booked.net

Prezident İlham Əliyev 2021-ci il 15 oktyabr tarixində keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında çıxış etdi


"Müharibə və münaqişə tarixdə qaldı. Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistanla sülh sazişinə dair danışıqlara başlamağa da hazırıq."
Prezident İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev neçə illər idi bu münaqişənin nizamlanmasının sülh yolu ilə həllinə çalışırdı. Amma təəssüflər olsun ki, erməni tərəfi beynəlxalq qanunlara məhəl qoymadan atəşkəs rejimini davamlı olaraq pozur, işğal etdikləri Azərbaycan torpaqlarından çıxmaq əvəzinə yeni ərazi iddaları ilə çıxış edərək işğalçılıq siyasətini davam etdirirdi.
Beynəlxalq təşkilatlaın ikili oyunları da xalqımızın bu bəladan xilasına heç bir ümid yeri qoymurdu. Münaqişənin həlli çıxılmaz dalana sürüklənirdi. Ərzilərimizin işğaldan azad edilməsi üçün hərbi-siyasi nizamlamadan başqa yol qalmırdı.
Prezident İlham Əliyev videokonfrans formatında keçirilən iclsadakı çıxışı postmünaqişə dövründə Azərbaycanda gedən proseslərin reallıqlarını və dövlətimizin mövqeyini Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçılarının diqqətinə çatdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ölkəmizin rəhbəri çıxışı zamanı bildirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin üçtərəfli Bəyanatı imzalandı. Bu Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu.
Təəssüflər olsun ki, Ermənistanın cinayətkar əməllərindən hələ də tam qurtulmamışıq. İndi azad edilmiş ərazilərin minalardan təmizlənməsi ölkəmizin qarşısında duran əsas problemlərdən biridir. Bu problem "Böyük Qayıdış"a mənfi təsir göstərən başlıca faktordur. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir.
Azərbaycan beynəlxalq hüquq və öhdəliklərə daim hörmətlə yanaşan, üzərinə düşən öhdəliklərə ciddi əməl edən dövlətdir. Prezident İlham Əliyev çıxışında bildirdi ki, ölkəmiz müharibə dövründə tutulub saxlanılmış bütün hərbi əsirləri Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə verməsindən daha əvvəl verib. Üçtərəfli Bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabrın axırlarında 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi. Azərbaycan hərbi qulluqçuları həmin qrupu tutaraq tərksilah etdi. Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz.
Azad edilmiş torpaqlarımızın hər qarışında erməni vəhşiliyinin, vandalizminin izləri var. Bu barbarlar torpaqlarımızın 30 illik işğalı dövründə demək olar ki, bütün binaları və tarixi abidələri yerlə bir ediblər. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi.
Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, Ermənistana və İrana satılıb. Qızıl yataqları və digər təbii ehtiyatlar qanunsuz istismar edilib. Transsərhəd Oxçuçay çayı bir Avropa şirkətinin iştirakı ilə sistematik olaraq çirkləndirilirdi, bu da artıq nüfuzlu beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş ekoloji fəlakətə gətirib çıxarıb.
Ölkə rəhbərinin MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağladığımızı deməsi, məhz dövlətimizin əlində olan faktlara əsaslanır. Biz Zəngilan rayonu ərazisində də narkotranzit üçün istifadə edildiyi ehtimal olunan tunel aşkarlamışıq. Bütün bunları vaxtında açıqlamamaqla İrana mehriban qonşuluq və dostluq jesti etdik. Ancaq İran bunu dəyərləndirmədi. İranın Qarabağdan çirkli pulları yumaq üçün platforma kimi istifadə etməsi, müharibə vaxtı Azərbaycan Ordusunu və texnikasını müasir radar sistemləri ilə izləyib, Ermənistan ordu qərargahına ötürməsi, Xudafərin ətrafında Ordumuzun irəliləyişini dayandırıb, bir gün vaxt itkisinə məruz qoyması, nəhayət, Bakıya qarşı hərbi ritorikası səbri daşıran faktlar oldu. İndi isə narkotrafik marşrutunun faş edilməsini biz İranın düşmənçilik siyasətinə cavab da hesab edə bilərik.
Prezident İlham Əliyev: "Müharibə və münaqişə tarixdə qaldı. Biz, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistan ilə sülh sazişinə dair danışıqlara başlamağa hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək."


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff