booked.net

Şamaxı gənclərinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevə Müraciəti


Şamaxı gənclərinin Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevə
Müraciəti
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Biz, Şamaxı gəncləri, Sizə müraciət etməyi özümüzə mənəvi borc bilirik.
Ölkəmizin həm sosial, həm də iqtisadi inkişafı ilə yanaşı milli təhlükəsizlik məsələləri, işğal olunmuş torpaqlarımızın qeyd-şərtsiz geri qaytarılması daim Sizin həyata keçirdiyiniz çevik siyasətin mərkəzində olmuşdur. Bütün bu işlərin yerinə yetirilməsində möhkəm iradə, siyasi güc və xalq-iqtidar birliyinin mövcud olması ən vacib amillərdən biridir. İyul ayının 12-dən etibarən Tovuz rayonu istiqamətində baş verən erməni təxribatları Azərbaycan gənclərində həm kədər hissi oyatdı, həm də şücaətimizi, qürurumuzu bir daha artırdı. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda öz canını, qanını düşmənlə mübarizədə ortaya qoyan, düşmənin məkrli əməlləri qarşısında qəhrəmancasına döyüşən igid Vətən övladlarımızın olduğunu görmək Azərbaycan gənclərini qürurlandırdı vətənpərvərlik ruhunu daha çox gücləndirdi.
İyulun 14–də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya da cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Bu, xalq-iqtidar birliyinin ən yüksək nümunəsidir. Lakin iyulun 14-dən 15-ə keçən gecə bir qrup təxribatçının təhriki ilə Milli Məclisin binasına hücum edərək vandalizm aktının törədilməsi Azərbaycan dövlətinə, xalqına və qəhrəman əsgərinə xəyanət idi. Biz bildirmək istəyirik ki, heç bir qüvvə xalq-iqtidar birliyini poza bilməz! Bu təxribatı təşkil edən xarici qüvvələr və onların daxilimizdə olan havadarları - V kalon bir daha qarşılarında güclü, müstəqil Azərbaycan dövlətini gördülər.
Sizin sayənizdə güclü dövlətimiz, iqtisadiyyatımız, ordumuz var. Beynəlxalq aləmdə böyük nüfuz qazanmış dövlətik. Azərbaycanın müstəqilliyinə əl uzadanlar bilməlidir ki, xalq və ordu onun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə o əlləri birdəfəlik kəsib atacaq, torpaqlarımızı işğaldan azad edəcək!
Biz, Şamaxı gəncləri, hər an Sizin əmrinizlə torpaqlarımızın azadlığı, vətənimizin bütövlüyü uğrunda mübarizəyə hazırıq!
YAŞASIN DÖNMƏZ, BÖLÜNMƏZ, MÜSTƏQİL AZƏRBAYCAN !
Hörmətlə,
Şamaxı gəncləri
Azərbaycan Respublikası, Şamaxı şəhəri.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff