhkəmələr və hakimlər haqqında” Qanun əsaslı şəkildə yenilənmiş, “Məhkəmə-Hüquq Şurası haqqında” yeni Qanun, “Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə”, “Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları”, Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul edilmişdir.

19 yanvar 2006-cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərman respublikanın məhkəmə sistemində fundamental yeniliklər üçün baza rolunu oynamışdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn həmin Fərman əsasında bölgələrdə yeni Apellyasiya və İqtisad məhkəmələri yaradılmışdır. Fərman əsasında, həmçinin Ədliyyə Akademiyası yaradılmış, Hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq təsdiqlənmiş, məhkəmələrdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə təcrübəsində nəzərə alınması təmin olunmuşdur.

Məhkəmələrin iş yükünün azaldılması, işlərə nəzərdə tutulmuş qaydada və vaxtda baxılması məqsədilə hakimlərin sayının artırılması da xüsusi diqqət mərkəzində olmuşdur. Dövlətimizin başçısı İlham Əliyevin 17 avqust 2006-cı il tarixli “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” Fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat, ümumilikdə, son illərdə hakimlərin sayı 2 dəfə, məhkəmə işçilərinin sayı 75 faiz artırılmış, hər bir hakimə köməkçi ayrılmışdır. Respublika üzrə hakimlərin sayının 800 nəfər müəyyən olunması da ədalət mühakiməsinin keyfiyyətini daha da yüksəltmişdir. Bundan başqa, son illər hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinə cəlb edilməsinin şəffaf və demokratik əsasları təsbit olunmuşdur.

Məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 22 iyun 2010-cu il tarixdə edilmiş dəyişikliklər, habelə məhkəmə sisteminin təkmilləşdirilməsi məqsədilə ölkə Prezidentinin 15 iyul 2010-cu il və 9 avqust 2010-cu il tarixdə imzaladığı fərmanların ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rolu olmuşdur. Bu tədbirlər nəticəsində əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin təsis edilməsi, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmini məqsədilə ölkə tarixində ilk dəfə olaraq yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hakim ştatlarının sayının daha 25 faiz artırılması xüsusi əhəmiyyət kəsb etmişdir. Regional ağır cinayət, inzibati-iqtisadi və hərbi məhkəmələrin tezliklə fəaliyyətə başlaması üçün qısa müddət ərzində mühüm təşkilati tədbirlər həyata keçirilmiş, 2011-ci ilin yanvar ayından 12 yeni regional məhkəmə fəaliyyətə başlamışdır.

Dövlətimizin başçısı İlham Əliyevin 13 fevral 2014-cü il tarixli “Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında” Sərəncamından irəli gələn vəzifələr də hazırda uğurla icra edilir. “Elektron məhkəmə” informasiya sistemi məhkəmələrdə İKT-nin ən son nailiyyətlərinin tətbiqinə imkan verən əlahiddə əhəmiyyətli sənəddir. Məqsəd ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmini, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsidir. Belə bir sərəncamın imzalanması “ASAN xidmət”in yaradılması ilə vətəndaş məmnunluğuna səbəb olan müasir, sivil, şəffaf xidmətlərin məhkəmə orqanlarının fəaliyyətində geniş tətbiqinə imkan verir.

Hər bir ədliyyə işçisi ümumilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətin ali məqsədlərinə sadiq qalaraq müasir, demokratik və inkişaf edən Azərbaycan Respublikasına öz töfhələrini vermək üçün var gücü ilə çalışırlar.




                                Cavid Məmmədyarov
                                 Şamaxı rayon icra və probasiya şöbəsinin rəisi,
                                 Kiçik ədliyyə müşaviri




Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff