booked.net

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "CNN Türk" televiziya kanalına müsahibəsi dünya ictimaiyyətinin diqqət mərkəzindədir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də “CNN Türk” televiziya kanalına verdiyi müsahibəsində ölkəmizin II Qarabağ müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində Cənubi Qafqazda yaranmış yeni geosiyasi və geostrateji reallıqların geniş təhlilini verdi. Dövlətimizin başçısı bu reallıqlar fonunda bütün qonşu ölkələrdən, eləcə də dünya birliyindən baş verənlərə obyektiv münasibət və bundan sonrakı proseslərdə qarşılıqlı əməkdaşlıq zəminində iştirakları üçün adekvat mövqelərdən çıxış etmələri gözləntisini bəyan etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu müsahibəsi, həm də ölkəmizə qarşı düşmən mövqelərdə duran, ölkəmiz üçün yeni təhdidlər xülyasında olan bütün qüvvələr üçün aşkar xəbərdarlıq mesajları idi.
Dövlətimizin başçısı müsahibəsində ikili standartları beynəlxalq ədalətsizlik kimi dəyərləndirdi. Bildirdi ki, Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verdi. Bu, yaxın tarixin hadisəsidir. Ancaq bunu bir çox ölkələr görmək istəmirlər və cəmi 13 ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Biz son illər ərzində bir çox müttəfiq qazandıq. Ancaq o saxta “soyqırımı” tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. Onlar saxta tarixi qəbul edirlər. Aydın məsələdir ki, burada da əsas amil siyasi amildir. Amma real soyqırımı görməzliyə vururlar, bu böyük ədalətsizlikdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində İkinci Qarabağ müharibəsinin Zəfərlə nəticələnməsinin səbəbləri barədə də danışdı. Dövlətimizin başçısı burada bir çox amillərin rol oynadığını bildirdi:
“İlk növbədə, əlbəttə ki, xalqımızın əzmi, barışmaz mövqeyi və bizim siyasətimiz. Çünki mən artıq 18 ilə yaxındır ki, prezidentəm və bütün bu illər ərzində deyirdim ki, nəyin bahasına olursa-olsun biz torpaqlarımızı azad etməliyik və edəcəyik. Sadəcə olaraq, bunu düzgün anda etməli idik və etdik, səhvə yol verə bilməzdik. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar bax, belə nəticəyə gətirib çıxardı. Xalqın barışmaz ruhu əlbəttə ki, əsas amillərdən biridir. Çünki biz Qarabağı unutmadıq. Hətta Qarabağı görməyən və çadır
şəhərciklərində doğulan uşaqlar da bir arzu ilə, bir amalla yaşayırdılar ki, getsinlər, öz torpağına qayıtsınlar. Ölümə gedənlər məhz onlar kimi minlərlə gənclər olmuşdur”.
Prezident İlham Əliyev vurğuladı ki, Ordumuzun gücləndirilməsi, silah, texnika, təchizat məsələləri də əsas amillərdəndir: “Son illərdə ən çağdaş texnologiyaya əsaslanan silahlar alındı və Ordumuzun peşəkarlığı artdı. Çünki silahlar, texnologiya, əlbəttə, bir çox məsələləri həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər o, döyüşə həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz. Bu amillər bizi Qələbəyə apardı. Bizim bütün hərbi strategiyamız və silahların alınması bir məqsədə xidmət edirdi – biz bu torpaqları necə az itkilərlə azad edək və belə də oldu. Heç kim inana bilmirdi ki, bizim itkilərimiz cəmi təqribən 3 minin altında olsun. Hər bir insanın həyatı qiymətlidir, ancaq bu miqyaslı əməliyyatda cəmi 2900 şəhidin verilməsi, əlbəttə, onu göstərir ki, hər əsgərin canını biz son ana qədər qorumağa çalışırdıq.”
“CNN Türk” televiziya kanalına verdiyi müsahibəsində Azərbaycan Prezidenti üçtərəfli 10 noyabr Bəyanatının bütün müddəlarına qeyd-şərtsiz əməl olunmasının Cənubi Qafqazda bundan sonra davamlı sülhün, sabitlik və inkişafın bərqərar olması üçün zəruri şərt olduğunu vurğulamaqla bir daha öz siyasi iradəsini və Azərbaycanın dəyişməz mövqeyini bildirdi: “Azərbaycanın Vətən müharibəsindəki qələbəsi həqiqətən də tarixi bir Zəfərdir. Dövlət başçımızın da öz müsahibəsində qeyd etdiyi kimi, 30 il ərzində torpaqlarımız işğal altında idi. Bu,həm böyük ədalətsizlik və həm də bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. 30 il ərzində nə ATƏT-in Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşdı, nə də BMT özünün qəbul etdiyi qətnamələrin icrasına nail oldu. Bu zaman kəsiyində aparılan danışıqların heç bir əməli nəticəsi olmadıqca, bu məsələnin faktiki olaraq dondurulması prosesi gedirdi. Azərbaycan Prezidenti bütün bu illər ərzində dəfələrlə demişdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Nəhayət, dövlət başçımızın dediyi sözlər öz yerini tutdu və Azərbaycan Vətən müharibəsinə başlayaraq öz tarixi torpaqlarını işğaldan azad etdi. Tarixi ədalət zəfər çaldı, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.”
“İkinci Qarabağ savaşı dönəmində də Ermənistan döyüş meydanında ilk gündən məğlubiyyətə uğramağa başlamışdı. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmadıq. Hətta manevr etmək məqsədilə də geri addım atmadıq.”- deyən Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirdi ki, Ermənistan öz qaçılmaz məğlubiyyətini dərk edərək bizi durdurmaq və mülki əhaliyə böyük zərər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə daim atəşə tuturdu. Bunun nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Bu görüntülər var. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular.
“Tərtər şəhərinə, - o qədər də böyük şəhər deyil, - 20 minə yaxın raket düşmüşdür. Ancaq Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Öz yaxınlarını, öz qohumlarını, əqrəbalarını itirmiş insanlar da deyirdilər ki, ancaq irəli getməliyik. Yəni, ermənilərin bu qeyri-insani davranışı da onlara heç bir xeyir, mənfəət gətirmədi, sadəcə olaraq, dünyanın gözü qarşısında özlərini növbəti dəfə vəhşilər kimi göstərdilər. Biz isə buna cavab vermədik, onun üçün Ermənistan tərəfində mülki əhali arasında itkilər çox azdır, təqribən 30 civarında və onların böyük əksəriyyəti savaşda iştirak edənlərdir. Bu, videokadrlarda da var. Biz görürdük ki, bəzi artilleriya qurğularının yanında mülki şəxslər də var və təbii ki, bizim atəşimiz ora düşəndə onlar da həyatlarını itirirdilər. Qarabağ bölgəsində - ermənilərin işğalı altında olan yerlərdə və onların yaşadıqları yerlərdə heç bir dağıntılar olmamışdır. Yəni, bu, bir daha onu göstərir ki, biz müharibəni də ləyaqətlə aparmışıq və savaşa xas olan bütün qaydalara riayət etmişik”, - deyə Prezident İlham Əliyev vurğuladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində Azərbaycan-Türkiyə münasibətlərinə də toxundu: “Son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb. Ondan daha əvvəl atamın dönəmində onun məşhur kəlamı var: “Bir millət, iki dövlət”. Bunu indi bilməyən yoxdur. Amma bəziləri bəlkə də bilmir ki, bunun müəllifi Heydər Əliyev olmuşdur. Bu sözləri o demişdi. Bu sözlər bizim üçün işıqlı bir yoldur. Bu vəsiyyətə, bu sözlərə sadiq olaraq biz hər istiqamət üzrə əlaqələrimizi gücləndirdik, yüksək səviyyəyə qaldırdıq. Siz burada insanlarla təmaslar əsnasında görürsünüz ki, Türkiyəyə nə
qədər böyük sevgi və məhəbbət var. Bu, hər zaman belə idi. Amma İkinci Qarabağ müharibəsində bu, daha da artdı. Çünki Azərbaycan xalqı çox gözəl gördü ki, onun əsl dostu, qardaşı kimdir. Bizim yanımızda olan ölkə Türkiyə və Pakistan idi.”
Türkiyədə meşə yanğınları tüğyan edən zaman Azərbaycanın da qardaş yardımını əsirgəmədi. Azərbaycan Prezidentinin tapşırığı ilə qardaş ölkəyə köməyə gedən yanğınsöndürənlərimiz meşə yanğınları ilə mübarizədə öz peşəkarlıqları və qəhrəmanlıqları ilə bizi qürurlandırdılar, başımızı uca etdilər. Onlar öz cəsarətləri və əzmkarlıqları ilə Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bir daha nümayiş etdirdilər.
Dövlətimizin başçısının müsahibəsindən bəlli olur ki, indi əsas məsələ Cənubi Qafqazda sülhün, sabitliyin və inkişafın davamlı olmasını təmin etməkdir. Bunun üçün isə bütün region ölkələri öz prinsipial və real mövqeylərini ortaya qoymalıdırlar. İlk növbədə, Ermənistan üçtərəfli 10 noyabr Bəyanıtnda nəzərdə tutulmuş bütün öhdəliklərinə qeyd-şərtsiz əməl etməlidir. Ölkə Prezidenti cənab İlham Əliyev öz müsahibəsində bu məsələyə bir daha toxunaraq vurğuladı ki, Azərbaycan artıq bir neçə dəfə öz mövqeyini aydın şəkildə bəyan edərək, Ermənistanla sülh müqaviləsi imzalanmasının tərəfdarı olduğunu bildirib. Dövlətimizin məqsədi budur ki, Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası,müəyyən edilməsi prosesi də başlasın. Lakin müşahidə etdiyimiz proseslər bunu deməyə əsas verir ki, Ermənistan ya buna hazır deyil, ya da bunun əleyhinədir. Əlbəttə ki, Ermənistanın bütün əks cəhdləri yalnız bu ölkənin özünün ziyanına olacaq.
Bu gün regionda yaranmış yeni iqtisadi inkişaf imkanlarından bəhrələnmək üçün bütün qonşu ölkələr, o cümlədən Ermənistan da şans əldə edib. Lakin bundan sonra ona verilən şansı düzgün dəyərləndirməsi artıq bütünlüklə Ermənistan hökumətinin məsələyə konstruktiv yanaşmasından asılı olacaq: “Ermənistan Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanıyarsa, bu zaman regiona uzunmüddətli sülh gələcək. Azərbaycan bunu istəyir. Həmçinin bir faktı da nəzərdən qaçırmaq lazım deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev, əslində, bu gün Ermənistana çox böyük bir şans verib. Ermənistan bu şansdan düzgün yararlanacağı təqdirdə iqtisadiyyatını inkişaf etdirə və xarici kapitaldan asılılığına son qoya bilər. Lakin təəssüflər olsun ki, bu ölkənin rəhbərliyində olanlar hələ də
konstruktiv mövqe nümayiş etdirmirlər. Belə görünür ki, Ermənistan hələ də bu ölkənin və onun əhalisinin xeyrini ziyanından seçib-ayırmaq iqtidarında olmayan qüvvələr tərəfindən idarə olunur.
Təbii ki, Cənubi Qafqazda regional sabitlik və davamlı inkişafın bərqərar olması üçün kommunikasiyaların açılması, ilk növbədə Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası zəruridir. Bu tələblər Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da iqtisadi inkişafına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər.”
Ölkə Prezidenti bildirdi ki, Avropa İttifaqı bu məsələyə də çox müsbət yanaşır. Bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Bakıda olarkən bu məsələ ilə bağlı biz geniş fikir mübadiləsi apardıq və onlar da təbii ki, bu layihəni çox dəstəkləyirlər.
Prezident İlham Əliyevin müsahibəsində yer alan ən əhəmiyyətli məqamlardan biri də erməni əsgərlərinin Laçın dəhlizi ilə Qarabağa göndərilməsi faktı barədə oldu: “Ermənistan hökumətinin qeyri-konstruktiv mövqey tutmasını sübut edən faktlardan biri də son vaxtlar bu ölkənin əsgərlərinin Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə, Qarabağa göndərilmələridir. Öz müsahibəsində bu məsələyə də toxunan Ölkə Prezidenti cənab İlham Əliyev belə halların yolverilməz olduğunu və Azərbaycanın hər an adekvat tədbirlər görə biləcəyini açıq-aydın bəyan etdi. Dövlət başçısı bildirdi ki, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Lakin bu proses davam edir. Azərbaycan artıq bir neçə dəfə şifahi qaydada öz iradlarını bildirsə də, bunun nəticəsi olmayıb. Nəhayət, Azərbaycan öz iradını rəsmi qaydada bildirdi. Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan bu gün Laçın dəhlizi ilə hərəkət edən bütün insanları və texniki vasitələri dəqiqliyi ilə müşahidə edə bilir, həmçinin Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri diqqətlə izləyir. Əgər Ermənistan yenidən müharibəyə hazırlaşarsa, onda dərhal adekvat tədbirlər görüləcək. Dövlətmizin başçısı Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə çalışan bütün qüvvələri bu barədə son dərəcə aydın şəkildə xəbərdar etdi. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onların hamısı üçün dərs olmalıdır.”


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff