booked.net

Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır



Milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri var. Onun həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü, bütün dünyada tanınması, məhz mükəmməl dövlət idarəetmə bacarığına malik Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində mümkün olub.
Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə olan Azərbaycan yalnız Ümummilli Liderin fəaliyyəti nəticəsində 1982-ci ildə müttəfiq respublikalar arasında qabaqcıl yerlərdə qərarlaşdı.
Ulu öndərin gördüyü işlər ölkədə sənaye, kənd təsərrüfatı, yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı. Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırdı. Müasir Azərbaycan dövlətinin memarı, müdrik lider Heydər Əliyevin siyasi irsi daim öyrənilməli və təşviq olunmalıdır.
Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Başqa sözlə, ölkəmizin inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna əhəmiyyətə malikdir. Bu da bir həqiqətdir ki, müasir Azərbaycan dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
Ulu Öndərin tarixi missiyasının həyata keçirilməsi üç güclü faktor üzərində qurulub: birincisi, xalqın Ümummilli Liderə olan möhkəm və sarsılmaz inamı, dəstəyi, ikincisi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti, üçüncüsü isə, Ulu
Öndərin xalqına, millətinə, Vətəninə olan sonsuz, təmənnasız, əzəmətli sevgisi.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Və Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.
Göründüyü kimi, Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən- qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı.
1993-cü ilin yayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı təhlükəli vəziyyətdən çıxarmağa nail oldu. İlk növbədə, hakimiyyət vakuumu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olundu. Heydər Əliyev Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bildi.
Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət belə deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev müstəqillik amilinin əyani şəkildə bərqərar olması üçün ilk növbədə iqtisadiyyatda çoxşaxəli islahatların aparılmasını, davamlı inkişaf üçün möhkəm iqtisadi bazanın formalaşmasını vacib sayıb. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində milli iqtisadiyyatda köklü islahatlar aparılıb, sosialyönümlü bazar iqtisadiyyatına keçidin ümdə prinsipləri müəyyənləşdirilib, torpaq islahatı kimi çətin və ağrılı proses, habelə özəlləşdirmənin birinci mərhələsi uğurla başa çatdırılıb, milli sahibkarlığın inkişafı üçün zəruri qanunvericilik bazası yaradılıb, respublikanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlənib.
Dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olmasına, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasına, insanların şüurunda, həyat tərzində əsaslı dəyişikliklərin baş verməsinə səbəb olub. Ölkədə həyata keçirilmiş aqrar islahat, özəlləşdirmə prosesi hər bir vətəndaşın marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət edib.
Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ümummilli Lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışıb. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini qeyri-neft sektorunun, regionların inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilib.
İkinci Qarabağ müharibəsində Azərbaycanın Böyük Qələbəsi yalnız hərbi-strateji sfera ilə məhdudlaşmır. Faktiki olaraq, regional və qlobal geosiyasi proseslərin dinamikası dəyişdi. Dünyanın ən nüfuzlu dövlətləri üçün də məhz bu məqam önəm daşımaqdadır.
Müharibənin aktiv hərbi əməliyyatlar mərhələsinin başa çatmasından sonra Cənubi Qafqazın geosiyasi mənzərəsi ilə bağlı baş verən proseslər bunu təsdiq edir.
"3+3" formulu Bu formul Cənubi Qafqazın üç ölkəsi– Azərbaycan, Gürcüstan və Ermənistanla bərabər regionun üç böyük dövləti– Rusiya, Türkiyə və İranın sistemli və davamlı əməkdaşlığını nəzərdə tutur. Bu formulu "5+1" də adlandırırlar (Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, İran üstəgəl Ermənistan). Lakin əsas olan adda deyil, əməkdaşlıq formatının məzmunundadır. Onun mahiyyəti isə ondan ibarətdir ki, Cənubi Qafqazda "yeni regionalizm" konsepsiyasına uyğun əməkdaşlıq platforması yaradılır. Xatırladaq ki, "yeni regionalizm" konsepsiya olaraq Avropada meydana gəlib və hazırda Avropa İttifaqının müxtəlif regionlara yönəlik siyasətində ("Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələr də buraya daxildir) öz ifadəsini tapır.
Həyata keçirilən sosial-iqtisadi quruculuq uzunmüddətli dövrdə Azərbaycanın yeni inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm zəmin yaratmışdır. Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021/2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də məhz bu mərhələdə qarşıda duran ən ümdə vəzifələr müəyyənləşdirilmişdir. Dövlət başçısı öz sərəncamı ilə bu prioritetləri təsdiq etmişdir. Sərəncamda bildirilir ki, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir.
Azərbaycan dövlətinin siyasətinin mərkəzində daim vətəndaşın maraqları dayanır. Bu, prioritetlərdə də özünü aydın göstərir. Qeyd olunur ki, iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq, onların iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Çünki yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. Prioritetlər də məhz iqtisadiyyat inkişaf etdikcə vətəndaşların
sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsinin təmin edilməsini, əməkhaqqının artımının əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmasını nəzərdə tutur. Bu baxımdan paytaxtın və regionların inkişafının tarazlı şəkildə aparılması böyük əhəmiyyət daşıyır. Odur ki, regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət edilməlidir. Rayonlar Bakı ilə müqayisə edilə biləcək yaşayış standartlarına malik olmalıdır. Ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsi təmin edilməlidir.
Vətəndaşların uzunömürlülüyü və sağlam həyat tərzi yenə də diqqət mərkəzindədir. Bu, vətəndaşların məhsuldar fəaliyyəti və sosial rifahının artırılması üçün çox vacibdir. Prioritetlərdə sağlamlığın və uzunömürlülüyün ölkədə səhiyyə sisteminin keyfiyyətindən birbaşa asılı olacağı bildirilir.
Prioritetlərə əsasən, uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır. Çünki məhz belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün vacibdir, o, eləcə də daxili və xarici təsirlərə dayanıqlığı təmin edir. İqtisadi artım həmçinin vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyat davamlı və yüksək templərlə artdıqda ölkədə adambaşına düşən milli gəlir yüksəlir. Yəni iqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin edir. Odur ki, prioritetlər iqtisadi artımın davamlı olmasını, milli iqtisadiyyatın daha da şaxələndirilməsini, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr” tapılmasını qarşıya məqsəd qoyur. Qarşıdakı dövrdə neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməsi nəzərdə tutulur. Çünki yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. İqtisadi artım, eləcə də qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir.
Azərbaycanın iqtisadi potensialının daim artdığını və məhz bu amilin Vətən müharibəsində əldə olunmuş qələbəni təmin edən əsas faktorlardan biri kimi çıxış etdiyini qetd edib: “İqtisadi güc olmadan müharibədə nəinki qalib gəlmək, ümumiyyətlə hərbi əməliyyatlar aparmaq mümkün deyil. Əsas hazırlıq dövrü kimi xarakterizə olunan son 17 ildə ölkəmizə Ermənistandan fərqli olaraq, heç kim kömək etmirdi. Əslində biz bunu istəməmişik də. Çünki Prezident İlham
Əliyev hər zaman deyirdi ki, iqtisadi müstəqillik həm hazırlıq baxımından, həm də siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Azərbaycan buna da nail oldu. Bu gün ölkəmiz istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyil və iqtisadi sahədə ən qabaqcıl yerlərdə qərarlaşıb. Məhz bu faktor da bizim Vətən müharibəsində qələbəmizi təmin edən əsas amillərdən biri oldu.
Dövlətin iqtisadi inkişafından qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyi təmini üçün güclü potensial yaratmışdır. Ölkədə yaşanan siyasi sabitlik, təhlükəsizlik mühiti və davamlı iqtisadi inkişaf xalqın rifahını təmin edən əsas taleyüklü amillərdir. Azərbaycan iqtisadiyyatda dayanıqlı inkişaf modelini tərənnüm edən ölkədir. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.
Onu da unutmayaq ki, müstəqilliyin ilk illərində xalqımız çox böyük çətinliklərlə üzləşib. Həmin illərdə cəbhədə hərbi məğlubiyyət, daxili siyasi böhran, ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə respublikamızın müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. Eyni zamanda, həmin dövrdə ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranmışdı, qaçqınlar, köçkünlər yaranmışdı.
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində xalqımızın 30 illik həsrətinə son qoyuldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman Ordumuz 44 günlük müharibədə işğal altındakı torpaqlarımızı düşməndən azad etdi.
Müharibənin ilk günündən mənəvi üstünlük bizdə idi. Təkcə ona görə yox ki, biz haqlı idik, onlar nahaq. Həm də ona görə ki, bütün bu illər ərzində Azərbaycan xalqı bir amalla yaşayıb: ərazi bütövlüyümüzün bərpa edilməli, düşmənlərin torpaqlarımızdan
qovulmalı. Bu amal nəticəsində tarixi ədalət bərpa olundu. Ötən illərin ən önəmli hadisəsi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə. Bu qələbə bizim şanlı Qələbəmiz qürur mənbəyimiz olaraq tarixin yaddaşına keçdi. Bunu Azərbaycan gənci, Azərbaycan dövləti və ən əsası onun başında duran müdrik ali baş komandan bacardı. Bu tarixi qələbə bir şeyidə sübut etdi ki, Azərbaycanda vətənpərvər gənc nəsil yetişib. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərdi, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildən sonra yetişən insanlar oldu. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. İndi Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan diplomatiyasının ən zəruri vəzifələrindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapması olmuşdur.
Bununla da Azərbaycan köklü surətdə bölgədə vəziyyəti dəyişdirə bildi. Prioritetlər arasında qonşu ölkələrlə əməkdaşlığa xüsusi yer verildi. Başqa ölkələrlə də münasibətlər quruldu. Azərbaycan Avropa İttifaqı ilə sıx əlaqələr qurub. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb.
Azərbaycanın haqq işində Qoşulmama Hərəkatına üzv ölkələrin bizi müdafiə etməsi faktı da uzun illər aparılan düzgün diplomatik səylərin nəticəsi kimi qəbul edilir.
Azərbaycan iqtidarı konstruktiv müxalifətlə hər zaman əməkdaşlıq edib, onları dinləyib. Son zamanlar bir qrup partiyanın ofislə təminatı məsələsinə baxılıb və bu məsələ müsbət həll edilib. “Siyasi partiyalar haqqında qanun”a edilən düzəlişlərdə və əlavələrdə də hər zaman onların normal fəaliyyət imkanları nəzərdən keçirilib və bütün mümkün addımlar atılıb. Bu, sözsüz ki, ölkədə sağlam siyasi mühitin olmasından xəbər verir.
Azərbaycan Qarabağ müharibəsində dünyanın diqqətini həm də ordusunun gücünə görə özünə cəlb etmişdi. Bu, qətiyyən mübaliğə deyil. Müharibənin gedişində dünyanın bir sıra ölkələrinin xəbər portallarında hərbi uğurumuzdan bəhs olunur, Azərbaycanın bir sıra xarici ölkələrdən, xüsusən Türkiyədən aldığı modern silah növləri müzakirə müstəvisinə gəlirdi. Xarici jurnalistlər dövlət başçısı ilə müsahibələrində bu hərbi uğurların sirrini öyrənməyə çalışırdı. Elə buna görə də II Qarabağ müharibəsində “Azərbaycan təcrübəsi” anlayışı meydana çıxdı.
Prezident İlham Əliyevin fikirlərinə diqqət edək:”Güc faktoru öz aktuallığını qoruyub saxlayır. Əlbəttə ki, hərbi sahədə müharibə Azərbaycanın şanlı səhifəsidir. Amma, eyni zamanda, təcrübədir. Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir. Bundan sonra əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq. Azərbaycan daha müasir ordu yaradacaq. Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz elə planlaşdırmalıyıq ki, əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq. Çünki güc hər şeyi həll edir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər”.
Bu gün Azərbaycan iqtidarı verdiyi vədlərə sadiqdir. Prezident seçkilərindən sonra dövlət başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi müəyyən olunmuşdu və bu vəzifə uğurla icra olundu.
Azərbaycan artıq gələcəyə daha inamla addımlayır, daha da güclənərək regionun şəksiz lideri kimi irəli çıxır.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff