booked.net

Prezident İlham Əliyev dekabrın 14-də İspaniyanın “El Pais" qəzetinə müsahibə verdi


Dövlət başçısının “El Pais" qəzetinə müsahibəsi post müharibə dövründə bölgədəki vəziyyətin, həmçinin Azərbaycanın yaratdığı reallıqlar və bölgənin inkişafının perspektivlərinin ciddi təhlili dünya gündəmində oldu.

Ölkə rəhbəri "El Pais" qəzetinə müsahibəsində xüsusi qeyd edib ki, rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində Ermənistana vurduğu sarsıdıcı zərbə onların otuz ildir davam edən “yenilməz ordu” mifini məhv etdi. Düşmən tərəfini tamamilə darmadağın olmaqdan ötən il noyabrın 10-da acənacaqlı halda kapitulyasiya aktına imza atmaq xilas etdi. Ermənistan cəmiyyətində, siyasi spektrində görünən revanşizm əlamətləri olduqca faydasız və əhəmiyyətsizdir. Çünki "Dəmir yumruq" yerindədir.

Cari ilin may ayından Azərbaycan Ordusu sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza uyğun olaraq dövlət sərhədində mövqe tutub. Onların təhlükə yaradacaq hərbi hərəkətləri ordumuzun tam nəzarətindədir.

Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını qeyd edən dövlət başçısı ümid eydiyini bildirib ki, Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər.

Azərbaycan Prezidenti İlham Əliyev jurnalistin “Ermənistanla münasibətləri normallaşdırmaq üçün Siz sərhədləri açmağa hazırsınızmı və bunun baş verməsi üçün şərtlər nədir?” sualına cavabında deyib ki, danışıqların bir neçə mərhələsi nisbətən uğurlu olub: “İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var və biz Ermənistan sərhədi istiqamətində azad edilmiş ərazilərdə sökülmüş dəmir yolu xəttini tikməyə başlamışıq. Eyni zamanda, əvvəlki aylarda Ermənistan avtomobil yolunun açılmasına etiraz edirdi, lakin indi biz onları bunun qaçılmaz olduğuna inandıra bilmişik və onlar da bununla razılaşır.

Beləliklə, anlaşma var. İndi biz bu dəhlizlərin, Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimini müzakirə edirik. Burada bizim hələ də açıq qalan müəyyən məsələlərimiz var. Lakin hesab edirəm ki, hər iki ölkə bunun baş verməli olduğunu qəbul edir və yeri gəlmişkən, keçən ay Soçidə Prezident Putinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüş zamanı biz kommunikasiyaların açılmasından açıq şəkildə bəhs edən bəyannaməni qəbul etdik. Beləliklə, bu, baş verəcək. Yeri gəlmişkən, hava məkanı artıq aktivləşib. İndi Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvana uçan təyyarələri Ermənistan hava məkanından keçməyə başlayıb”.

Ölkəmizin rəhbəri "El Pais"ə verdiyi müsahibədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu yay regiona səfərin çox məhsuldar olduğunu konkret misalla müxbirin diqqətinə çatdırıb. Bildirib ki, hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılması ilə bağlı olan təşəbbüs də işləyir. Avropa Komissiyası Cənubi Qafqazda sabit mühit və gələcəkdə üç Cənub Qafqaz ölkəsi arasında qarşılıqlı əlaqənin üçtərəfli formatı üçünşərait yaratmağa istəkli və hazırlıqlı olduğunu açıq-aydın göstərir.

Dövlətimizin başçısı Rusiya və Avropa İttifaqı əsas beynəlxalq oyunçular olduğuna da diqqət çəkib. Bildirib ki, əgər onlar bu məsələni müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan liderləri ilə görüşmək üçün bir dəfə deyil, mütəmadi olaraq vaxt sərf edib səy göstərirlərsə, bu, o deməkdir ki, onların əsl istəyi kömək etməkdir və biz bunu qiymətləndiririk.

Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının rəhbərliyi ilə təmasların Soçidəki son görüşdən fərqi barədə sualını belə cavablandırıb: “Biz burada hər hansı rəqabət görmürük, baxmayaraq, bəziləri düşünə bilər ki, bu, bir növ rəqabətdir, qətiyyən belə deyil. Bizə gəlincə, görürük ki, bu səylər bir-birini tamamlayır, bu səylər sülh prosesini dəstəkləyə bilər. Mən onu da bilirəm ki, Prezident Putin və Prezident Mişel arasında təmaslar olub, onlar Azərbaycanla Ermənistan arasındakı münasibətlər də daxil olmaqla, bir çox məsələləri müzakirə ediblər. Düşünürəm ki, uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, təsisatların, ölkələrin bu səyləri çox müsbət nəticə verə bilər.”

Ölkə rəhbəri müsahibəsində 30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımından da söz açıb. "Bizim şəhər və kəndlərimiz yerlə-yeksan edilib. Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər" deyib. Jurnalistin diqqətini erməni vəhşiliyinin görkü olan faktlardan bəzilərini sadalayıb: "Azərbaycan üçün Ağdam mövcud deyil, Füzuli mövcud deyil, tamamilə yerlə-yeksan edilib. Ona görə də, təbiidir ki, Azərbaycanda çox sayda insanın, xüsusilə əzizlərini itirən, ərazilərini itirən insanların Ermənistana qarşı mənfi hissləri var."

Xatırldaq ki, işğal dövründə yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, o cümlədən Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri- Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.
44 günlük Vətən müharibəsində Azərbaycan haqq, ədaləti bərpa etdi, doğma torpaqlarımızı erməni işğalından azad edib, onların hərbi birləşmələrini darmadağın etdi.

"Azərbaycan XXI əsrin müharibəsini apardı və bu, beynəlxalq hərbi mütəxəssislərin ümumi dəyərləndirməsidir" deyən dövlət başçısı müxbirin "Ermənistanla müharibədə müasir silahların rolu ilə bağlı sualını cavablandırarkən Türkiyə və İsrail istehsalıolan kəşfiyyat dronları, kamikadze dronları və qırıcı dronların effektiv şəkildə Ordumuz tərəfindən istifadə olunduğunu bildirib.

Rəsmi İrəvanın hərbi cinayətlərinin hələ də davam edir. Bu isə yeni itkilərə səbəb olur. Ermənistanda hökm sürən hərbi xunta 30 il ərzində 6 istehkam xətti qurmuş və minlərlə mina basdırmışdır. Yalnız müharibədən sonra Azərbaycanın 200 nəfər vətəndaşı minaya düşərək həlak olub və ya yaralanıb.

"Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib" deyən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın sülh istəyini, müharibə arzulamadığını bir daha bəyan edib və qarşı tərəfin qalib ölkənin yaratdığı realllıqla barışmalı olduğunu qeyd edib.

Dövlət başçısı həmçinin bildirib ki, Ermənistan hökuməri sülh razılaşması üzərində işləməli və XXI əsrdə normal davranışa riayət etməlidirlər: “Biz istənilən halda qonşuyuq, heç birimiz başqa planetə köçməyəcəyik. Ona görə də, biz xalqlar arasında təmaslar da daxil olmaqla münasibətlərin normallaşması üçün yavaş-yavaş, addım-addım təməl hazırlayaraq yanaşı yaşamağı öyrənməliyik. Biz açıq şəkildə demişik ki, buna hazırıq. Lakin hələ ki, Ermənistan tərəfdən heç bir müsbət işarə almamışıq. Mənə elə gəlir ki, Ermənistanda daxili vəziyyət və bayaq qeyd etdiyim kimi, müharibədə məğlubiyyətlərindən sonra məyusluq və yumşaq desəm, narazılıq, şişirdilmiş gözləntilər, hərbi və siyasi potensiallarının qeyri-real qiymətləndirilməsi səbəbilə onların cəmiyyətində bir növ psixoloji travma yarandı.
Ona görə də, Ermənistan hökumətinin azərbaycanlılara qarşı nifrətin aşılanmasına əsaslanan ictimai rəyin arxasında dayanmaması və normallaşma prosesində öndə getməsi vacibdir. İctimai rəy formalaşdırılmalıdır. Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycanla əlaqələrin normallaşdırılması, Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq, düşmən qonşu deyil, normal qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasıdır".


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff