booked.net

TƏLƏBƏ ADIN MÜBARƏK!


...Sevinci köksünə sığmırdı. Gözlərindən dünyanın xoşbəxtliyi boylanırdı. O qədər fərəhli idi ki, sanki qanadlanıb uçacaq. Bütün bu hisslər mənə doğma idi- tələbə adını qazananda mən də eynilə onun kimi sevincimdən özümə sığışa bilmirdim, kiminləsə danışmaq, müstəqil həyata atdığım ilk addımın uğurundan ona ürəkdolusu söz açmaq istəyirdim.
Yüksək təhsil göstəricisi ilə "Xəzər" Universitetinin "kompüter elmləri" ixtisasına qəbul olunan (qeyd edim ki, tədris ingiliscədir) Zinət Mansur qızı Şərifovanı təbrikə biz də tələsdik. Bu sevincli günündə "Şirvan"ın suallarını cavablandırmağı ondan xahiş etdik.
-Şamaxı rayonu, Göylər kənd I saylı tam orta məktəbin məzunuyam. Arzuma çatdığım üçün çox xoşbəxtəm. I ixtisas qrupuna hazırlıq prosesində gələcək uğurum üçün məndən bilik və təcrübəsini əsirgəməyən bütün müəllimlərimə minnətdaram. Onların zəhmətini heç vaxt unutmaram.
-Ali məktəbə qəbulda yüksək nəticə göstərdin- 661. Nəticəndən razısan? Bəlkə daha yüksəyini gözləyirdin?
-Nəticəmi yüksək hesab edirəm. Amma diqqətsizlikdən müəyyən səhvlərim oldu. Düşünürəm ki, daha yüksək bal toplaya bilərdim. Bununla belə, nəticəmdən razıyam. Çünki bu, imtahandır, hər şey ola bilərdi. Bəzən insan həyacandan özünü toplaya bilmir, bunların hər biri isə yekunda nəticəyə təsir edir. Təsəvvür edin ki, bu çətinlikləri həll etmək, düzgün həll variantını tapmaq üçün, sadəcə, geri dönüşü olmayan 3 saatınız var. Bütün bunları düşünəndə özümü, həm də şanslı sayıram.
-Uğur qazanmağın hansısa düsturu varmı?- Çünki hər bir məzunun arzusudur ki, qəbul imtahanlarında yüksək nəticə qazansın.
-Uğur qazanmaq üçün, deyərdim ki, ən önəmlisi səbrdir. İradə və əzm tələb olunur. İllərini öyrənmək, biliklərə yiyələnmək üçün sərf etməlisən. Və buna təkcə orta məktəb pilləsinin son 2-3 ilində deyil, bütün şagirdlik dönəmində diqqət yetirməlisən, öz üzərinə düşən vəzifənin öhdəsindən gəlməlisən. Xüsusən də abituriyent hazırlıq prosesində hazırlaşdığı ixtisas fənlərində hər hansı axsamaya yol verməməlidir. Belə hallar olarsa, bilmədiklərini müəllimlərindən mütləq öyrənməlisən. Suallarına cavab axtarıb tapmaqdan çəkinməməlisən. Bir də ki, öyrəndiklərini təkrarlamaq çox vacib şərtlərdəndir. Sınaq imtahanlarında iştirak da önəmlidir. Bu, abituriyenti psixoloji olaraq imtahana hazırlayır.
-Arzu ilə bilik, bacarıq, vərdiş imkanları nə vaxt üst-üstə düşür?
-Əgər insanın bir məqsədi varsa, ona nail olmaq üçün çalışacaq. Amma bunu bütün qəlbi ilə istəməlidir. Yəni, bu, onun reallaşdırmaq üçün can atdığı, uğrunda çalışdığı, zəhmət sərf etdiyi ülvi xəyalları olmalıdır. Əgər belə deyilsə, məncə, uğurlu olmaq mümkünsüzdür. İstək, arzu varsa, oxumağı insan özünə vərdiş halına gətirə bilər. Zamanla bu onun həyatının ayrılmaz hissəsi olacaq. İnsan qəbul edəcək ki, mənim qarşımda müəyyən bir zaman kəsiyi var və mən bu müddət ərzində mütləq oxumalıyam, öyrənməliyəm. Vərdiş yaranandan sonra bu, bacarığa çevrilir. Qazanılan bilik isə bu əziyyətin sadəcə qarşılığıdır.
-Yeni tədris ilinin ilk dərs gününü necə təsəvvür edirsən?
-Məncə həmin gün qeyri-adi olacaq. Çünki təhsil ocağına mən artıq bir şagird deyil, tələbə kimi gedəcəm. Tələbə adını almaq isə hər gəncə qismət olmur. İlk dəfə məktəbə gedəndə yadımdadır necə həyəcanlı olduğum. Amma əminəm ki, bu dəfə sevincim həyəcanımı xeyli üstələyəcək.
-Arzular nəyahətsizdir. Yaxından görünənləri bizimlə bölüş. Xəyalında qurduğun, çatmaq istədiyin hədəflər...
-İlk olaraq tələbə illərində uğurlu olmaq istəyirəm. Öz sahəmi gözəl mənimsəmək istəyirəm. Sonra isə savadlı mütəxəssis kimi Vətənimizə faydalı bir vətəndaş olmağı özümə arzu edirəm.
-Bu işıqlı yolda sənin timsalında tələbə adını qazanan bütün gənclərimizə uğurlar arzulayırıq.
-Sağ olun. Təşəkkür edirəm.

Söhbətləşdi: Könül MƏMMƏDOVA





Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff