booked.net

“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalandı


Moskva Bəyannaməsinin imzalanmasının tarixi əhəmiyyəti olduqca böyükdür. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan-Rusiya münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini hərtərəfli nəzərdən keçirərək imzaladığı mühüm bir sənəddir. 43 bənddən ibarət müttəfiqlik haqqında Moskva Bəyannaməsi Rusiya-Azərbaycan və iki ölkənin xalqları arasında dostluq, mehriban qonşuluq, tarixi ənənələr, dərin mədəni, humanitar əlaqələrə əsaslanır.

Cənubi Qafqazın bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyan Azərbaycanın güclü potensiala əsaslanan inkişaf modeli var. Bu gün dövlətimiz müasir dövrün çağırışlarına uyğun öz milli maraqlarını qoruyaraq çoxşaxəli müstəqil xarici siyasət yürüdür.

Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Azərbaycan xarici siyasətində multilateralizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir. Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə nəhəng bir təşkilata sədrlik etməsi Azərbaycanın müstəqillik tarixində mühüm siyasi hadisələrdən biridir. Həmçinin 2019-2022-ci illərdə təşkilata sədrlik etmək kimi statusa malik olması da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından ölkəmizə mühüm dividendlər gətirir. Azərbaycan Qoşulmama Hərəkatına qlobal anlamda çox çətin bir dönəmdə sədrliyi öz üzərinə götürməsinə baxmayaraq, çox effektiv və konstruktiv sədrlik nümayiş etdirdi.

Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb. Prezident İlham Əliyev 2021-ci il noyabrın 20-də xalqa müraciətində Ermənistanı nəzərdə tutaraq deyib: “Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?”.

2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalayıblar. Sənəd hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib.

Azərbaycan türk dövlətləri ilə münasibətlərə mühüm önəm verir. 2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz nümunəsidir.

Azərbaycanın qonşu Gürcüstan və İranla münasibətləri yüksək səviyyədədir.

Çoxsahəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xətlə inkişaf edir. Cari ilin mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Azərbaycan Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsinin təşəbbüskarıdır. Cənub Qaz Dəhlizi təkcə Avropaya enerji marşrutu deyil, həm də enerji mənbələrinin şaxələndirilməsi layihəsidir.

NATO ilə əlaqələr uğurla inkişaf edir. 2021-ci il dekabr ayında Prezident İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb. Bu il fevralın 15-də Prezident İlham Əliyevlə telefon söhbəti zamanı Yens Stoltenberq Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.

Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir.

Azərbaycan-Rusiya münasibətlərinin dinamik inkişafı hər iki ölkə arasında strateji əməkdaşlıq əlaqələrinin yüksəllən xətt üzrə irəlilədiyini bildirir. “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” 3 iyul 1997-ci il tarixli Müqavilə, “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında” 3 iyul 2008-ci il tarixli Bəyannamə və “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında” 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanat fikirlərimizə sübutdur. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi tamam olur. Hazırda ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb. Eyni zamanda əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və 16 faiz artıb. Bu ildə də artım perspektivi var. Azərbaycan kənd-təsərrüfatı məhsullarının ixracı üçün Rusiya əsas bazarlardan biridir.

Rus dili münasibətlərimizin və gələcək əlaqələrimizin mühüm əsasıdır. Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox şagird təhsil alır. Azərbaycanda 15 mindən çox tələbə ali məktəblərdə rus dili bölmələrində oxuyur. Rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə, rus dilini bilmədən gələcək nəsillərin əlaqələrini nizamlamaq çox çətin olar.

Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Bəyannamənin 43 bəndi var və qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir. Bəyannamədə müəyyən olunmuş əməkdaşlığın əsas prinsipləri və strateji sahələri bunlardır: Qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq. Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik. Milli maraqların aliliyi; Beynəlxalq münasibətlərin qəbul olunmuş norma və qaydalarına riayət; Qarşılıqlı fəaliyyət; Qafqaz və Xəzər regionlarında sabitlik naminə əməkdaşlıq; Tərəflərin təhlükəsizlik maraqlarının qorunması; Məsləhətləşmələr mexanizminin yaradılması; Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması və Rusiya Federasiyasının vasitəçilik rolu; Uzunmüddətli sülh naminə əməkdaşlıq; Ölkələrin ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətin qarşısının alınması; Hərbi-texniki və siyasi əməkdaşlıq; Maliyyə institutlarının əməkdaşlığı; Tranzit-nəqliyyat fəaliyyətinin potensialının inkişafı; Atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlıq; İnformasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin inkişafı; Aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq; Səhiyyə sahəsində əməkdaşlıq; Parlamentlərarası əməkdaşlıq; Humanitar sahəsində əməkdaşlıq.

Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir.

İmzalanmış Bəyannamə Azərbaycanı daha da gücləndirir. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki bəyannamə bu məqsədə xidmət edir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, habelə yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi peşəkar diplomatiya, habelə siyasi iradə, güc və müvafiq bacarıqlarının təzahürüdür.

Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Bəyannamə, Rusiya ilə imzalanmış sənəd isə “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamədir. Türkiyə ilə imzalanmış sənəddə bir çox məsələlər Rusiya ilə imzalanmış sənəddə əksini tapmayıb. Şuşa bəyannaməsinə görə Azərbaycan və Türkiyə xarici siyasət məsələlərini koordinasiya edirlər, bir birinə yardım göstərirlər (hərbi yardım da daxil olmaqla). Rusiya ilə imzalanmış bəyannamədə bu cür müddəalar yoxdur.

Artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək.Rəsmi Bakı və ya rəsmi Moskva digər ölkələrlə münasibətlərində sərbəstdirlər və imzalanmış Bəyanat Ukrayna-Azərbaycan əlaqələrinə xələl gətirməyəcək.

Görüşün nəticələrinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş bəyanat verib. İki ölkə arasında 245 sənəd imzalanıb. Lakin 22 fevral tarixində imzalanmış Bəyannamə münasibətləri müttəfiqlik səviyyəsinə çıxarır. Azad olunmuş ərazilərin bərpasında Rusiya şirkətləri də iştirak edir.Bu günə qədər artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb. Bu sahə əməkdaşlığın yeni sahəsidir. O, həm praktiki baxımdan faydalı olacaq, həm də qarşılıqlı fəaliyyətimizin səviyyəsini artıracaq.

Azərbaycana müharibə lazım deyil. Ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə Azərbaycan hazırdır. Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işində böyük nailiyyətlər əldə olunacaqdır.

Bəzi maraqlı şəxslərin, siyasi qrupların Bəyannamənin mahiyyətini təhrif etməsi, onun Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı iddiaları tam yanlışdır. Bu kimi iddialar sənədin mahiyyətini dərk etməmək və yaxud qərəzli şəkildə onun haqqında yanlış rəy formalaşdırmaq cəhdinin nəticəsidir.

Regionda kommunikasiyaların açılması məsələsi də müzakirə olunur. Bu isə öz növbəsində 3+3” əməkdaşlıq platformasının iştirakçıları olan tərəflər ilk addımı atandan sonra əməkdaşlıq imkanları artacaqdır.

Azərbaycan ilə Ermənistan arasında müharibənin başa çatmasında və münaqişədən sonrakı dövrdə nizamlama səylərində Rusiyanın rolu böyükdür. Çünki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması yollarının axtarışında Rusiya bizim əsas tərəfdaşımızdır. Bunun üçün imkanlar var. Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Bu müqavilə öz aralarında münasibətləri tənzimləmək istəyən hər hansı ölkələr üçün zəruri olan sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və digər məsələləri də əhatə edəcək.

Azərbaycana müharibə lazım deyil. Ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə Azərbaycan hazırdır. Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işində böyük nailiyyətlər əldə olunacaqdır.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bütün bu nailiyyətlər ölkəmizin gələcək rifahı naminə atılacaq böyük addımlar üçün yol açacaqdır. Bu inkişaf və tərəqqinin müsbət nəticələri ölkəmizin bütün bölgələrinin daha da inkişafına, iqtisadi tərəqqisinə səbəb olacaqdır.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff