booked.net

Azərbaycan Prezidenti: "Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindən biri idi, bu gün də bu, belədir"


Şəhid ailələrinə, Qarabağ qazilərinə diqqət və qayğı dövlətimiz üçün prioritet məsələlər sırasındadır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumlarının bu kateqoriyadan olan insanların sosial həyatının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi mühüm işlər cəmiyyətimizdə xüsusi razılıqla qarşılanır.
2021-ci il 26 avqust tarixində Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması da dövlətimizin bu vacib məslənin həllinə necə böyük önəm verdiyini bir daha təsdiq edir.
"Son illər ərzində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə mənim çoxsaylı görüşlərim olub. Müharibədən əvvəl hər dəfə görüş əsnasında mən deyirdim ki, biz nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qanını aldı."
-Bu fikirləri Prezident İlham Əliyev 2021-ci il 26 avqust tarixində Abşeron rayonunda şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı deyib: “Bu gün müharibədən keçən aylar ərzində şəhid ailələri, Qarabağ qaziləri ilə görüşlər əsnasında tam başqa ab-hava hökm sürür. Əgər əvvəlki illərdə biz hər zaman şəhidlərimizin xatirəsini yad edərək özümüzə söz verirdik ki, onların qisasını alacağıq, bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq”.
Prezident qeyd edib ki, bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir.
“Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindən biri idi, bu gün də bu, belədir. Ancaq bununla yanaşı, əlbəttə ki, bu proses müəyyən müddət davam etdiriləcək. Çünki yaxın gələcəkdə bu problem tamamilə aradan qaldırılacaq. Ancaq bununla paralel olaraq, İkinci Qarabağ müharibəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün biz daha fəal olmalıyıq. Eyni zamanda, gənclərimizin tərbiyə işində də mütləq bu mövzu ön planda olmalıdır. Çünki İkinci Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək.
Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb.
Torpaqlarımız işğal altında olarkən bütün Azərbaycan xalqının əsas arzusu Vətənimizin yağı tapdağından azad edilməsi idi. Bu gün biz artıq bu arzuya çatmışıq: “Biz uzun illər ərzində deyirdik ki, nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qısasını aldı".
Prezident xüsusi olaraq Vətən Müharibəsi nəticəsində əldə olunan uğurları dilə gətirib. Bildirib ki, bu gün Azərbaycan istər Qarabağ bölgəsində, istərsə də Azərbaycan-Ermənistan sərhədində hakim strateji nöqtələrin hamısına nəzarət edir. Bu isə, sözsüz ki, xalqımız üçün çox qürurverici faktdır: “Əgər 1923-cü il 7 iyul tarixi xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də
qapadıq. Artıq 7 iyul gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 2021-ci il iyulun 7-də Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair Fərman imzalandı və beləliklə də tarixi ədalət bərpa edildi”.
Azərbaycan dövləti tarixi qələbənin əldə olunmasında iştirak edən hər bir şəxsin həyatına xüsusi önəm verir. Dövlət başçısının verdiyi məlumatdan bir daha aydın olur ki, 44 günlük müharibə dövründə hərbi əməliyyatların planlanması zamanı insan amili ən əsas yerdə olub: “Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Azərbaycan Ordusu əməliyyatları planlaşdıranda, ilk növbədə, mümkün olan itkilər haqqında düşünülmüşdür və müqayisə apardıqda Azərbaycan məhz buna görə az itki vermişdir”.
Azərbaycan Prezidenti 20-ci yüzildə xalqımıza qarşı oynanılan xain oyunları dilə gətirib: “XX əsrin 20-ci illərində xalqımıza iki böyük zərbə vuruldu. Birincisi, 1920-ci ildə. O vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra o bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. İkinci isə 1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaradılmasının heç bir əsası yox idi. Nə tarixi əsası var idi, nə coğrafi əsası var idi, nə də iqtisadi əsası var idi. Sadəcə olaraq, bizim canımıza bu süni bir cisim yeridildi ki, bir canlı bomba kimi orada dursun və vaxtında partlasın. Belə də oldu. 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Onun da mərkəzi şəhəri bizim Xankəndi qəsəbəmiz olmuşdu. Ona da cəllad Stepan Şaumyanın adını verdilər, Stepanakert adlandırdılar.
Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək sovet vaxtında ortaya atılmış tezis idi. Gənc nəsil münaqişə ilə bağlı bütün tarixi həqiqətləri bilməlidir. 1940-1950-ci illərdə Ermənistan ərazisindən- qədim Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, 1980-ci illərin sonlarında erməni separatizminin baş qaldırması və buna sovet hakimiyyəti tərəfindən reaksiyanın verilməməsi. Əksinə, separatçıları təhrik edirdilər, onların
havadarları bizə meydan oxuyurdular. Ulu öndər Heydər Əliyev hakimiyyətdən gedəndən iki həftə sonra bu, ortalığa atıldı. Görünür ki, çoxdan belə planlar var idi. Amma Heydər Əliyev amili, onun qətiyyəti və gücü imkan vermirdi ki, baş qaldırsınlar. O vaxtkı Azərbaycan rəhbərliyi, sadəcə olaraq, buna ya hazır deyildi, ya da ki, öz vəzifə borcunu yerinə yetirə bilmədi”.
Dövlət başçısı bildirib ki, müharibədən sonra bütün dünya erməni vəhşiliyinin yırtıcı sifətini gördü: “Çünki müharibəyə qədər işğal dövründə Ermənistan tərəfi o vaxt işğal edilmiş torpaqlara heç kimi buraxmırdı. Eyni zamanda, bu məsələ ilə məşğul olan vasitəçilər də oraya getməyə o qədər can atmırdılar. Halbuki qanunsuz məskunlaşma hərbi cinayət sayılır”.
Prezident qeyd edib ki, ermənilər işğal olunmuş ərazilərdə 60-dan çox məscidi dağıdıblar: “Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayıblar. Bu, bütün müsəlman aləminə təhqirdir. Bir daha sizin qarşınızda bütün müsəlman ölkələrinin rəhbərlərinə üz tutaraq deyirəm, bunu heç vaxt unutmayın, buna göz yummayın, görməzliyə vurmayın. Ermənistan rəhbərliyi bütün müsəlman aləmini təhqir edib. Qəbirləri dağıdan da, qəbir daşlarının üzünü silərək satan da ermənidir, ölülərin qızıl dişlərini çıxardan da ermənidir, məscidlərimizi sökən də ermənidir, evlərimizi kərpic-kərpic söküb öz daxmasına daşıyan da ermənidir. Bunu hər kəs görür və görməlidir. Biz azad edilmiş torpaqlara xarici qonaqları, jurnalistləri, siyasətçiləri, ictimai xadimləri müntəzəm olaraq gətiririk ki, görsünlər və bilsinlər, biz təkcə öz ərazimizi işğaldan azad etməmişik, biz bölgəni erməni faşizmindən azad etmişik”.
Azərbaycanın müharibədən sonra başlatdığı nəhəng prosesin bir istiqaməti də azad olunan ərazilərin sürətli bərpasıdır: “Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul olunub. Bu proqram bir neçə ili əhatə edir və birinci il - 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun.
Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq”.
İşğalçı Ermənistandan fərqli olaraq Azərbaycan nə əsirlərlə, nə də həlak olanlarla davranışlarında beynəlxalq hüquqdan, humanizm prinsiplərindən bir addım da olsa kənara çıxmayıb və bu ülvi insani prinsipi rəhbər tutub.
Azərbaycanın dövlət başçısı düşmən qonşunun müstəqil dövlət adlandırılmasının doğru olmadığını deyib və qeyd edib ki, rəsmi İrəvan həm də hərbi cinayətkardır. Dövlət başçısı Ermənistanın cinayətkar fəaliyyətlərinin hamısının qeydə alındığını bildirib: “Uzun illər ərzində Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Şuşada qanunsuz məskunlaşma gedirdi. Bu, hərbi cinayətdir. Bu hərbi cinayətə görə təkcə Ermənistan yox, o cinayətlərə göz yuman da məsuliyyət daşıyır. Bizim uğurlu əməliyyatlarımız buna son qoydu".


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff