booked.net

Füzuli şəhəri 2020-ci il 17 oktyabr tarixində işğaldan azad olundu


Füzuli rayonu Azərbaycanın təbii sərvətlərlə zəngin bölgəsi sayılırdı. Erməni işğalından əvvəl rayonda ümumi ehtiyatları 58858 min kvadrat metr olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kvadrat metr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kvadrat metr olan Quruçay qum-çınqıl qarışığı yataqları vardı. Yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunmuşdu.
Tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin olan bu ərazidə rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsi, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsi, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbə, XIX əsrin Cəlil türbəsi xalqımızın xüsusi tarixi əhəmiyyət kəsb edən mədəni irslər sırasında idi.
Füzuli rayonu tarixi maddi-mədəniyyət abidələri ilə də zəngin bir bölgə idi. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur.
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 44 günlük Vətən müharibəsinə qədər ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi düşmən əsirliyində idi.
5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olundu. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin əmri ilə başlanmışdır. O zaman Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.
Ermənistanın növbəti geniş miqyaslı təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində rəşadətli Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı.
17 oktyabr 2020-ci il tarixində Azərbaycan xalqının şanlı tarixinə daha bir şərəfli səhifə yazıldı. Düşmənin ən çox müdafiə olunduğu, ən güclü istehkamlar qurduğu Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi düşmən tapdağından azad olundu. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralandı. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri idi. Bu əməliyyat sayəsində, Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri də Silahlı Qüvvələrimiz tərəfindən azad edildi.
30 il ərzində düşmən təmas xəttində qurduğu möhkəm istehkamlar Vətən oğullarının böyük şücaəti, qəhrəmanlığı sayəsində darmadağın edildi.
Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti və texniki təminatı düşməni qorxuya saldı. Füzuli əməliyyatından sonra rəşadətli Silahlı Qüvvələrimizin qısa zaman kəsiyində işğal altında olan qalan başqa ərazilərimizi də işğaldan azad edəcəyinə heç kəsdə zərrə qədər də olsun şübhə yox idi. Bu, inamı bizdə yaradan Müzəffər Ali Baş Komandanımızın yüksək sərkərdəlik bacarığı, Ordumuzun döyüş ruhu, hər bir zabitin, əsgərin qəlbindəki Vətən sevgisi və xalqımızın sarsılmaz birliyi, vətəndaşlarımızın qələbə üçün nümayiş etdirdiyi sarsılmaz həmrəylik idi. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundular. 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna gəldilər. İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. Sonradan Füzuli-Şuşa avtomobil yolunun- Zəfər yolunun təməli qoyuldu.
Prezident İlham Əliyevin həmin təntənəli mərasimdə dedikləri hər bir azərbaycanlının qəlbini qürur hissilə doldurdu: "- Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır.
Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min kilometrdən çox avtomobil yolu çəkilibdir və yollar keyfiyyətlidir. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi əhəmiyyəti var. Dediyim kimi, bu yol bizi Şuşaya aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir."
Cari ildə ölkə rəhbəri Füzuliyə 4 dəfə səfər etmişdir. Bu səfərlər çərçivəsində, o cümlədən Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanışlıq və “Füzuli” yarımstansiyasının açılışı oldu.
Dövlətimizin başçısı bildirdi ki, dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılacaqdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir
17 oktyabr 2020-ci il tarixi bütün Azərbaycan xalqının və xüsusilə də 30 ilə yaxındır oz ata-baba yurdundan didərgin düşmüş on minlərlə füzulilinin həyatında dönüş günü oldu. Artıq onlar vətənlərində vətənsiz, qaçqın, köçkün, didərgin kimi hiss etmirlər, Böyük Qayıdışa hazırlaşırlar və bu gün qalib xalqın vətəndaşı olmağın qürurunu yaşayırlar.



Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff