booked.net

Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra ötən bir il ərzində görülmüş işlər


“Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində keçirilmiş VII qurultayda YAP-ın Sədri, Prezident İlham Əliyevin proqram xarakterli çıxışı, vacib qərarların qəbul edilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması, təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə verilən, xalqımızın yüksək mənəvi dəyərlərindən, dünyagörüşündən qaynaqlanan, ölkəmizin siyasi münasibətlər sisteminin gələcəyinə yönəlmiş mesaj idi.

YAP ölkənin aparıcı avanqard siyasi təşkilatıdır və ictimai-siyasi proseslərdə əsas rol oynayır. Bu partiya yarandığı gündən ümummilli lider Heydər Əliyevin parlaq ideyalarına sadiq qalaraq respublikamızda vətəndaş cəmiyyətinin yaradılması, siyasi və iqtisadi sabitliyin təmin olunması, iqtisadiyyatın sürətli inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi, demokratik islahatların davam etdirilməsi işinə mühüm töhfələr vermişdir.

Dövlət başçısı Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxışı zamanı ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Bu mənada YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilməlidir.

Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Müsbət dəyişikliklərin əldə olunmasında Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı.

1992-ci il noyabrın 21-də Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı, ulu öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdi. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyev dühası ilə bağlı idi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.

Ulu öndərin siyasi iradəsi və peşəkarlığı müstəqilliyin qorunması və dönməzliyini təmin etmişdir. Ümummilli liderin müstəqilliklə bağlı qətiyyətli addımları bir çox təhdidlərin qarşısını almışdır.Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı.

O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev qısa müddət ərzində vəziyyəti sabitləşdirdi.
90-cı illərin əvvəlində yaşanmış hərbi məğlubiyyət və daxili böhran suverenliyin gələcəyini sual altına qoymuşdur. Ölkə daxilində gedən xoşagəlməz proseslər siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə yeni təhdidləri yaratmışdır. Ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması - gənc müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsini təşkil edirdi. Müstəqilliyimizin ilk illərində torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı öz doğma torpaqlarından qovulmuşdu.

İlham Əliyev:"Biz hazırlıq dövründə, əlbəttə ki, beynəlxalq vəziyyəti də öz xeyrimizə çevirməli idik. Çünki 1990-cı illərdə bilmirəm nədənsə, yəqin ki, bu da 1990-cı illərin əvvəlindən Xalq Cəbhəsi-Müsavat dövründən gələn bir fəsaddır, çünki onlar bir il ərzində demək olar ki, bütün ölkələrlə münasibətləri yerə vurdular. Bəzi ölkələrə qarşı iddialar irəli sürdülər, bizi bəzi qonşularımızla düşmən etdilər. Onlar idi günahkar, bunu biz açıq bilirik, onlar idi günahkar."

İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Azərbaycan hökuməti tərəfindən aparılan effektiv enerji və nəqliyyat siyasəti, habelə humanitar layihələr regionun inkişafına xidmət edir və tərəfdaş ölkələrin sayını durmadan artırır. Ermənistandan fərqli olaraq, Azərbaycana heç kim kömək etmirdi və bütün nailiyyətləri ölkəmiz daxili imkanlar hesabına əldə edib. Ölkəmizə gələn investisiyalar dayanmadan artır.

2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmşdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasınınzəruriliyini müəyyən etmişdir.

Partiyanın VII qurultayında qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində yeni inkişaf mərhələsinin başlandığını göstərir və keyfiyyətcə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. VII qurultayda YAP-ın yeni, masir dövrün tələblərinə və çağrışlarına cavab verən Nizamnaməsi təsdiq olunub. Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilib. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilib, həmçinin partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilib. VII qurultayda İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilib, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilib. Qurultayda Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olunub.

Milli maraqların qorunması Yeni Azərbaycan Partiyasının fəaliyyət strategiyasının mütləq prioritetidir. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Prezident seçkilərindən sonra ölkə başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Verdiyi vədlərə sadiq qalan Azərbaycan iqtidarı bütün islahatları ardıcıllıqla icra edir. Ölkədə reallaşan siyasi dialoq YAP-ın prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin dialoq siyasəti YAP-ın fəaliyyətində öz inkişafını tapır. Bu gün Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlərin qurulması YAP-ın yerli təşkilatlarının fəaliyyət istiqamətlərindən biridir.

Özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ulu Öndərə böyük inam və etimad göstərən Azərbaycan gəncliyi tezliklə dövlətin və Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdi. Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayında videoformatda çıxışında demişdir: "Gənc nəsil yetişdi, Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Mən demişəm ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər."

Ölkədə reallaşan siyasi dialoq YAP-ın prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır.

Yeni Azərbaycan Partiyasının VII qurultayında müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsi və demokratik dəyərlərə, milli maraqlara əsaslanan, habelə müasir yanaşma və metodları özündə ehtiva edən yeni Proqramı qəbul olunmuşdu. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub: Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı kimi olduca mühüm istiqamətlər əhatə olunub.

Cənab Prezident İlham Əliyevin sistemli və çoxşaxəli inzibati-siyasi islahatlarının nəticəsində sağlam iqtidar-müxalifət dialoqunun, yeni siyasi konfiqurasiyanın qurulduğu günün reallığıdır. Məhz ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə 9 sentyabr tarixində keçirilən görüş bu reallığın bariz nümunəsidir. Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, iqtidar-müxalifət dialoqu nəticəsində cəmiyyətdə yeni yanaşma müşahidə olunmaqdadır. Beləki, siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edilməsi məqsədilə siyasi partiya liderləri müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında çıxış etmək üçün dəvət olunurlar. Təbii ki, bu zaman yeni-yeni təkliflər ortaya çıxa bilir ki, nəticə etibarı ilə ümumi işin xeyrinə, milli maraqların qorunmasına hesablanmış olur. Məhz bu baxımdan da, heç şübhəsiz ki, belə görüşlərin bundan sonra da mütəmadi keçiriləcəyi gözləniləndir və təqdirəlayiqdir.

Partiyanın daha təkmil idarəetmə forması müəyyən olunmuşdur. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır.

Partiyanın fəaliyyətinə müsbət təsir etmiş önəmli dəyişikliklərdən danışarkən qeyd etməliyik ki, qurultaydan sonra Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş, Gənclər Birliyinin say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavinləri seçilmişdir. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir.

2021-ci il sentyabr 10-da və 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişdir. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunmuşdur. Sədrlərin orta yaş həddi 59-dan 50-yə enmişdir. Həmçinin, “Yeni Azərbaycan” qəzetinin yeni baş redaktoru təyin edilmişdir.

YAP-ın bütün sahələrində əsl peşəkarlıq, inamlı dövlətçilik, sadiq vətənpərvərlik öz təzahürlərini getdikcə genişləndirməkdədir. Bunlardan biri də YAP-ın beynəlxalq əlaqələrinin yeni vüsət alması, möhkəmləndirilməsi, ölkəmizin xarici siyasətinin uğurlu davamı kimi qeyd olunmalıdır. Azərbaycanın və Türkiyə Cümhuriyyətinin iqtidar partiyaları arasında uzun illər davam edən, gündən-günə çiçəklənən, yeni-yeni mərhələlərə qədəm qoyan dostluq və qardaşlıq təmayülləri öz bəhrəsini verməkdədir. Yeni Azərbaycan Partiyasının və Türkiyənin hakim Ədalət və və İnkişaf Partiyası arasında uğurla davam edən birgə təşkilatçılıq tədbirləri hər iki təşkilatın liderləri arasında sarsılmaz qardaşlıq, dostluq münasibətləri getdikcə dinamik şəkildə inkişaf edir.

2021-ci il 29 noyabr – 01 dekabr tarixlərində YAP nümayəndə heyəti Qazaxıstanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunan tədbirdə iştirak etmişdir. Bundan əlavə, YAP-ın Rusiya, Özbəkistan, Tacikistan, Yaponiya, Vyetnam, Laos və Kambocanın da hakim partiyaları ilə əlaqələri mövcuddur. YAP Asiya regionunda 350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir, həmçinin, dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) müşahidəçi üzvü olaraq fəaliyyətini davam etdirir.

YAP-ın sədri, Prezident İlham Əliyevin demokratik dəyərlərə və milli maraqlara əsaslanan, həm də müasir yanaşma və metodları özündə bütün dərin məzmunu, intellekti ilə əks etdirən YAP-ın VII Qurultayında qəbul etdiyi 5 fəsildən ibarət olan Yeni Proqramda “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı fəsillər vəHeydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət, Demokratik ənənələrin inkişafı, Peşəkarlıq, İşgüzar münasibətlər, Şəxsi inkişaf, Sağlam rəqabət, Etik davranış və milli dəyərlər, İnnovativ inkişaf və kreativlik, Elmilik, Müasirlik, Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi hissələr öz əksini tapıb.

YAP-ın yeni Proqramında partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub: Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı.

Proqrama əsasən YAP-da partiyadaxili münasibətləri səciyyələndirən əsas meyarlar: Peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmilik, müasirlik.

Effektiv nəticələrin əldə olunması naminə Proqramda YAP fəaliyyətinin növbəti strateji hədəfləri müəyyən edilib: Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış. Siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə edən YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə xidmət edir.

Ölkəmizin inkişafına, çağdaş cəmiyyətimizin tərəqqisinə xidmət edən YAP-ın əsas mövqeyi və ümdə hədəfləri ulu öndər Heydər Əliyev zəngin, bəşəri, siyasi irsinin təbliği və təşviqi, habelə güclü iqtisadiyyat, davamlı inkişaf, inkluziv, müasir cəmiyyət, ən əsası isə ədalətli sosial təminatdır. Ona görə də YAP insan kapitalının inkişafını, şəffaflığın artırılması və qorunması sahəsində vətəndaş cəmiyyətinin inkişafını fəaliyyətinin ümdə hədəfləri kimi qəbul edərək inkişaf etdirir. YAP-ın sədri, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və başçılığı ilə ölkəmizin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində Azərbaycanın nüfuzunun daha da artırılması, həmçinin ölkəmizin vətəndaşlarının rifah halının daha da yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılması partiyamızın fəaliyyətinin ana xəttini təşkil edir.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff