booked.net

REGİONUN İNKİŞAFINA BÖYÜK FAYDA VERƏCƏK ƏMƏKDAŞLIĞIN PERSPEKTİVLƏRİ


Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində də önəmli fəaliyyəti göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2021-ci il mayın 20-də daha bir mötəbər tədbirə təşkilatçılıq etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda aparılan müzakirələrdə bir çox tanınmış siyasətçilərin, ictimai-siyasi xadimlərin, nüfuzlu ekspert və politoloqların iştirak etməsi dünya siyasi arenasının diqqətini özünə çəkdi. Dövlətimizin başçısı mühüm beynəlxalq platforma çərçivəsində bir daha dünya ictimaiyyətinə regionda baş verənlər, Azərbaycanın sülhsevər siyasəti haqqında obyektiv məlumat çatdırdı, regionda yaranan yeni reallığa beynəlxalq aləmin diqqətini yönəltdi. Beləliklə, növbəti dəfə Azərbaycanın qlobal səviyyəli məsələlərin həlli üçün mühüm platformaya çevrildiyini göstərməklə yanaşı, həm də bu problemlərin həllində ölkəmizin rolunun yüksəldiyini nümayiş etdirdi.
Prezident İlham Əliyev mərkəz üzvlərinin suallarına verdiyi geniş və əhatəli, əsaslandırılmış cavablarında regionun inkişafına xidmət edən əməkdaşlıq perspektivlərindən tutmuş, Ermənistandakı mövcud siyasi vəziyyət, Vətən müharibəsində ölkəmizin qazandığı qələbə nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulması kimi bir çox önəmli məqamlara diqqət çəkdi.
Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri qlobal gündəlikdə mühüm məsələlərdən birinə çevrilməsi Cənubi Qafqaz regionunda kəskin dəyişikliklərlə bağlıdır. Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfər qazanması, torpaqlarını erməni işğalından azad etməsilə bağlı olan bu dəyişikliklər fonunda, sözsüz ki, yeni vəziyyət yeni yanaşmaları tələb edir. Bu mənada, regionun inteqrasiyası ölkələrin inkişafına xidmət edəcək mühüm amil kimi göstərir.
Vətən Müharibəsində əldə olunmuş qələbə Ermənistanın işğalçılıq siyasətinə son qoymaqla yanaşı, regionda və dünyada yeni əməkdaşlıq imkanları yaratdı. Şübhəsiz ki, yaranmış olan yeni reallıq beynəlxalq siyasi münasibətlər zəminində yeni əlaqələrin yaranmasını şərtləndirir.
Azərbaycan dövləti cənab Prezidentin rəhbərliyi altında bu istiqamətdə addımlar atıb və bunu həm Ermənistana, həm də beynəlxalq təşkilatlara, xarici ölkələrə bildirib. Bu istiqamətdə Azərbaycan çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edib və bu təşəbbüslər 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri intensiv şəkildə aparılır. Ancaq ərazilərin partlamamış silah-sursatla dolu olması iqtisadi layihələrin sürətlə reallaşdırılmasında əlavə çətinlik yaradır. Müharibə dayanandan sonra 100-dən çox adam minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistan isə indiyə qədər minaların xəritəsini Azərbaycana verməkdən imtina edir. Minaların təmizlənməsi də çox çətin, çox bahalı bir prosesdir və çox vaxt aparır.
Ölkəmizin başçısı 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır mesajını verir. Bunun üçünsə Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühiti yaradılmalıdır.
Müzakirələrdə qalib ölkə kimi çıxış edən Azərbaycanın xarici siyasətinin əsas istiqamətini əməkdaşlıq təşkil etdiyi bir daha vurğulandı. Azərbaycan gələcəyə nəzər salmağa, Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmaq niyyətindədir.
Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Tədbirdə qeyd edildi ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji resursları rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya aparmalıdır.
Bu məsələyə gəlincə, tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması nöqteyi-nəzərindən ötən ilin sonuncu günü əlamətdar bir gün olmuşdur. Sərbəst inteqrasiya olunmuş 3,5 min kilometr uzunluğunda qaz boru xətləri birləşdirilmiş və bir layihə kimi bir- birinə bağlanmışdır. İlk dəfə Azərbaycan qazı Avropaya çatdırılmışdır. Bu, həqiqətən də tarixi hadisə idi. Çünki layihə bütün nöqteyi-nəzərdən –maliyyə, siyasi və texniki baxımdan böyük bir çağırış idi.
Azərbaycan fəal əməkdaşlığa kömək edəcək daha bir təşəbbüsü- Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü fəal dəstəkləməklə bunu Asiyanı Avropa ilə birləşdirmək kontekstində sözügedən layihə beynəlxalq gündəliyin mühüm hissəsi hesab edir. Ölkımiz öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və təşəbbüs çərçivəsində Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantılar yaratmaqla bu dəstəyi əməli fəaliyyətində sübut edir.
Azad olunan ərazilərdə yenidənqurma işlərinə cəlb edilən beş ölkədən şirkətlər sırasında Çin şirkəti də var. Çin şirkətləri bizim enerji sektoruna sərmayə yatıranlardandır.
ABŞ-la Rusiya arasında əlaqələrin çox aşağı səviyyədə olduğu bir vaxtda bu iki supergüc çox fəal və açıq şəkildə əməkdaşlıq etdiyi yeganə məsələnin Qarabağla bağlı olması da Azərbaycanın müstəqil xarici siyasətinin mühüm göstəricilərindən biridir.
Yeni yanaşmalar fonunda diqqətçəkən daha bir reallıq Azərbaycan-İsrail münasibətləri yüksələn xətt üzrə inkişaf etməsidir. Hər iki ölkə arasında ticarətin həcmi artması xüsusilə diqqət çəkir. O cümlədən, müdafiə sənayesi ilə bağlı əməkdaşlıq daha da inkişaf edir. Azərbaycanın yəhudi icması Azərbaycan-İsrail ikitərəfli münasibətlərində çox önəmli rol oynayır.
Dövlətimizin başçısı çıxışı zamanı Azərbaycan-ABŞ münasibətlərinin böyük potensialı və perspektivinə də diqqət çəkdi:
"ABŞ hər zaman iri enerji layihələrinin icrasında yardımçı olub, neft-qaz kəmərləri və ya Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində hər zaman Azərbaycanı dəstəkləyib. Qeyd etdiyim sahələr üzrə bizim çoxşaxəli münasibətlərimiz var, lakin biz bu əlaqələri daha da şaxələndirmək istəyirik. Xüsusilə buraya müasir texnologiyalar və ticarət daxildir, çünki ticarət dövriyyəsinin səviyyəsi çox aşağıdır. Digər mövzular da var və əlbəttə ki, biz ABŞ hərbi avadanlığına çıxış əldə etmək istəyirik. Bu günədək təəssüf ki, bizim belə bir imkanımız yoxdur. Bu, yəqin ki, Ermənistanla münaqişə ilə bağlı idi. Ancaq artıq münaqişə öz həllini tapıb və beləliklə, ABŞ-la müdafiə sənayesi sahəsində əməkdaşlıq etməmək üçün səbəb görmürəm."
Azərbaycanın əsas ixracı Avropa İttifaqının üzv ölkələri ilə bağlıdır və üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycan Strateji Tərəfdaşlıq adlanan sənədləri və bəyannamələri imzalamışdır və ya qəbul etmişdir. Avropa İttifaqının 9 üzv ölkəsi ilə Strateji Tərəfdaşlıq sənədlərinin imzalanması göstərir ki, biz həqiqətən yaxşı və strateji tərəfdaşıq.
Qürurverici haldır ki, azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə reallaşır. Bu ilin sonunadək azad olunmuş ərazilər 100 faiz elektrik enerjisi ilə təmin edilməsi üçün, ilkin olaraq magistral yolların inşası prosesinin başlanması, azad olunmuş ərazilər “yaşıl enerji” zonası elan edilməsi həmin istiqamətdə aparılan işlərin nə qədər çətin olmasına baxmayaraq nəzərdə tutulduğu vaxtdan tez reallaşacağına bizi ümidləndirir.
İndi Azərbaycanın prioriteti Qarabağa qayıdışdır. İşğaldan azad olunmuş bütün şəhər və rayonlar yenidən qurulacaq, 30 ilə yaxındır ki, doğma yurd həsrəti ilə yaşayan məcburi köçkünlər doğma ellərinə dönəcəklər. Azərbaycan dövləti onların layiqli həyatını təmin edəcək. Böyük Qayıdışa xidmət edən layihələrin icrasına isə artıq başlanılıb.
Ərazilərin partlamamış silah-sursatla dolu olması iqtisadi layihələrin sürətlə reallaşdırılmasında əlavə çətinlik yaradır. Müharibə dayanandan sonra 100-dən çox adam minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistan isə minaların xəritəsini verməkdən imtina edir. Minaların təmizlənməsi çox çətin, çox bahalı bir prosesdir və çox vaxt aparır. İşğaldan azad olunmuş ərazilər isə tamamilə dağılmış vəziyyətdədir. Şəhər və kəndlərin 90 faizi tamamilə dağıdılmış vəziyyətdədir. Erməni tərəfi qeyri-qanuni şəkildə zəbt etdikləri torpaqları heç vaxt özününkü kimi qəbul etməmiş, bu səbəbdən də misli görünməmiş vandallıq aktları törətmişdir. Ermənilər qəbirləri dağıtmış, dini ibadətgahları təhqir etmiş ya da onları özününküləşdirməyə cəhd etmişdir. işğaldan azad edilmiş torpaqlarımızdakı 67 məsciddən sadəcə ikisi, o da yarıdağılmış vəziyyətdə qalıb. Bizim bütün məscidlərimiz erməni vandalları tərəfindən təhqirlərə məruz qalıb.
Dövlət başçısı dəfələrlə qeyd edib ki, Azərbaycan əməkdaşlığa hazırdır. Otuz il ərzində əziyyət çəkmiş tərəf olmağımıza baxmayaraq, biz hazırıq və bunu dəfələrlə bəyan etmişik ki, səhifə çevrilsin və yeni fəsil başlasın, gələcək haqqında danışılsın, keçmiş haqqında danışılmasın.
Qarabağ “yaşıl enerji” zonasıdır və bu bölgə alternativ enerji mənbəyinə çevriləcəkdir. Ənənəvi enerji mənbələrinin ətraf mühitə vurduğu külli miqdarda ziyanı və müəyyən zaman çərçivəsində tükəndiyini nəzərə alsaq, bərpa oluna bilən alternativ enerji mənbələrinin fasiləsiz fəaliyyət göstərməsi və ekoloji təmizliyin qorunmasına olan töhfəsi energetika sektorunda əsaslı tranzisiyaya zərurət yaradır və təbii olaraq ölkəmiz də bu sahədə artıq öz sağlam addımlarını atmışdır.
Zəngəzur dəhlizi açılmasının isə bütün region ölkələri üçün yeni imkanların yaranmasında mühüm rolu olacaq. Bu dəhliz Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir “damarı” açılacaq və bu, nəticədə bölgə ölkələri arasında xüsusilə iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək. Ermənistan da Zəngəzur dəhlizinin üstünlüklərindən yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edər. Əks halda, təcavüzkar siyasətindən əl çəkməsə, bu ölkədə işsizlik səviyyəsi daha da artacaq, mühacirət və yoxsulluqla müşayiət olunan oxşar iqtisadi vəziyyət getdikcə ağırlaşacaq, düşmən respublikada xaos və özbaşınalıq daha da dərinləşəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda aparılan müzakirələrdə Cənubi Qafqazda əməkdaşlığın sabahına olan ümidlərini belə ifadə etdi: "Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş əarazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gəlcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq."

"Şirvan"


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff