booked.net

20 YANVAR: XALQIMIZIN MƏTİNLİK GÜNÜ


Anım mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilatları, ictimaiyyət nümayəndələri, rayon gəncləri, tələbələr və məktəblilər iştirak etmişlər.
Öncə ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və onların ruhlarına dualar oxunmuşdur. Ziyarətə gələn rayon əhalisi məzarları təzə-tər çiçəklərə bürümüş və şəhidlərin ruhuna ucaldılmış abidənin önünə əklillər düzmüşlər.
1990-cı il 20 Yanvar tarixi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladlarının yenilməzlik simvoludur. Həmin il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun döyüş hissələri xalqımıza qarşı misli görünməmiş faciə törətdi. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar iddialarından hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən xalq kütlələrinə çox növ silahlardan atəş açıldı, qoca, cavan, qadın, uşaq demədən dinc sakinləri hərbi texnikanın tırtılları altında əzdilər. Həmin faciəli günlərdə öz Vətəninin azadlığını, müstəqilliyini, şərəf və ləyaqətini bütün dəyərlərdən üstün tutan mərd oğul və qızlarımız canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Çox sayda itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz istiqlaliyyətinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bütün dünyaya nümayiş etdirdi. Bu qəhrəmanlığın sayəsində uzun illərdən
sonra xalqımız yenidən müstəqilliyinə qovuşdu, ölkəmiz suverenlik qazandı.
Bu qanlı hadisədən 30 il ötsə də tədbir iştirakçıları o qanlı gecəni bir daha xatırladılar, xalqımıza qarşı planlı surətdə törədilən qətliama görə faciəni törədənlərə dərin nifrətlərini bildirdilər.
20 Yanvar faciəsini xalqımıza qarşı ən qəddar terror aktı kimi qiymətləndirən rayon sakinləri qeyd etdilər ki, sovet imperiyasının məqsədi xalqımızın azadlıq əzmini qırmaq olsa da, məqsədinə nail ola bilməmişdir. Əksinə millətimizin mübarizliyi daha da artmış, müstəqil Azərbaycan Respublikasının əsası qoyulmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakinlərindən Məmmədov Vidadi Üzeyir oğlunun və İsrayılov Ağanəzər Araz oğlunun məzarlarını ziyarət etmiş və ailə üzvləri ilə birlikdə ehsan süfrəsində iştirak etmişdir.
İcra başçısı xalqımızın müstəqilliyi və azadlığı uğrunda mübarizədə həyatını qurban verən övladlarımızın xatirəsini həmişə uca tutan Ulu öndər Heydər Əliyevin 20 yanvar faciəsinə hüquqi və siyasi qiymətin verilməsi üçün göstərdiyi xidmətlərindən, dövlətimizin şəhid ailələrinə diqqət və qayğısından danışmış, həmin dəhşətin yaşandığı günün səhəri bu qanlı hadisələrlə bağlı Azərbaycan xalqı adından Ulu öndər Heydər Əliyevin sərt bəyanat verərək 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdiyini vurğulamışdır. O, Prezident Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikası Milli Məclisinin xüsusi sessiyasının keçirildiyini və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verildiyini, 20 Yanvar tarixinin respublikamızda hər il “Ümumxalq Hüzn günü” kimi qeyd olunduğunu bildirmişdir.
RİH-nin başçısı şəhid ailələri ilə söhbət zamanı 20 Yanvar şəhidlərinin göstərdiyi qəhrəmanlığın bütün gənclərimizə örnək olduğunu, onların canları hesabına Azərbaycanımızın azadlığa qovuşduğunu demişdir.
20 Yanvar 1990-cı il faciəsi bütün dəhşətlərinə baxmayaraq, xalqımızın iradəsini, milli azadlıq ruhunu, mübarizə əzmini qıra bilmədi. Əksinə, xalqımız müstəqillik uğrunda apardığı mübarizədən bir addım da olsun geri çəkilmədi və daha mübariz oldu, suverenliyinə qovuşdu.
20 Yanvar xalqımızın qürur və qəhrəmanlıq tarixidir. Hər bir azərbaycanlı ölkəmizin azadlığı, suverenliyi uğrunda canlarından keçən şəhidlərimizlə fəxr edir, onların əziz xatirəsini həmişə olduğu kimi, bu gün də respublikamızın hər bir guşəsində, o cümlədən Şamaxıda da
böyük ehtiramla yad edilir. Onların şücaəti, cəsarəti, igidliyi hər birimizin qəlbində daim yaşayacaqdır.
Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi əziz tutulduğu kimi, onların ailə üzvləri, əzizləri də hər zaman dövlət qayğısı ilə əhatə olunub. Həmin hadisələr zamanı sağlamlığını itirmiş vətəndaşların- əlillərin sosial müdafiəsi, pensiya təminatı da dövlətimizin xüsusi diqqətindədir. Bu vaxta kimi 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində həyata keçirilən işlər onların həyatında, güzəranlarının daha da yaxşılaşdırılmasında öz əyani əksini tapır. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi üçün mükəmməl qanunvericilik bazası yaradılıb. Dövlətimizin başçısı bu istiqamətdə sərəncam və fərmanlar verib. Əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.
20 Yanvar 1990-cı il- xalqımızın qan yaddaşına həkk olunmuş azadlıq mübarizəsinin unudulmayacaq və hər bir Vətən övladının qürurlanacaq şərəfli tarix! Həmin gün sovet imperiyası xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizə əzmini qırmaq üçün onlara qarşı misli görünməmiş qətliam törətsə də, haqq səsimizi boğa bilmədi. 20 Yanvar qırğını bütün dəhşətli sonluqları ilə bərabər, nəticə etibarı ilə bir əsrə bərabər gün oldu- müstəqilliyimizə qovuşduq.
Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir məkan var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Elə gün, saat, dəqiqə olmaz ki, o müqəddəs məkana üz tutulmasın. Hər il yanvarın 20-də isə Şəhidlər xiyabanı daha izdihamlı insan axınına səhnə olur. Bura gələn minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edirlər.
Nəsillər dəyişəcək, amma dəyişməyən bir həqiqət olacaq- Azərbaycanı ikinci dəfə müstəqilliyinə 20 Yanvar şəhidlərinin qəhrəmanlıq nümunəsi qovuşdurdu.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff