booked.net

Prezident İlham Əliyev 2021-ci il 3 oktyabr tarixində Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb


Suqovuşanın azad olunması Vətən müharibəsində Böyük Qələbəni təmin etmiş önəmli uğurlardandır

Ötən ilin bu günlərin böyük qürur və iftixar hissilə xatırlayırıq. Vətən müharibəsinin başladığı gündən Ordumuzun qazandığı qələbə xəbərlərini ekranlardan böyük sevinclə dinləyirdik. İnanırdıq ki, hər ötən gün bizi Qələbəyə yaxınlaşdırır. 2020-ci il oktyabr ayının 3-də, müharibənin yeddinci günündə Azərbaycan Ordusu Tərtər rayonunun Suqovuşan qəsəbəsini və Talış kəndini Ermənistan silahlı qüvvələrinin işğalından azad edərək həm strateji mənada, həm də Ordunun və xalqın döyüş ruhunun yüksəlməsində fövqəladə bir uğur qazandı. Əminliklə demək olar ki, bu iki strateji mövqenin işğaldan azad olunması Vətən müharibəsində böyük zəfəri təmin edən ən vacib uğurlardan idi.
Talış kəndi və Suqovuşan qəsəbəsinin bir gündə işğaldan azad edilməsi, ən əvvəl Ali Baş Komandanımız, Prezident İlham Əliyevin böyük sərkərdəlik bacarığının və qəhrəman əsgər və zabitlərimizin tükənməz döyüş ruhunun, yüksək peşəkarlıq qabiliyyətinin nəticəsi idi. Ordumuzun həmləsi ilə erməni silahlı qüvvələrinin on illərlə qurduğu çox güclü istehkamlar, bir neçə müdafiə xətti qısa bir vaxtda darmadağın edildi, düşmənin çox sayda canlı qüvvəsi məhv edilərək strateji yüksəkliklər ələ keçirildi.
Müharibənin ilk günlərində xalqımızın işğal altındakı torpaqlarımızın azadlığı uğrunda aparılan müqəddəs savaşda belə bir strateji mövqeyə yiyələnməsi böyük hərbi uğur idi.
Suqovuşanın azad olunmasının 1-ci ildönümündə cənab Prezident İlham Əliyevin Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfər etməsi və buradakı çıxışı mühüm əhəmiyyət kəsb edir. Ermənistan hakimiyyətinin cinayətkar simasını bir daha ifşa edən dövlətimizin başçısı Suqovuşanın işğaldan azad olunmasının tarixi, strateji əhəmiyyətıni açıqladı: "Bu kəndlərin strateji əhəmiyyəti ondadır ki, burada düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Bu kəndlərin azad olunması bizim bu bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün,
manevrləri üçün çox böyük problemlər yaradıldı, məhdudiyyət yaradıldı. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi. Birinci növbədə ona görə ki, strateji yollar artıq bizim nəzarətimizdə idi, ikincisi ona görə ki, əgər buradan düşmən öz canlı qüvvəsini başqa yerlərə çəksəydi, əlbəttə, Azərbaycan Ordusu bu istiqamətdə bundan sonra da böyük dərəcədə irəliləyə bilərdi. Ona görə bizim taktiki addımlarımız və manevr etmək imkanlarımız düşünülmüş addımlar idi və demək olar ki, burada düşmənin böyük bir hərbi birləşməsi iflic vəziyyətdə qalmışdı."
Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərindən biri sayılır. Bu haqda Prezident İlham Əliyev dedi: "...Ordumuza əlavə güc verdi, mənəvi ruh verdi. Bu mənəvi üstünlüyü biz müharibənin son gününə qədər, son dəqiqəsinə qədər saxlamışdıq. Düşmən artıq başa düşməyə başladı ki, onların bütün təbliğatı, bütün yalanları, sadəcə olaraq, uydurmadır. Çünki baxmayaraq ki, düşmənin təbliğatı taktiki geriləmə haqqında gecə-gündüz yalan informasiyalar yayırdı, bu haqda cəfəng məlumatlar ötürürdü. Bu, dünya hərb praktikasında yəqin ki, bir yenilikdir. Onlar orada artıq götürdüyümüz şəhər və kəndlərimizi döyüş gedən kənd və şəhərlər kimi təqdim edirdilər. Ancaq real həyatda, real döyüşlərdə artıq hər kəs hər şeyi görürdü. O cümlədən Ermənistan ordusunda xidmət edən şəxsi heyət görürdü ki, biz qələbə çalırıq, biz qabağa gedirik, bizi heç bir qüvvə dayandıra bilməz. Əgər hərbi nöqteyi-nəzərdən götürülməsi demək olar ki, mümkünsüz sayılan Talış və Suqovuşan Azərbaycan Ordusu tərəfindən götürülübsə, onlar tam yəqin edə bilərdilər ki, bundan sonra da Qələbə salnaməmiz davam edəcək."
Ağır məğlubliyyətdən sonra hələ də Ermənistanda revanşist hisslərlə yaşayanlar var. Prezident İlham Əliyev onlara sərt mesajını göndərdi: "...Bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz."
Sözsüz ki, Suqovuşan qəsəbəsinin bir əhəmiyyəti də ondadır ki, burada Suqovuşan su anbarı yerləşir.Bu su anbarı Sərsəng su anbarı ilə bərabər Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara - Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi.
Suqovuşanın işğaldan azad olunması sayəsində Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonların su təminatı problemi həll edilmiş oldu. Bu hərbi uğur Qarabağa gedən yolun açılmasında mühüm rol oynadı. Azərbaycan Ordusunun zərbəsindən sonra Ermənistan ordusunun gözünü qorxdu, düşmən ciddi sarsıntı və psixoloji gərginlik yaşadı və müharibənin sonuna kimi özünə gələ bilmədi. Bu ərazidəki iflas Ermənistan ordusunda fərarilik sayının artmasına səbəb oldu.
Suqovuşanın azad edilməsinin indönümündə Müzəffər Ali Baş Komandan İlham Əliyev bölgəyə səfəri zamanı həm Talış kəndində, həm də Suqovuşan qəsəbəsində şanlı bayrağımızı dalğalandırdı. Bu mühüm hadisənin çox dərin rəmzi mənası və əhəmiyyəti var,- Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi bir mesajla bildirdi ki, bayrağımız torpaqlarımızda daim dalğalanacaq, biz doğma Qarabağımızda əbədi yaşayacağıq!


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff